Rayon haqqında
Millət vəkilləri
Cavanşir Hümmət oğlu Paşazadə -1953- cü il aprelin 12-də Lənkəran rayonu, Cil kəndində anadan olmuşdur. 1971-ci ildə Separadi kənd orta məktəbini bitirdikdən sonra Özbəkistanda Buxara İnşaat Texnikumuna daxil olmuşdur. Bir il sonra hərbi xidmətə çağrılmışdır. 1974-cü ildə hərbi xidmətini başa vuraraq, təhsilini davam etdirmişdir. 1992-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasını bitirmişdir.
Əmək fəaliyyətinə “Lənkəransutikinti” trestində mühəndis-texnik işləməklə başlamışdır (1976). Bir il sonra keyfiyyət üzrə nəzarətçi vəzifəsinə irəli çəkilmişdir.
Azərbaycan SSR Meliorasiya və Su Təsərrüfatı Nazirliyinin Lənkəran İstehsalat Birliyində suvarma üzrə istehsalat ustası, sahə rəisi (1979-1985), Azərbaycan SSR Səhiyyə Nazirliyinin Tikinti-Təmir Trestində əmtəəşünas, tikinti ustası, mühəndis (1985-1987), Neft məhsulları təchizatı bazasında aparıcı mütəxəssis (1987-1991), Lənkəran mexanikləşdirilmiş dəstəsində iqtisadiyyat üzrə direktorun birinci müavini (1991-1992), Lənkəran 3 nömrəli çay fabrikinin direktoru (1992-1998), Qızılağac Dövlət qoruğunun direktoru (1998-2005) işləmişdir. Texnik-mühəndis, aqronom, ictimai xadim, 2005-ci,2010-cu və 2020-ci illərdə 75 saylı Lənkəran – Masallı seçki dairəsindən, 2024-cü ildə 76 saylı Lənkəran - Masallı seçki dairəsindən Azərbaycan Respublikasının Milli Məclisinə millət vəkili seçilmişdir. Milli Məclisin Aqrar siyasət komitəsinin, İctimai birliklər və dini qurumlar komitəsinin üzvüdür.
Özbək,Tacik,Rus,Fars dillərini bilir.Evlidir,3 övladı var.
***
Anar Camal oğlu İsgəndərov - 1956-cı ildə Masallı rayonunun Kolatan kəndində anadan olmuşdur. Azərbaycan tarixçisi, tarix elmləri doktoru, professor, Milli Məclisin VI və VII çağırış deputatı, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, BDU-nun "Mənbəşünaslıq, tarixşünaslıq və metodika" kafedrasının müdiri, “YAŞAT fondu” Himayəçilik Şurasının üzvüdür.
1973–1978-ci illərdə BDU-nun Tarix fakültəsində təhsil almışdır. 1984-cü ildən BDU-nun "Mənbəşünaslıq, tarixşünaslıq və metodika" kafedrasında çalışır və 1999-cu ildən sözügedən kafedranın müdiridir.
1989-cu ildə namizədlik, 2004-cü ildə doktorluq dissertasiyası müdafiə etmişdir. "Azərbaycan tarixinin tarixşünaslığı", "Azərbaycan tarixinin mənbəşünaslığı", "Tarix elminin aktual problemləri", "Tarixi tədqiqatların metodoloji problemləri" fənləri üzrə mühazirə və seminar məşğələləri aparır. 20 monoqrafiya, 8 dərs vəsaiti və 350-dən çox elmi məqalənin müəllifidir.
- İsgəndərov Vətən tarixşünaslığında ilk dəfə olaraq 1917–1920-ci illərdə türk-müsəlman əhalisinə qarşı həyata keçirilən soyqırımın tarixşünaslığını tədqiq edərək Azərbaycan ictimaiyyətinə çatdırmışdır.
- İsgəndərov 2011-ci ildən hal-hazıra kimi Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tarix və siyasi elmlər üzrə Ekspert Şurasının sədri kimi fəaliyyət göstərir.
2011-ci ildə Castin Makkartinin ön sözü ilə ABŞ-də nəşr olunmuş "Realites of Azerbaijan: 1917–1920" əsəri ilə ABŞ konqresi kitabxanasına daxil edilən ilk azərbaycanlı müəllifdir.
- 2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncami ilə “Tərəqqi” medalı ilə təltif olunub.
- 2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Azərbaycan Xalq Cümhuriyyəti dövrünün tədqiqində xidmətlərinə görə" 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
- 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918- 2018) yubiley medalı ilə təltif edilib.
- 2019-cu ildə Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu və “Bakı Dövlət Universitetinin 100 illiyi” medalı ilə təltif edilib.
2020-ci ildə 71 saylı Masallı qəsəbə seçki dairəsindən, 2024-cü ildə 78 saylı Lənkəran kənd seçki dairəsindən Azərbaycan Respublikasının Milli Məclisinə millət vəkili seçilmişdir. Milli Məclisin Elm və təhsil komitəsinin sədridir.
Rus, türk və fransız dillərini bilir.
Ailəlidir, 2 övladı var.
***
İsmayılzadə Fariz Akif oğlu - 1978-ci il 2 sentyabr tarixində Bakı şəhərində anadan olmuşdur. 1985-1995-ci illər ərzində Lənkəran şəhər 4 nömrəli orta məktəbdə təhsil almış və məktəbi qızıl medal ilə bitirmişdir. 2000-ci ildə Qərb Universitetini fərqlənmə diplomu ilə bitirmişdir. 2002-ci ildə ABŞ, Sent-Luis-də yerləşən Vaşinqton Universitetinin sosial-iqtisadi inkişaf ixtisası üzrə magistr dərəcəsini qazanmışdır.
Əmək fəaliyyətinə 2002-ci ildən başlamış, 2002-2005-ci illərdə müxtəlif beynəlxalq təşkilatlarda layihə koordinatoru vəzifəsində çalışmış, 2006-ci ildən etibarən Azərbaycan Diplomatik Akademiyasında dekan və təlim proqramları üzrə direktor, 2011-ci ildə ADA Universitetində prorektor vəzifəsinə təyin olunmuşdur.
2015-ci ildə Azərbaycan Respublikası gənclərin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı çərçivəsində İspaniyanın Madrid şəhərində yerləşən İE Biznes Məktəbində Ekzekyutiv MBA dərəcəsi almışdır.
2017-2021-ci illər ərzində Niderlandın Maastrixt şəhərində yerləşən Maastrixt Menecment Məktəbində doktorantura pilləsində təhsil almış və 2021-ci ildə doktorantura pilləsini bitirmişdir.
2009-cu ildə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 90 illik yubiley medalı ilə təltif olunmuşdur.
2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının üzvü təyin olunmuşdur.
2019-cu ildə Azərbaycan Respublikasının diplomatik xidmət orqanları əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən “Tərəqqi” medalı ilə təltif olunmuşdur. 2019-cu ildə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illik yubiley medalı ilə təltif olunmuşdur.
2024-cü ildə 77 saylı Lənkəran şəhər seçki dairəsindən Azərbaycan Respublikasının Milli Məclisinə millət vəkili seçilmişdir, Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavinidir, Azərbaycan-Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridir.
İngilis, rus və ispan dillərini bilir.
Ailəlidir, 2 övladı var.