Rayon haqqında
Mədəniyyət
Lənkəranda olan mədəni-maarif müəssisələri Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin tabeçiliyində fəaliyyət göstərirlər. Hazırda Lənkəranda 1 Heydər Əliyev Mərkəzi, 2 muzey (Tarix-diyarşünaslıq muzeyi, H.Aslanovun ev muzeyi), 1 Mərkəzi kitabxana 66 kitabxana filialı, Q.Vəliyev adına şəhər mədəniyyə mərkəzi və onun filialı kimi qəbul olunan 49 klub müəssisəsi, 2 uşaq musiqi,1 uşaq rəssamlıq məktəbi,1 Dövlət Rəsm Qalereyası fəaliyyət göstərir. Lənkəran N.B.Vəzrirov adına Lənkəran Dövlət Dram Teatrı fəaliyyət göstərir. Dram teatr Regional İdarənin şəbəkəsinə daxil deyil. Dram teatrı birbaşa Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə tabedir. Rayonun ərazisində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 132 nömrəli Qərarına əsasən 21 ölkə əhəmiyyətli arxeoloji, 53 yerli əhəmiyyətli memarlıq, 2 monumental, 2 daş-heykəltaraşlıq və 9 yerli əhəmiyyətli arxeoloji abidə qeydiyyata alınmış və dövlət mühafizəsinə götürülmüşdür. Onların içərisində Dairəvi Qala, Sığon daş qutu nekropolu, Həzi Aslanovun ev-muzeyi, Böyük və Kiçik bazarda olan məscidlər, Mir Əhməd xanın evi (Tarix-Diyarşünaslıq Muzeyi), Şeyx Zahid və Seyid Xəlifə türbələri turistlərin diqqətini daha çox cəlb edir. Mədəniyyət müəssisələrində əlamətdar və tarixi günlər, dövlət bayramları qeyd olunur, yazıçı və şairlərin yubileyləri, əyləncəli şoular, ədəbi-bədii gecələr, disputlar, müharibə veteranları ilə görüşlər, musiqi kollektivlərinin iştirakı ilə konsertlər, teatrlaşdırılmış mədəni-kütləvi tədbirlər keçirilir.
Lənkəran Tarix-Diyarşünaslıq Muzeyi
Lənkəran Tarix-Diyarşünaslıq Muzeyi 3 mərtəbədən, 12 otaqdan ibarətdir. Muzey hazırda tarixi abidə olan və 1913-cü ildə inşa edilmiş Mir Əhməd Xanın evində yerləşir. 1991-ci ildən Xan evi Lənkəran Tarix-Diyarşünaslıq Muzeyi kimi fəaliyyətə başlayıb. Muzeydə Lənkəranın qədim tarixini, mədəniyyətini, milli-mənəvi dəyərlərini və bu gününü əks etdirən eksponatlar nümayiş etdirilir. Əsas fondda 8000 çox eksponat vardır. Muzeyin ekspozisiyası isə altı bölmədən ibarətdir: təbiət, qədim dövr, orta əsrlər tarixi, yeni dövr, ən yeni dövr (1917-1945-ci illər), müasir dövr (1945-ci ildən hazırkı dövrə qədər). Bütün bölmələrdə nümayiş olunan eksponatlar öz dövrlərini əks etdirir. Eksponatlar xronoloji qaydada yığılmışdır. Burada etnoqrafiya, arxeologiya, xalq tətbiqi sənəti, numizmatikanı əks etdirən nümunələr və Lənkəranın görkəmli şəxsiyyətlərinin şəxsi sənədləri və digər eksponatlar göstərilir. Tarixi binanın əsaslı təmirinə 2013-cü ilin sentyabrından başlanılmışdır. Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən yenidənqurma və bərpa işləri aparılmış və 2015-ci ilin aprel ayında başa çatdırılmışdır. 2015-ci ilin aprel ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev muzeyin yenidənqurma və bərpa işlərindən sonra yaradılan şəraitlə tanış olmuşdur.
Uşaq musiqi məktəbləri
C.Cabbarlı adına Lənkəran şəhər 1 saylı uşaq musiqi məktəbi
Lənkəran şəhər C.Cabbarlı adına 1 saylı müsiqi məktəbi 1957-ci ildən fəaliyyət göstərir. Bu illər ərzində məktəbi 5 mindən artıq şagird bitirmişdir. Məktəbdə fortepiano, qanun, tar, kamança, balaban, qarmon, nağara, xanəndəlik və skripka sinifləri üzrə 375 nəfər şagird oxuyur və burada 92 müəllim işləyir. Məktəbdə ilk dəfə olaraq uşaq folklor kollektivi yaradılmış və onun açılışında Respublikanın xalq artisti Bəhram Mansurov iştirak etmişdir. Məktəb C.Cabbarlı adını daşıyır. Məktəbin qabağında onun tunc büstü qoyulmuşdur. Burada Bülbülün 100 illiyinə onun baralyefi hazırlanmışdır. Məktəbdə xalq çalğı alətləri orkestri, skripka çalanlar ansamblı, kaman ansamblı,xanəndəlik ansamblı, folklor kollektivi və üçlüklər vardır.
Həqiqət Rzayeva adına Lənkəran şəhər 2 saylı uşaq musiqi məktəbi
Həqiqət Rzayeva adına Lənkəran şəhər musiqi məktəbi 1977-ci ildən fəaliyyət göstərir. Məktəbdə 229 şagird təhsil alır, 37 müəllim çalışır. Məktəbdə fortepiano, tar, kamança, qarmon və xanəndəlik ixtisasları üzrə dərslər keçirilir. Məktəbin şagirdləri respublikada, o cümlədən rayonda keçirilən bütün mədəni-kütləvi tədbirlərdə fəal iştirak edir, nümunəvi çıxışları ilə tamaşaçıların rəğbətini qazanırlar. Məktəbdə tez-tez Azərbaycan, Avropa və dünya klassik bəstəkarların həyat və yaradıcılığına həsr olunmuş müsiqili-bədii gecələr keçirilir. 2008-2011-ci illərdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil olunan uşaq xor kollektivlərinin müsabiqələrində hər iki məktəbin uşaq xor kollektivi qabaqcıl yerləri qazanmışlar və nazirlik tərəfindən fəxri fərman və diplomlarla təltif olunmuşlar.
Uşaq Rəssamlıq məktəbi
Lənkəran Uşaq rəssamlıq məktəbi 1982-ci ildən fəaliyyət göstərir. Məktəbdə indiyədək 680-ə yaxın şagird təhsil alıb. Hal-hazırda məktəbdə 64 şagird təhsil alır. Məktəbin 6 müəllimi var. Müəllimələrdən İbrahimov Xəzər (direktor) Bəşirova Şeyda, Miriyeva Şəms, Talışınskaya Günay və Sadıxov Tərlan ali təhsilli ixtisaslı müəllimlərdir. Məktəbin şagirdləri müxtəlif beynəlxalq sərgilərdə və respublikada keçirilən rəsm müsabiqələrində iştirak etmişlər. Rəssamlıq məktəbi beynəlxalq və respublika sərgilərində dəfələrlə diplomlara və medallara layiq gorülmüşdür. Lənkəran şəhər Uşaq Rəssamlıq Məktəbinin şagirdlərinin əl işləri Misir, Yaponiya, Çin, Çexiya, Polşa, Qırğızıstan, Özbəkistan, İspaniya, Ruminya, Yunanıstan, Rusiya, Turkiyə və başqa ölkələrdə nümayiş etdirilmişdir.
Lənkəran Dövlət Rəsm qalereyası
Lənkəran Dövlət Rəsm Qalereyası 1982-ci ildən fəaliyyət göstərir. Qalereyada il ərzində 10-12 sərgi təşkil edilir. Sənət adamları ilə görüşlər keçirilir və tanınmış rəssamların sərgiləri nümayiş olunur. Qalereyada rəssamların sərgiləri ilə yanaşı uşaq yaradıcılığına da xüsusi yer verilir. Qalareya Lənkəranda yaşayan xalq sənətkarları ilə sıx əməkdaşlıq edir,onların əl işlərindən ibarət sərgilər təşkil edir. Xalq sənətkarlarının və həvəskar rəssamların, həmçinin peşəkar rəssamların işləri təkcə Lənkəranda deyil Bakıda və ölkəmizdən kənarda- Gürcüstanda, Özbəkistanda, Moskvada, Sank-Peterburqda, Ukraynanın müxtəlif şəhərlərində nümayiş etdirilmişdir. Qalereyada digər ölkələrdən, Gürcüstandan, Türkmənistandan, Özbəkistandan, Tacikistandan, Ukraynadan, Moskvadan və Azərbaycanın digər rayonlarından və şəhərlərindən gətirilmiş həm yaşlı, həm də uşaq işlərindən ibarət sərgilər keçirilmişdir. 1982-ci ildə may ayında ilk dəfə olaraq Lənkəran rəssamlarının, dekorativ tətbiqi sənət ustalarının işlərindən ibarət sərgi təşkil edilmişdir. Bundan başqa Lənkəranda ilk dəfə Uşaq yaradıcılıq sərgisi, Azərbaycan Xalq rəssamı Maral Rəhmanzadənin və Hüseyn Əliyevin «Lənkəran lövhələri» adlı yaradıcılıq sərgisi numayiş olunmuşdur. 1984-cü ildə Amerika rəssamı Elton Faksin qrafika uslubunda işlənmiş əsərlərindən ibarət sərgisi, SSRİ Xalq rəssamı xalçaçı rəssam Lətif Kərimovun qiymətli xalçalar və xalça eskizləri ilə zəngin olan sərgisi, 1985-ci il avqust ayında SSRİ xalq rəssamı Mixayil Bereyskinin fərdi yaradıcılıq sərgisi nümayiş olunmuşdur.
H.Aslanovun ev muzeyi
Iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun ev muzeyi 1969-cu il 9 May - Qələbə günü açılmışdır. Muzeyin ilk direktoru H.Aslanovun həyat yoldaşı Xavər Aslanova olmuşdur. 1983-cü ildə muzeyin ekspozisiyası genişləndirilmiş və yenidən qurulmuşdur. Ekspozisiya beş otaqdan ibarətdir. Bu otaqlarda igid sərkərdənin həyatına və döyüş yoluna aid qiymətli və maraqlı eksponatlar nümayiş olunur. 2010-cu ildə muzey tam təmir bərpa olunmuşdur. Muzey 5 bölmə və otaqdan ibarətdir.
1-ci otaq - Etnoqrafik otaq- qəhrəmanın doğulub boya-başa çatdığı mühiti əks etdirir. Bu otaqda olan əşyalar H.Aslanovun anasının işlətdiyi ev əşyalarıdır. Bunları qəhrəmanın bacısı Asiya Aslanova muzeyə hədiyyə vermişdir.
2-ci otaq - Təhsil illəri və hərbi fəaliyyətə başladığı illər- Bu otaq Həzi Aslanovun Bakı və Leninqrad Sankt-Peterburq hərbi məktəblərində təhsil aldığı illərə və ağ finlərlə döyüş illərinə həsr olunmuşdur.
3-cü otaq - Moskva və Stalinqrad uğrunda döyüşlərə həsr olunmuş otaq - Moskva və Stalinqrad uğrunda (1941-1943) gedən döyüşlərə həsr olunmuşdur. Bu otaqda qəhrəmanın şəxsi əşyaları nümayiş olunur.
4-cü otaq - Pribaltika və Belorusiya - (1944-1945) uğrunda gedən vuruşmalara həsr olunmuşdur.
Xatirə zalı- Xatirə zalında ev-muzeyə verilən müxtəlif hədiyyələr, qəhrəmanın həlak olduğu gün əynində olan döyüş paltarları, xatirə əşyaları, albom və kitabları qorunur.
Türkiyə, Rusiya, Belarusiya, Latviya, Litva, ABŞ, Norveç, Kanada, Cənubi Koreya, Fransa, Almaniya və başqa yerlərdən gələn qonaqlar öz ürək sözlərini xatirə kitablarına yazmışlar. 1973-cü ildə Həzi Aslanovun korpus komandiri ev-muzeyində olmuşdur. 1978-ci ildə H.Aslanovun igid tankçıları ev muzeyinə gələrək öz ürək sözlərini xatirə kitabına yazmışlar.
Lənkəran Mərkəzləşdirilmiş Kitabxana Sistemi
Mərkəzləşdirilmiş kitabxana sistemi 1979-cu ildən fəaliyyət göstərir. Hal hazırda MKS-də 1 Mərkəzi kitabxana və 66 kitabxana filialı fəaliyyət göstərir. Kitabxana hər il yeni kitablar hesabına kitab fondlarını komplektləşdirir. Mərkəzi kitabxana və kitabxana filiallarında hal hazırda 205 nəfər kitabxana işçisi çalışır. 2012-ci ildən başlayaraq Mərkəzi kitabxanada AKIS-in (Elektron Kitabxana İnformasiya sistemi) tətbiqinə başlanılmışdır.
Q.Vəliyev adına şəhər mədəniyyət mərkəzi
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən pilot layihə çərçivəsində 2012-ci ildə Q.Vəliyev adına şəhər mədəniyyət evinin bazasında Q.Vəliyev adına şəhər mədəniyyət mərkəzi yaradılmışdır. Bununla bağlı olaraq rayonda fəaliyyət göstərən bütün klub müəssisələri mərkəzləşdirilərək mədəniyyət mərkəzinin filialları kimi qəbul olunmuşlar. Klub müəssisələrin qeyri-maddi mədəni irs sahəsi üzrə yeni profilləri müəyyənləşdirilmişdir. Hazırda Lənkəran Mədəniyyət Mərkəzinin filial kimi 49 klub fəaliyyət göstərir.
Mayak, Dairəvi Qala (Zindan)
Mayak
Lənkəran mayakının 1747-1786-cı illərdə tikilməsi ehtimal olunur. O zamanlar mayak və həbsxana deyilən binalar bir kompleks kimi fəaliyyət göstərirdi. Hər iki binanın arasında gizli yol mövcuddur. Mayakın bünövrəsində xüsusi quyu vardır, deyilənə görə quyudan keçmiş həbsxana binasına kanalla, tuneləbənzər yeraltı yol olmuşdur. Bu yol ilə gəmi ilə gətirilən dustaqlar Mayakdan zindana aparılırdı. Bu yolla iki nəfər yan-yana ayaq üstə sərbəst yeriyə bilərmiş. Kanalın yan divarlarında hər iki metrdən bir ayrıca rəflərdə şam yandırmaq üçün şamdan əvəzi saxsı nəlbəkilər qoyulmuşdur. Hər iki binanın hər mərtəbəsində 7 dairəvi otaq vardır və bu bir daha sübut edir ki, hər iki bina eyni məqsəd ilə inşa edilmişdir.
1869-cu ildə həbsxana ləğv edilərək şəhər idarəsinin sərəncamına verilmişdir. Şəhər idarəsi Mayakın yuxarı hissəsinə minarə və işıqlandırıcı fanar qoymaq üçün əlavə olaraq uyğun qurğu qoydurmuş və onu Kaspi Flotilyasının hidroqrafik xidmətinə vermişdir. Mayak Lənkəran şəhərinin şimal-şərq hissəsində 38 dərəcə 46 dəqiqə şərq uzunluğu ilə 48 dərəcə 51 dəqiqə şimal enliyinin kəsişdiyi nöqtədə yerləşir. Mayakın hündürlüyü fanarın qurğusuna kimi 30,5 m, fanar ilə birlikdə 33,4 m-dir. Mayakın divarlarının qalınlığı 2 metrdir.
Mayak 1957-ci ildə yeniləşdirilərək, enli dairəsinin üstü dəmirlə örtülmüşdür. 1969-cu ildə Mayakın xidmətinin 100 illiyi qeyd edilmiş və onun qapısı üzərində aşağıdakı yazısı olan tunc lövhə vurulmuşdur. "Lenkoranskomu Mayaku stoletnıy yubiley. Qidroqrafiçeskoqo Upravleniya Ministerstva SSSR". Lakin ikinci bina (Zindan) uzun müddət həbsxana kimi istifadə edilmişdir. 2002-cü ilin əvvəllərində Mayakın divarlarına suvaq çəkilmişdir.
Dairəvi qala (zindan)
Şəhərin cənubunda Mayakın oxşarı olan ikinci bina Zindan Sütəmurdov kəndi ilə Lənkəran körpüsünün yanında yerləşir. Bu abidənin təxminən 1747-1786-cı illərdə Mayakla eyni vaxtda tikilməsi ehtimal olunur. Bina qırmızı kərpicdəndir. Ölçüsü 20 x 22 sm-dir. Eyni kərpiclərdən Bəlləbur qalasının tikintisində istifadə olunmuşdur. Tikinti forması Mayakın enli dairəsinə oxşardır. Hər iki binanın arasında gizli yol mövcuddur. Dustaqları mayakdan yeraltı yolla Zindana gətirirmişlər. Bu yolla iki nəfər yan-yana ayaq üstə sərbəst yeriyə bilirmiş. Zindandan uzun müddət - 1970-ci ilə kimi həbsxana kimi istifadə olunmuşdur. 1970-ci ildən istifadəsiz qalmışdır. Azərbaycan Respublikasının Regionlarının Sosial-İqtisadi inkişafı planına əsasən 2006-cı ildə bu abidədə təmir-bərpa işləri aparılmışdır. Hazırda bu tikili tarixi abidə kimi qorunur. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin göstərişi ilə konservasiya işləri aparılmış və abidənin original formasının qorunması şərti ilə yenidən bərpa olunması üzrə restavrasiyaya hazırlanır.
Bəlləbur qalası
Bəlləbur qalası orta əsr memarlığının nümunəsidir. Abidənin sorağı VIII-IX əsrlərdən gəlir. Qalanın qalıqları Lənkəran şəhərindən 9 km aralı Bəlləbur kəndi yaxınlığında yerləşir. Uca dağlar qoynunda salınmış bu qala təqribən bir hektar sahəni əhatə edir. Hündürlüyü 4-5 metr, eni 2 metr olan qala divarları kvadrat formada olan (22 x 22 x 6 sm) qırmızı kərpicdən və çay daşından hörülmüşdür. Hər tərəfi dağ, ətrafı yaşayış məntəqələri ilə hüdudlanmış Bəlləburun yerləşdiyi ərazi böyük hərbi-strateji əhəmiyyətə malik imiş. VIII-XIV əsrlərdə böyük bir ərazinin hər tərəfinə buradan nəzarət edilirmiş. Bəlləbur həm də möhtəşəm qala şəhərmiş. 1869-cu ildə Səidəli Kazımbəyoğlu tərəfindən qələmə alınmış «Cavahirnameyi-Lənkəran» kitabında vaxtilə IX əsrdə Lənkəranın Bəlləbur qalasında yerləşdiyi ehtimal edilir. Qalanın ərazisində saxsı su boruları olan məişət binalarının qalıqları durur. Səidəli Kazımbəyoğlu öz əsərində Bəlləbur qalasını belə təsvir etmişdir: «Lənkəran çayından ayrılan qolun kənarındakı dağın üstündə, həmin çayın yarım ağaclığında kərpicdən və daşdan tikilmiş uzun və qalın bir divar vardır. İndi həmin yeri böyük meşə, divarların üstünü isə meşə bitkiləri örtmüşdür. Meşə içərisində divarın hasarının izləri qalmışdır. Bu hasar çox böyük olduğundan dağa oxşayır. Hasarın arasında darvazaya oxşar yol vardır. O yerin vəziyyətindən məlum olur ki, Bəlləbur qalası həmin hasarın içərisində bir qəsr imiş». Bu tarixi abidə haqqında Azərbaycan arxeoloqu İsa Əzimbəyov 1926-cı ildə «Azərbaycan arxeoloji komitəsinin xəbərləri» jurnalının ikinci buraxılışında dərc etdirdiyi «Drevnosti Lenkoranskoqo kraya» məqaləsində yazır: «Bəlləbur qalası dağda zirvədə yerləşir. Qalanın ən yüksək hissəsində üç dairəli qüllədə otaqlar yerləşdirilmişdir. Birinci dairənin divarında ağ daşdan yonulmuş qoç fiquru vardır. İkinci dairənin divarında relyef formasında kaman, ox, siyirmə qılınc, xəncər şəkilləri çəkilmişdir. Yuxarı dairənin sonunda dağıdılmış otaq, divarlarda gipsdən düzəldilmiş quş və gül-çiçək fiqurları diqqəti cəlb edir. Bundan başqa orada əlavə otaqlar da vardır: onlar tünd qırmızı və açıq qırmızı kərpicdən tikilmişdir. Qalanın tapıntıları orta əsr şirli saxsı məmulatı, mis və qızıl Bizans numizmatikasından ibarətdir». Arxeoloq yazır ki, hətta mən özüm də orada qədim Bizans pulları tapdım.
Bəlləbur qalasının adı da uzun zaman təhriflərə məruz qalmışdır. Bir sıra görkəmli tarixçi alimlər Bəlləbur qalasının xürrəmilərin əsas dayaq məntəqələrindən olduğunu təsdiqləyirlər. «Oçerki po istorii SSSR XI-XIII vv» (Moskva 1953) məcmuəsində də Bəzz qalasının Talışda yerləşdiyi göstərilir. N.A Karaulovun tərtib etdiyi xəritədə isə iki Bəzzin mövcudluğu qeyd olunur: «Odin Bazz po vsey veroyatnosti naxodilsya na nıneşnoy russkoy persidskoy qranits, na mesto selo Oliabat, a druqoy ne somnenno nazıvaetsya Alvadı» (SMOMPK XXXVIII, Tiflis, str. 61. prim.44).Tarix elmləri doktoru Z.İ.Yampolski «Babək üsyanı» (Bakı, 1941, səh 28) adlı əsərində də Bəzzin Lənkəranda yerləşməsi barədə yazmışdır.
XX əsrin 60-cı illərində tədqiqatçılar Bəzz qalasının harada yerləşməsi haqqında yekdil fikrə gəlməmişlər. Bəzi tədqiqatçılar onun Lənkəranda, Ərdəbildə və ya Savalan dağları yaxınlığında olduğunu bildirirdilər. İran tarixçisi professor Səid Nəfisi «Babək Xürrəmi» adlı elmi əsərində Bəzz qalasının indiki Talış dağlarının yaxınlığında, Xəzər dənizinin qərb sahillərində yerləşdiyini ehtimal edirdi. M.Tamara isə «Babək» əsərində Bəzzin Ərdəbillə Aran arasında yerləşdiyini göstərirdi. Akademik Ziya Bünyadov Bəzz qalasının İran Azərbaycanının Qaradağ vilayətində, Arazın sağ qolu olan Qırxsu çayının vadisində yerləşdiyini elmi dəlillərlə sübut etmişdir.
Xürrəmilər ərəb işğalçılarına qarşı mübarizə illərində Lənkəranda yerləşən Bəlləbur qalasına sığınmışlar. Çox güman ki, digər tədqiqatçıların Talış zonasında ehtimal etdikləri qala Bəzz qalası deyil, Bəlləbur qalası olmuşdur. Bu baxımdan tarix elmləri namizədi dosent Firudin Əsədovun fikri daha maraqlıdır. O, yazır ki, orta əsrlərdə Talış xanlığının ən parlaq tarixi ərəb işğalçılarına qarşı apardığı qəhrəmanlıq mübarizəsi ilə əlaqədardır. Məhz həmin yerlərdə Azərbaycan xalqının spartakı sayılan Babək ərəb işğalçılarına qarşı 20 ildən artıq müqavimət göstərmişdir. Bəzz qalası Babək hərəkatının mərkəzlərinin birinin Talışda olmasını təsdiq edir. Qalada tapılmış materiallar IX-XI əsrlərdə Bəlləburun Bizansla ticarət əlaqəsində olduğunu göstərir. Həm də bunlar 833-cü ildə Həmədan yaxınlığında məğlub edildikdən sonra sağ qalan xürrəmilərin təzədən vətənə, Babəkin yanına qayıtmasını sübut edir. Bütün bunlar əsas verir deyək ki, Bəlləbur qalası Xürrəmilərin dayaq məntəqələrindən, babəkilər hərəkatının əsas mərkəzlərindən biri olmuşdur.
Mir Əhməd xanın evi
Gözəl memarlıq abidələrindən biridir və bu binanın tikintisi 1913-cü ildə tamamlanmışdır. Milli memarlıq elementlərindən bacarıqla istifadə olunmuşdur. Onun fasadları əlvan naxışlarla zəngindir. Bina tikilərkən bir çox inşaat materialları Lənkərana Fransadan və Bakıdan gəmi ilə gətirilmişdir. Bu üç mərtəbəli bina şəhərin ilk çox mərtəbəli binası olmuşdur. Bəzi məlumatlara əsaslansaq, Lənkəranda ilk dəfə 1908-1910-cu illərdə Mirəhməd xanın evi tikilərkən daimi cərəyanla işləyən kiçik elektrik qurğusu olmuşdur. Bunun vasitəsi ilə quyudan su hamamın çəninə vurularmış. 1910-1912-ci illərdə isə elektrik gücü 1-2 kvt olan sabit cərəyan elektrik qurğusu yaradılmışdır. Qeyd etmək lazımdır ki, binanın şimal və qərb fasadlarına kərpic və yonulmuş ağ daş işlənmişdir. Şərq və cənub fasadları isə yalnız kərpicdən hörülmüşdür. Evin giriş hissəsi şimal fasadında yerləşmişdir, ağ daşdandır.
Şimal-qərb fasadının birinci mərtəbəsinin küncündən bir sütun qalxır. Sütunun üstündən ikinci mərtəbə üçün ekker tikilmişdir. Ekker dörd üzlü dəmir günbəzlə örtülmüşdür. Xan evi adlanan bu bina Mirəhməd xanın sifarişi ilə tikilmişdir. Öz əsrinin ziyalı adamlarından olan Mirəhməd xan bu binanın tikilməsi üçün Fransadan memar və ustalar dəvət etmişdir. Elə buna görə də bu tikilidə həm qərb, həm də şərq memarlıq elementlərindən məharətlə istifadə edilmişdir, bu da binaya xüsüsi gözəllik və orijinallıq verir. Bina Milli Qəhrəman Ə.Əliyev adına mədəniyyət və istirahət parkının qarşısında yerləşir. Tarixi binanın əsaslı təmirinə 2013-cü ilin sentyabrından başlanılmışdır. Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən yenidənqurma və bərpa işləri aparılmış və 2015-ci ilin aprel ayında başa çatdırılmışdır. 2015-ci ilin aprel ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev muzeyin yenidənqurma və bərpa işlərindən sonra yaradılan şəraitlə tanış olmuşdur.
Dini-tarixi abidələr:
Böyük Bazar məscidi
Lənkəranda tikilən məscidlər XIX əsrin axırları, XX əsrin əvvəllərinə təsadüf edir. Bu məscidlər öz milli üslubu, memarlıq kompozisiyası baxımından Cənubi Azərbaycanın memarlıq ənənələri ilə bağlıdır. Böyük bazar məscidi XIX əsrdə inşa olunmuşdur. Təşəbbüskarları və baniləri Kərbəlayi Qulu, Kərbəlayi Ağaqulu və Hacı Mirağa olmuşdur. Məscidin 1929-cü ilədək altı təkyəsi olmuşdur. Həmin təkyələrə onu inşa edənlərin adları verilmişdir. Kərbəla Hüseynin, general Hacı Mirabbas xan Talışinskinin, Kərimovların, Hacı Manafın və Hacı Əsləsgərin təkyələri otuzuncü illərdə dağıdılmışdır. Hacı Hacağa Əkbərovun təkyəsi isə bu günə kimi qalmışdır. Məscid fəaliyyətə başlayan ilk gündən ona molla Mirəhməd axund, Şeyx Hüseyn axund, Molla Ağabala axund, Molla Vəli axund, Mirzə Məmmədhüseyn axund başçılıq etmişlər. Məscidin divar materialları bişmiş kərpicdən hörülmüş, üstü isə kirəmitlə örtülmuşdür. Məscidin içərisində əsas yeri namaz qılmaq üçün geniş zal tutur. Bu yaxınlarda məsciddin 140 yaşı tamam olacaq.Sovet hakimiyyəti dövründə məsciddən anbar, kitabxana, şəkil qalereyası kimi istifadə olunmuşdur. Məscid ilkin görünüşünü saxlamışdır və ona bəzi əlavələr edilmişdir.
Kiçik Bazar məscidi
Yerli əhəmiyyətli memarlıq abidəsi olan Kiçik bazar məscidi XX əsrin əvvələrində - 1904-cü ildə tikilmişdir. Məscidin inşasında əsasən qırmızı kərpicdən, yerli qiymətli meşə materiallarından, kirəmitdən istifadə edilmişdir. Lənkəran məscidlərinin başqa regionlarda olan məscidlərdən fərqli cəhəti minarələrin olmamasıdır. Məscid ilk dəfə 1906-cı ildə Kiçik bazar camaatının köməyi ilə inşa olunmuşdur. Məscid Tağı bəy, Ağa bəy, Molla Nəsir və başqalarının vəsaiti ilə tikilmişdir. Nəccarı üsta Rəhim və atası olmuşdur.
Kiçik bazar məscidi zonadakı məscidlərdən tamamilə fərqlənir. Giriş hissələrindəki örtmələr, pəncərələrin dar şəkildə hörülməsi onun fərqləndirici əlamətləridir. Məscidin uzunluğu 26 m, eni 10 m, divarının qalınlıqı 1 metrdir. Sovet hakimiyyəti dövründə məsciddən anbar kimi istifadə olunmuşdur. 1988-ci ildən yenidən məscid kimi fəaliyyətə başlamışdır.
Şeyx Zahid türbəsi
Şeyx Zahid İbn Şeyx Rövşən Əmir (1215-1300) XIII əsrin tanınmış alimi, filosof və təriqət başçılarından olmuşdur. Onun türbəsi Lənkəranın Şıxəkəran kənd qəbirstanlığındadır. Onu bütün şərqdə bir mutəfəkkir alim kimi tanımışlar. Respublikamızda müstəqillik bərpa edildikdən sonra muxtəlif ölkələrdən Lənkərana gələnlər bu turbənin yeri ilə maraqlanırdılar. 1990-cı ildə Şeyx Zahidin qohumu Türkiyədən Lənkərana gəlib türbəni ziyarət etmişdir. Türkiyəli qonaq onun haqqında maraqlı bir sənəd gətirmişdir. Bu kitab belə adlanırdı: «Türükü-ü-Aliyə-i Halvetiyye silsiləsində və təriqətin təməlində yer alan böyük murşidlərin bəzilərinin həyat münakibləri» (yəni məskənləri). Kitabda ən qədim dövrdən əsrimizə qədər davam edən bir çox məşhur şeyxlər haqqında qısa məlumat verilir. Şeyx Zahidin əsl adı Tacəddin İbrahim, atasının adı isə Rövşən Əmirdir.
Rövşən Əmir İranın Gilan vilayətinin kəndlərinin birində evlənmiş, Lənkəranın Siyavər kəndinə köçmüşdür. Şeyx Zahid bu kənddə anadan olmuşdur. O, ilk təhsilini Lənkəranın Pensər kəndində Təbrizli Seyid Cəmaləddindən almışdır. Şeyx Zahidə Zahid təxəllüsünü də müəllimi Seyid Cəmallədin vermişdir. Zahid ibadət ilə məşğul olan pəhrizkar mənasındadır. Müəllimi Cəmaləddinin vəfatından sonra Şeyx Zahid 20 il yaşamış və əkinçilik ilə məşqul olmuşdur. Siyahıda göstərilən 19-cü adamın adı isə Ahi Məhəmməd Nurulhalveinin -yerlilərimiz «Piri Ərəb» adlandırırlar. Piri Ərəbin qəbri də Xolmili kəndi yaxınlığında yerləşir, qədimdən məşhur türbədir. Şeyx Zahid ilə Piri Ərəb yaxın dost olmuşlar. Şeyx Zahid təriqət başçısı olmuşdur. Məhz ona görə də kəndin adı Şıxəkəran (Şeyxəkəon-Şeyx evləri) adlanmışdır. Şeyx Zahid ilk Azərbaycan dövlətinin banisi Şeyx İsmayıl Xətainin ana tərəfdən dördüncü babasıdır. Şeyx Zahidin məqbərəsi respubikamızın dövlət müstəqilliyi bərpa olunandan sonra sahmana salınmışdır.
Seyid Xəlifə türbəsi
Seyid Xəlifə turbəsi XIX əsrin yadigarıdır, Cil kəndində yerləşir. El arasında bu türbəyə "Sexəlifə" deyilir. Burada hündürlüyü 1m 40 sm-ə çatan qəbirüstü abidələr mövcuddur. Baş daşlarındakı təsvirlərdə əl, ayaq izləri, ox, qılınc, nizə, əmud və başqa silah növlərinin təsviri olan daş parçalar diqqəti cəlb edir. Qəbirüstü abidələrdə günəşi əks etdirən simvollar da həkk olunmuşdur. Ziyarətgah türbənin yaxınlığında isə bir sal daşı üzərində ayaq izi vardır ki, xalqın etiqadına görə oraya "Əli ayağı" deyirlər. Deyilənlərə görə, "Seyid xəlifə" türbəsində Ərəbistandan Yezidin atası Müaviyyənin zülmündən qaçıb gələn çoxlu seyidlər və üləmalar da dəfn olunmuşdur. Türbədə həm atəşpərəstlik, həm də islam dininin nümunələrinə rast gəlinir. Əldə olunmuş məlumatlara görə burada atəşpərəstlərin dini abidələri də vardır.
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Q. Gül tərəfindən müəyyən edilmişdir ki, Sexəlifə qəbirstanlığındakı ağaclardan birinin yaşı min ilə çatır. Bu həmin qəbirstanlığın qədimliyini bir daha təsdiqləyir. Türbəyə qonşu kəndlərdən, respublikamızın ayrı-ayrı bölgələrindən ziyarətə gəlirlər. Seyid Xəlifə türbəsi mədəni-tarixi abidə kimi dövlət tərəfindən qorunur.
Folklor
“Nənələr” xalq folklor kollektivi
“Nənələr” xalq folklor kollektivi 1989-cu ildə yaradılmışdır.Əvvəllər 6 bacıdan ibarət olan kollektivdə illər keçdikcə bəzi bacılar dünyasını dəyişdiyi üçün kollektivə ailənin digər üzvləri (gəlinləri və qızları) cəlb olunmuşdur.
Kollektiv rayonda keçirilən bütün tədbirlərdə mütəmadi iştirak edir.Dəfələrlə respublika televiziyasının müxtəlif proqramlarına çəkilmiş,respublika miqyasında keçirilən tədbirlərə dəvət olunmuş və müxtəlif diplomlarla təltif olunmuşlar.
Hazırda kollektivə Separadi kənd Mədəniyyət evinin müdiri Məmmədov Fərhad Qulam oğlu rəhbərlik edir.
Kollektivin repertuarı:
“Aman ay bala ceyran”,”Ay lolo”,”Şəvi şəm vəyə kinə”.”Hecanə”,”Osmonan ranginə”,”Kinəlim-kinəlim”,”Bə vəyə bomem bə vəyə a zoə” və s.
“Babalar” folklor kollektivi.
“Babalar” xor kollektivi 2021-ci ildə Q.Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzində yaradılmışdır.Tərkibi 9 nəfərdən ibarətdir.
Kollektiv rayonda keçirilən bütün tədbirlərdə mütəmadi iştirak edir.Dəfələrlə respublika miqyasında keçirilən tədbirlərə dəvət olunmuş və müxtəlif diplomlarla və Fəxri Fərmanlarla təltif olunmuşlar.
Kollektivin ifasında bütün mahnılar musiqi müşayəti olmadan canlı ifa olunur.
Hazırda kollektiv Q.Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzində fəaliyyətini davam etdirir.Kollektivin bədii rəhbəri Habil Əliyevdir.Xormeystr Şağlaser kənd Mədəniyyət Evinin bədii rəhbəri Əli Əkbərovdur.
Kollektivin repertuarı:
“Şərəboni”,”Ay dili-dili”,”Çay”,”Lənkəran”,”Çanquri”,”Azərbaycan”,”Can-can Azərbaycan”, ”Azərbaycan oğluyam”,”İgid əsgər”,”Qara göz”,”Ay bəri bax”,”Güləbətin”,”Ay qız kimin qızısan”, ”Popuri”
“İrs” instrumental ansamblı
“İrs” instrumental ansamblı 2022-ci ildə Q.Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzində yaradılmışdır.Kollektivin 10 üzvü var.
Ansambl Mədəniyyət Mərkəzinin və rayonda keçirilən mədəni-kütləvi tədbirlərdə mütəmadi iştirak edir.Kollektivin rəhbəri Anar Kəkəyev.Bədii rəhbər Sütəmurdov kənd klubunun mədəni-təşkilatçısı Mətanət Babayevadır.
Ansamblın repertuarı:
Bəstəkar və xalq mahnıları.
“Ay Lolo” folklor mahnı və rəqs kollektivi.
“Ay Lolo” folklor mahnı və rəqs qrupu 2016-cı ildə Q.Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzində yaradılmışdır.Tərkibi 8 nəfərdən ibarətdir.
Kollektiv rayonda keçirilən bütün tədbirlərdə mütəmadi iştirak edir.Dəfələrlə respublika miqyasında keçirilən tədbirlərə dəvət olunmuş və müxtəlif diplomlarla və Fəxri Fərmanlarla təltif olunmuşdur.
Hal-hazırda kollektiv Q.Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzində fəaliyyət göstərir.Bədii rəhbər Habil Əliyev.Xoreoqraf Elnarə Abdullayevadır.
Repertuarı:
“Şalı-şalı” rəqsi,”İnnabı” rəqsi,”Çay” rəqsi,”Arşın mal alan filmindən kompozisiya”,”Zəfər kompozisiyası”,”Ay lolo” rəqsi,”Nəlbəki” rəqsi və s.
“Cəngi” rəqs qrupu.
“Cəngi” özfəaliyyət rəqs qrupu 2022-ci ildə Q.Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzində yaradılmışdır.Tərkibi 6 nəfərdən ibarətdir. Qrup rayonda keçirilən bütün tədbirlərdə mütəmadi iştirak edir.
Hal-hazırda rəqs qrupu Q.Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzində fəaliyyət göstərir.Bədii rəhbər və xoreoqraf Girdəni kənd Mədəniyyət Evinin bədii rəhbəri Elgün Əlizadədir.
Repertuarı:
Azərbaycan milli rəqsləri və milli ritmlər.
“Kinəlim” folklor mahnı və rəqs kollektivi.
”Kinəlim” folklor mahnı və rəqs kollektivi 2005-ci ildə 1 saylı Boladi kənd klubunun nəzdində təşkil olunmuşdur.Kollektiv rayonda keçirilən tədbirlərdə fəal iştirak edir.Hazırda kollektiv 6 nəfərdən ibarətdir.Kollektivin rəhbəri 1 saylı Boladi kənd klubunun mədəni-təşkilatçısı Samirə Ağayevadır.
Repertuarı:
Milli folklor mahnı və rəqsləri.