Lənkəran şəhidləri
Milli Qəhrəmanlar
Lənkərandan olan Milli Qəhrəmanlar
***
Əliyev Əsgər Ələkbər oğlu (d. 08.11.1974, Lənkəran rayonu, Ləj kəndi – 17.03.1995, Ləj kəndi) – Azərbaycan Respublikasının Milli Qəhrəmanı (04.04.1995).
Haftoni qəsəbə orta məktəbini (1992) bitirdikdən sonra Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinə daxil olmuşdur (1993). Məktəbin ikinci kursunda oxuyarkən Bakı şəhərində 1995-ci il 14-17 mart hadisələri zamanı Azərbaycanda dövlət çevrilişi cəhdinin qarşısının alınması zamanı qəhrəmancasına həlak olmuşdur. Ölümündən sonra Azərbaycan Milli Qəhrəmanı adına layiq görülmüşdür.
Lənkəran “Dostluq” mədəniyyət və istirahət parkına adı verilmiş, parkda büstü qoyulmuşdur.
Əməkdar jurnalist İdris Şükürlünün “Ömrümün çırağı sönmədi” sənədli povesti həyat və fəaliyyətinə həsr edilmişdir (B., 2003).
***
Abdullayev Rövşən Əbdülhüseyn oğlu (d.16.01.1969, Lerik rayonu – 13.09.1992) – hərbçi-zabit, Azərbaycan Respublikasının Milli Qəhrəmanı (15.01.1995)
Astara şəhər 1 saylı orta məktəbini bitirdikdən sonra Lənkəran şəhər-rayon Daxili İşlər Şöbəsində işləmiş (1985-1987), Leninqrad Ali Hərbi Siyasi Məktəbində oxumuş (1987-1991), Azərbaycan Respublikası DİN-nin daxili qoşun hissələrində rota komandirinin müavini kimi fəaliyyətə başlamışdır.
1991-ci ilin axırlarında cəbhə bölgələrində idi. Vzvodu 1992-ci ilin iyun ayında Zəngilan rayonunun Qazançı kəndi ətrafında müdafiə mövqeyində dayanmışdı.
Qeyri-bərabər döyüşdə xüsusi şücaət göstərərək, düşmənin 2 PDM-ni susdurmuş, aldığı yaradan çoxlu qan itirərək gözlərini əbədi yummuşdur. Göstərdiyi igidliyə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. Xatirəsi əziz tutulur.
Lənkəran şəhərində büstü qoyulmuşdur.
Şair Şəkər Aslanın ölməz qəhrəman haqqında yazdığı “Elə yaşayaram” kitabı “Gənclik” nəşriyyatında çap olunmuşdur. (B.,1997)
***
Bayramov Sultanağa Nəhmət oğlu (d. 17.10.1936, Lənkəran rayonu, Şürük kəndi – 23.08.1993, Lənkəran şəhəri) – azadlıq uğrunda mübariz, Azərbaycan Respublikasının Milli Qəhrəmanı (1993).
Orta təhsilini Astara rayonunda almışdır (1952). Lənkəran Tibb Məktəbini bitirmiş (1957), təyinatı Lənkəran hərbi hospitalına verilmişdir. Rentgen-texnik işləmişdir.
Dövlət müstəqilliyimizin qorunmasında və separatçılığa qarşı mübarizədə fəal iştirak etmişdir.
Adına küçə vardır.
***
Əliyev Etibar Böyükağa oğlu (d.11.07.1955, Lənkəran şəhəri – 23.08.1993, Lənkəran şəhəri) – Azərbaycan Respublikasının Milli Qəhrəmanı (1993).
Astara internat məktəbini bitirdikdən (1969) sonra təhsilini Lənkərandakı 34 saylı texniki peşə məktəbində davam etdirmişdir. 1970-ci ildə meyvə-tərəvəz konservi zavodunda əmək fəaliyyətinə başlamışdır. Sonralar Lənkəranda “Sevinc” kooperativində dülgər işləmişdir.
Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda fəal mübarizlərdən idi. 1990-cı il yanvar hadisələrində Sovet Ordusu tərəfindən tutularaq, işgəncələrə məruz qalmış, otuz gün həbsdə saxlanılmışdır.
1993-cü il avqustun 23-də Lənkəran hadisələrində separatçılığa qarşı mübarizədə qəhrəmancasına həlak olmuşdur.
Lənkəran şəhərində büstü qoyulmuşdur, adına küçə vardır.
***
Təhməzov Paşa Qurban oğlu (d.23.03.1949, Lənkəran şəhəri – 23.08.1993, Lənkəran şəhəri) – azadlıq uğrunda mərd, mübariz, Azərbaycan Respublikasının Milli Qəhrəmanı (1993).
Lənkəran şəhər 6 saylı səkkizillik (1964) və şəhər fəhlə-gənclər orta məktəbini (1967) bitirmiş, əmək fəaliyyətinə rayondakı əhaliyə məişət xidməti kombinatında usta köməkçisi kimi başlamış, sonralar usta işləmişdir.
Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda fəal mübarizlərdən idi. 1993-cü ilin avqust ayında Lənkəranda baş verən hadisələrdə həlak olmuşdur.
Adına küçə vardır.
***