Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 23-cü maddəsinə və “Azərbaycan Respublikası Dövlət Himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa uyğun olaraq, Azərbaycan Respublikasının Dövlət Himninin ifa edilməsi, oxunması, dinlənilməsi və Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydalarını müəyyən edir.
Maddə 1. Azərbaycan Respublikasının Dövlət Himni
1.1. Azərbaycan Respublikası Konstitusiyasının 23-cü maddəsinin I hissəsinə əsasən, Azərbaycan Respublikasının Dövlət Himni Azərbaycan Respublikasının dövlət rəmzidir.
1.2. Azərbaycan Respublikasının Dövlət Himninin musiqisi və mətni “Azərbaycan Respublikası Dövlət Himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu ilə müəyyən edilir.
Maddə 2. Azərbaycan Respublikasının Dövlət Himninə hörmət
2.1. Azərbaycan Respublikası Konstitusiyasının 75-ci maddəsinə əsasən, hər bir vətəndaş Azərbaycan Respublikasının Dövlət Himninə hörmət etməlidir. Azərbaycan Respublikasının Dövlət Himninə hörmətsizliyin nümayiş etdirilməsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.
2.2. Azərbaycan Respublikası Konstitusiyasının 69-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları ilə yanaşı əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də bu Qanunun 2.1-ci maddəsində göstərilən vəzifəni daşıyırlar.
Maddə 3. Azərbaycan Respublikasının Dövlət Himni haqqında qanunvericilik
Azərbaycan Respublikasının Dövlət Himni haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, “Azərbaycan Respublikası Dövlət Himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunundan, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu Qanundan və bu Qanuna uyğun qəbul edilmiş digər normativ hüquqi aktlardan ibarətdir.
Maddə 4. Azərbaycan Respublikasının Dövlət Himni ilə bağlı dövlətin vəzifələri
4.0. Azərbaycan Respublikasının Dövlət Himni ilə bağlı dövlətin vəzifələri aşağıdakılardır:
4.0.1. Azərbaycan Respublikasının Dövlət Himninin mahiyyətini və əhəmiyyətini əhali arasında geniş təbliğ etmək və onları bu barədə maarifləndirmək;
4.0.2. gəncləri və təhsilalanları Azərbaycan Respublikasının Dövlət Himninə hörmət ruhunda tərbiyələndirmək;
4.0.3. Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının Dövlət Himninə qarşı hörmətsizliyin nümayiş etdirilməsinin qarşısının alınması üçün beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun tədbirlər görmək;
4.0.4. bu Qanuna riayət olunmasına nəzarəti təmin etmək.
Maddə 5. Azərbaycan Respublikasının Dövlət Himninə müəlliflik hüququ
5.1. “Müəllif hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, dövlət rəmzləri müəlliflik hüququnun obyekti deyildir.
5.2. Azərbaycan dövləti Azərbaycan Respublikasının Dövlət Himnini qeyri-qanuni istifadədən və ona zərər vuran digər hərəkətlərdən qoruyur.
Maddə 6. Azərbaycan Respublikasının Dövlət Himninin mütləq ifa edildiyi hallar və həmin hallarda ifa edilməsinə, oxunmasına və dinlənilməsinə dair tələblər
6.1. Azərbaycan Respublikasının Dövlət Himni aşağıdakı hallarda mütləq ifa edilir:
6.1.1. Azərbaycan Respublikasının Prezidenti seçilmiş şəxsin andiçmə mərasimində (and içdikdən sonra);
6.1.2. Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası Milli Məclisinin iclaslarına gəldiyi zaman;
6.1.3. Azərbaycan Respublikası Milli Məclisinin növbəti və növbədənkənar sessiyalarının başlanması və qurtarması zamanı;
6.1.4. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbəti və növbədənkənar sessiyalarının başlanması və qurtarması zamanı;
6.1.5. Azərbaycan Respublikasının bayramlarına həsr olunmuş təntənəli yığıncaqların və iclasların açılışı və bağlanışı zamanı;
6.1.6. Azərbaycan dövləti və xalqı üçün mühüm tarixi hadisələr olduqda;
6.1.7. Azərbaycanın görkəmli dövlət, siyasi, ictimai, elm, ədəbiyyat, incəsənət xadimlərinin, Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarının və Azərbaycanın Milli Qəhrəmanlarının abidələrinin və ya xatirə lövhələrinin açılışı zamanı;[1]
6.1.8. dövlət orqanları (qurumları), yerli özünüidarə orqanları, siyasi partiyalar və ya qeyri-hökumət təşkilatları tərəfindən keçirilən mərasimlər və digər təntənəli tədbirlər zamanı (Azərbaycan Respublikasının Dövlət Bayrağı qaldırılarkən və ya asılarkən);
6.1.9. Azərbaycan Respublikasına rəsmi görüşə gələn xarici ölkələrin dövlət və hökumət başçılarının qarşılanması və yola salınması zamanı (müvafiq ölkənin Dövlət Himni ifa edildikdən sonra).
6.2. Azərbaycan Respublikasının Dövlət Himni musiqisinə (partiturasına) uyğun orkestr, xor və ya orkestr-xor tərəfindən, yaxud başqa vokal üsulla və ya alətlər vasitəsilə, həmçinin səsyazma vasitəsindən istifadə etməklə bütün hallarda tam ifa edilir.
6.3. Azərbaycan Respublikasının Dövlət Himni ifa edildikdə Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Dövlət Himnini ayaq üstə, farağat vəziyyətdə sona qədər dinləməli və ya mətninə uyğun olaraq oxumalıdırlar.
6.4. Azərbaycan Respublikasının Dövlət Himni ifa edildikdə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının Dövlət Himnini ayaq üstə, farağat vəziyyətdə sona qədər dinləməlidirlər.
Maddə 7. Azərbaycan Respublikasının Dövlət Himnindən istifadənin digər halları və qaydaları
7.1. Azərbaycan Respublikasının Dövlət Himninin hərbi qulluqçular tərəfindən ifa edilməsi, ifa edilən zaman əsgəri salam verilməsi, dinlənilməsi və oxunması qaydaları bu Qanunun tələbləri əsas götürülməklə Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 887 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsi” ilə, xüsusi rütbəli şəxslərə münasibətdə isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanlar (qurumlar) tərəfindən müəyyən edilir.
7.2. Dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiramın göstərilməsi nəzərdə tutulmuş şəxslərin dəfn mərasimində Azərbaycan Respublikasının Dövlət Himninin ifa edilməsi qaydası bu Qanunun tələbləri əsas götürülməklə Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi” ilə tənzimlənir.
7.3. Xarici dövlətin ərazisində Azərbaycan Respublikasının keçirdiyi təntənəli tədbirlər zamanı Azərbaycan Respublikasının Dövlət Himninin ifa edilməsi qaydası bu Qanunun tələbləri əsas götürülməklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
7.4. İdman yarışları zamanı Azərbaycan Respublikasının Dövlət Himninin ifa edilməsi qaydası bu Qanunun tələbləri əsas götürülməklə həmin yarışları təşkil edən idman təşkilatı tərəfindən müəyyən edilir.
7.5. Azərbaycan Respublikasının Dövlət Himni hər səhər Azərbaycan Respublikasının televiziya və radio yayımlarının əvvəlində bu Qanunun 6.2-ci maddəsində müəyyən edilmiş qaydada ifa edilir.
7.6. Azərbaycan Respublikasının Dövlət Himninin mətni və musiqisi (partiturası) Əlifba kitabının birinci səhifəsində dərc edilir.
7.7. Azərbaycan Respublikasının bütün təhsil müəssisələrində yeni dərs ilinin birinci dərsi Azərbaycan Respublikasının digər dövlət rəmzləri ilə yanaşı Azərbaycan Respublikasının Dövlət Himninin öyrənilməsinə həsr edilir.
Maddə 8. Azərbaycan Respublikasının Dövlət Himnindən istifadəyə dair məhdudiyyətlər
8.1. Azərbaycan Respublikasının Dövlət Himni başqa dildə oxuna bilməz.
8.2. Azərbaycan Respublikasının Dövlət Himninin təhrifinə yol verilmir.
Maddə 9. Bu Qanunun pozulmasına görə məsuliyyət
Bu Qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar.
Maddə 10. Yekun müddəa
Bu Qanun qüvvəyə mindiyi gündən “Azərbaycan Respublikasının Dövlət himni haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1993, № 11, maddə 328; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 6, maddə 380; 2004, № 4, maddə 199; 2017, № 5, maddə 687) 1-ci maddəsi ləğv edilir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 fevral 2019-cu il
№ 1512-VQ