Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəran şəhər 7 nömrəli tam orta məktəbin və STEAM Mərkəzinin açılışı olub

02 mart 2022 | 16:00

Martın 2-də Lənkəran şəhər 7 nömrəli tam orta məktəbin əsaslı təmirdən sonra açılış mərasimi keçirilib.
Açılış mərasimində təhsil naziri Emin Əmrullayev, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, Lənkəran Rayon Təhsil Şöbəsinin müdiri Ülviyyə Əliyeva və digər qonaqlar iştirak ediblər.
Mərasimdən əvvəl ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.
Açılış mərasimində bildirilib ki, əsaslı təmir olunmuş məktəb 1176 şagird yerlikdir. 31 sinif otağından ibarət ümumi təhsil müəssisəsində 6 laboratoriya, 2 peşə təmayüllü sinif, 2 texnologiya, 2 informatika, çağrışaqədərki hazırlıq kabineti, şahmat kabineti, məktəbəhazırlıq otağı, 210 nəfərlik akt zalı, idman zalı, kitabxana və 144 yerlik yeməkxana fəaliyyət göstərəcək.
Sonra iştirakçılar məktəbdə yaradılmış şəraitlə tanış olublar.
Daha sonra həmin məktəbdə fəaliyyət göstərən STEAM Mərkəzinin açılış mərasimi keçirilib.
Bildirilib ki, Mərkəz regional xarakter daşıyır. Belə ki, Lənkəran rayonunun kəndlərindən, eləcə də Masallı, Astara, Lerik və digər qonşu rayonlardan olan məktəblilərin də bu Mərkəzdən faydalanması nəzərdə tutulur.
Qeyd edək ki, hazırda ölkə üzrə 100 mindən çox şagirdi əhatə edən STEAM layihəsinin növbəti tədris ilində genişləndirilməsi planlaşdırılır.
Layihənin məqsədi təhsil alanlarda tənqidi, yaradıcı düşüncə, əməkdaşlıq etmə və digər XXI əsr bacarıqlarını formalaşdırmaq, yaradıcı proses vasitəsilə öyrənmə imkanı yaratmaqdır. Həmçinin fənləri inteqrativ, real problemlərin həlli istiqamətində tətbiqlərə əsaslanan vahid öyrənmə modelində birləşdirmək, müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə müasir İKT avadanlıqlarından istifadə edə bilmə qabiliyyətlərini yüksəltmək də layihənin məqsədlərindəndir.

Keçidlər