Lənkəranda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində iməclik işləri davam etdirilir
"Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində Lənkəranda geniş tərkibli iməclik işləri davam etdirilir. Qəbul olunan Tədbilər Planına uyğun olaraq ekoloji aksiyaların, iməcliklər, abadlıq-quruculuq işlərinin ilboyu davam etdirilməsi nəzərdə tutulur.
Yaz fəslinin gəlişi ilə artıq Lənkəran rayonu ərazisindən keçən çayların və Xəzər dənizinin ətraf ərazilərində təmizlik işləri aparılıb və bu istiqamətdə hava şəraitinə uyğun olaraq işlər davam etdirilir. Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) başçısının inzibati ərazi dairələri üzrə nümayəndəlikləri, rayonun abadlıq və təmizlik sahələri üzrə xidmət idarələri sakinlərimizin, eləcə də qonaqların yollardan, küçələrdən və ətraf ərazilərdən rahat gediş-gəlişini təmin etməkdən, habelə rayonumuzun daha təmiz və səliqəli olması və vətəndaşların istirahəti üçün lazımi işlərin görülməsindan ötrü ciddi cəhdlə fəaliyyətlərini davam etdirirlər. Lənkəran ŞİH-nin birbaşa nəzarəti altında aparılan işlər rayonumuzu digər inzibati ərazi vahidləri ilə birləşdirən bütün ana yollarda, eləcə də şəhər ərazisində aparılır. Yolboyu hasarlar rənglənir, ağac dibləri ağardılır, ərazilər kol-kosdan təmizlənir, gül kolları və həmişəyaşıl ağaclar əkilir, sakinlərimizin rahat gediş-gəlişini təmin etmək məqsədilə səkilərə yeni tametlərin döşənməsi, deformasiyaya uğrayan səki daşlarının yeniləri ilə əvəzlənməsi, yeni bordurlərin qoyulması, habelə yolboyu hasar və həyət darvazalarının rənglənməsi işləri həyata keçirilir.
Kompleks şəkildə aparılan təmizlik və abadlıq işləri sakinlərimizin zövqünü oxşayır, məmnuniyyətlə qarşılanır və yerli insanlar görülən işlərə görə dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə edirlər.