Lənkəranda “Veteranlar Parkı” əsaslı təmirdən sonra sakinlərin istifadəsinə verilib
Cənab Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Lənkəran şəhərində infrastrukturun müasirləşdirilməsi və əhalinin yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə genişmiqyaslı abadlıq-quruculuq işləri davam etdirilir. “Şəhərsalma və memarlıq ili” çərçivəsində Heydər Əliyev prospekti, akademik Zərifə Əliyeva, Paşa Təhməzov, Mirzə Məmmədhüseyn Axund, Tofiq Aslanov, Səttərxan, Əliağa Vahid, Məhəmməd Əsədov və Şirəli Axundov küçələrində abadlıq işləri aparılır. Eyni zamanda Həzi Aslanov, Xocalı, Əsgər Əliyev adına “Dostluq” və “Veteranlar” parkları yenidən qurulur. Şəhərin əsas giriş qapıları sayılan Girdəni və Sütəmurdov körpülərindən başlayaraq Ləvəngi dairəsi, Şəhidlər xiyabanı, Koroğlu və Fikrət Məmmədov küçələri də bu prosesə cəlb olunub. Sözügedən ərazilərdə piyada yolları yenidən qurulur, çoxmərtəbəli binaların fasadları təmir edilir, köhnəlmiş səkilər isə müasir üslubda yenidən inşa olunur.
Sentyabrın 15-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov təmiri tamamlanan “Veteranlar Parkı”na baş çəkib. Rayon ictimaiyyətinin, şəhid ailələrinin, veteranların və ağsaqqalların iştirak etdiyi görüşdə icra başçısı rayonda görülən işlər barədə məlumat verib. Bildirilib ki, “Lənkəran şəhərinin su təchizatı və kanalizasiya sisteminin yaradılması” layihəsi üzrə tikinti-quraşdırma işləri artıq fəal fazaya keçib.
Rayon əhalisini narahat edən əsas məsələlərdən biri - "zibil poliqonu" problemi də həll olunmaq üzrədir. Təsdiq edilmiş “2026-cı il üzrə dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısı”na Lənkəran rayonunda bərk məişət tullantılarının idarə edilməsi layihəsi də daxil edilib və yaxın müddətdə işlərə başlanılacaq.
Küçə və yolların abadlaşdırılması çərçivəsində səki daşlarının yenilənməsi, hasarların rənglənməsi və yaşıllıqlara qulluq işləri kompleks şəkildə icra olunur. Cari ildə 15 küçənin asfaltlanması nəzərdə tutulur; artıq 11 küçədə hazırlıq işlərinə başlanılıb, Ramin Rzayev, Barat Şükürov, Vaqif Hüseynov dalan1 və Hənifə Abdullayev dalan1 küçələrində isə asfaltlanma tam başa çatıb.
Görüşdə iştirak edən yerli sakinlər kanalizasiya sisteminin yenilənməsi, “zibil poliqonu” probleminin birdəfəlik həlli istiqamətində atılan əsaslı addımları, eləcə də yol infrastrukturunun müasirləşdirilməsini yüksək qiymətləndiriblər. Sakinlər rayona göstərilən xüsusi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər.





