Lənkəranda cari ildə 8 küçənin asfaltlanması tamamlanıb
Asfaltlanma və yol infrastrukturu işləri şəhərin gələcəyinə edilən investisiyadır. Bu layihələr həm nəqliyyat sisteminin müasir tələblərə cavab verməsinə, həm də vətəndaşların gündəlik rahatlığının təmin olunmasına xidmət edir. Uzunmüddətli perspektivdə isə şəhərin daha gözəl, təhlükəsiz və yaşanılan məkana çevrilməsinə zəmin yaradır. Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) də bu istiqamətdə “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq fəaliyyətini davam etdirir. Rayonun təmirə ehtiyacı olan bütün küçələrinin siyahısı müəyyənləşdirilib və büdcədən ayrılan vəsaitə uyğun olaraq növbəlilik əsasında təmiri həyata keçirilir və cari ildə 8 küçənin asfaltlanması yekunlaşıb. Qrafikə uyğun olaraq Mirzə Məhəmmədhüseyn Axund və Koroğlu küçələrinin də asfaltlanması tamamlanıb. Asfaltlanması yekunlaşan digər küçələr - Kamil Kazımov, Vaqif küçəsi dalan 1, H.Z.Tağıyev, Molla Baba Axund, Şəkər Aslan, Füzuli dalan 3 küçələridir.
Şəhər sakinləri küçələrin yüksək keyfiyyətlə asfaltlanmasını məmnuniyyətlə qarşılayıb və cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.





