Lənkəranda aparılan abadlıq işlərinin miqyası günbəgün artır
Cənab Prezidentin tapşırığına uyğun olaraq Lənkəran şəhərində infrastrukturun müasirləşdirilməsi və əhalinin yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə genişmiqyaslı abadlıq-quruculuq işləri davam etdirilir. “Şəhərsalma və memarlıq ili” çərçivəsində aparılan və Heydər Əliyev prospekti, akademik Zərifə Əliyeva, Paşa Təhməzov, Mirzə Məmmədhüseyn Axund, Tofiq Aslanov, Səttərxan, Əliağa Vahid, Məhəmməd Əsədov və Şirəli Axundov küçələrində, Həzi Aslanov parkı, Xocalı parkı, Əsgər Əliyev adına “Dostluq Parkı” və “Əfqanıstan Veteranları Parkı”ndan start götürən yenidənqurma işlərinin miqyası günbəgün artır. Artıq şəhərin əsas giriş qapıları sayılan Girdəni və Sütəmurdov körpülərindən başlayaraq Ləvəngi Dairəsi, Şəhidlər Xiyabanı, akademik Zərifə Əliyeva, Koroğlu və Fikrət Məmmədov küçələrində də abadlıq-quruculuq işlərinə başlanılıb. Sözügedən ərazilərdə piyada yolları yenidən qurulur, çoxmərtəbəli binaların fasadları təmir edilir, deformasiyaya uğramış səkilər tamamilə sökülərək müasir üslubda yenidən inşa olunur.
Qeyd edək ki, şəhərin tarixi memarlıq üslubunu qoruyan bu kompleks tədbirlər Lənkəranın turizm potensialını artırmaqla yanaşı, sakinlər üçün daha rahat yaşayış mühiti formalaşdırır.
Görülən işləri yüksək qiymətləndirən yerli sakinlər göstərilən xüsusi diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini ifadə edirlər.





