Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəran son 10 ildə: Sahibkarlığın inkişafı

10 iyul 2023 | 11:06

     Lənkəranda son 10 il ərzində ayrı-ayrı sahələrdə aparılan tikinti, əsaslı təmir-bərpa, abadlıq, yenidənqurma, sosial inkişaf barədə məlumatları “Lənkəran son 10 ildə” başlığı ilə silsilə şəklində oxucularımızla bölüşürük. Lənkərandakı dinamik inkişaf Cənab Prezident İlham Əliyevin rayonumuza olan diqqət və qayğısının əyani təzahürüdür. Bu müddət ərzində dövlət başçısının rəhbərliyi ilə rayonumuzda bütün istiqamətlər üzrə geniş quruculuq işləri aparılıb. Əhalinin sosial rifah halının yaxşılaşdırılmasına, insanların daha rahat yaşamalarına hesablanan bu addımların ümumiləşdirilmiş formada rəqəmlərdə necə əks olunduğunu oxucularımızın diqqətinə çatdırırıq.

      2012-2023-cü illər ərzində Lənkəranda özəl sahibkarlığın inkişafı istiqamətində kifayət qədər geniş işlər görülüb. Bu dövr ərzində rayonumuzda çoxsaylı turizm, ticarət obyektləri, hotel və restoranlar, ictimai-iaşə obyektləri, kiçik biznes sahələri fəaliyyətə başlayıb.

      Lənkəranı turizm şəhərinə çevirmək istiqamətində aparılan ardıcıl işlər son illərdə daha geniş vüsət alıb. Belə ki, çoxsaylı müasir tələblərə cavab verən turizm və istirahət obyektləri tikilərək istifadəyə verilib. Buna misal olaraq Haftoni qəsəbəsində “Lankaran Springs Welness Resort” - İstisu və sağlamlıq mərkəzini, o cümlədən nəznində 20 kotec olmaqla “Dad Hous” restoranını, Aşağı Nüvədi qəsəbəsində Xəzər Palace hotel-Restoranı, İstisu qəsəbəsində “Yaşıl Çay” Fermer təsərrüfatında 22 nəfərlik Nilado hoteli və talış üslübunda otel tipli kənd evlərini, şəhər ərazisində “Dəniz Hotel” istirahət mərkəzini, “Salyut” hoteli, Daştatük kəndində “Gren Forest” İstirahət mərkəzini, Bürcəli kəndində Hirkan Park hoteli və Rvo kəndində “Riva Hill Resort Lankaran” otel –restoran kompleksini qeyd etmək olar.

      Rayonda son illərdə bir neçə yeni zavod və fabriklər, o cümlədən uzun illər istifadəsiz qalmış və ya fəaliyyətini dayandırmış köhnə müəssisələrin yerləşdiyi ərazilərdəki binalarda əsaslı yenidənqurma və ya tikinti işləri aparılmaqla, müasir tələblərə cavab verən avadanlıqlar quraşdırılmaqla yeni müəssisələr istifadəyə verilib. Belə ki, “Gilan Lənkəran Konserv”, “Lənkəran Konserv” ASC, “AMB Holding” çörək zavodu, “Mexanikləşdirmə” MMC, Lənkəran Qənnadı və Xalça fabrikləri, çay emalı ilə məşğul olan “Beta” MMC, “Yaşıl Çay” Fermer təsərrüfatı, “Astara çay” MMC nin Girdəni kəndində təsərrüfat sahəsi, “Gilan TEA” MMC və “SunTEA” MMC“, çəltiyin emalı ilə məşğul olan “Green East” MMC”, “Cənub Aqro” MMC və “Faran”, plastik məmulatların istehsalı müəssisəsi olan “LP” MMC və metal dam örtüklərinin müxtəlif formada istehsal edilməsindən ötrü müasir dəzgahlar quraşdırılmaqla “NUR” metal dam örtükləri kiçik müəssisəsi istifadəyə verilib. Rayonda kənd təsərrüfatı sahəsi də son 10 ildə xeyli inkişaf edib. Fermer və sahibkarlara məxsus ümumi meyvə bağları 2154 hektara çatdırılıb. Mövcud meyvə bağlarından 2022-ci ildə 21705,7 ton meyvə, 559.8 hektar çay plantasiyalarından 268.5 ton yaşıl çay yarpağı, 802,3 hektar çəltik əkini sahələrindən 2828,1 ton çəltik, 933,5 hektar sahədən 9684,7 ton sitrus meyvələri yığılıb. Qeyd edək ki, sitrusçuluğun inkişafı ilə bağlı son ildə Lənkəranda “Hallabon”, “Gilan Orchard” MMC və “Fruit Garden” MMC tərəfindən dəyəri milyon manatlarla ölçülən sitrus bağları salınıb. Rayon üzrə çiyələk sahələrinin həcmi 200 hektara çatdırılıb. Cari ildə 758,2 hektar sahədə buğda, 70,6 hektar sahədə arpa əkilib, o cümlədən 9895,6 kq barama tədarük edilib. Ümumilikdə ötən il Lənkərana özəl sahibkarlığın inkişafı ilə bağlı 33,3 milyon manat investisiya qoyulub. Qeyd edək ki, rayonda fermerlerin yetişdirdikləri kənd təsərrüfatı, o cümlədən müəssisələrimizdə istehsal olunan məhsullar ölkəmizin, həmçinin 20-yə yaxın xarici dövlətlərin bazarlarına ixrac olunur.

   Məlumat üçün bildirək ki, çoxmənzilli yaşayış binaların tikintisi, o cümlədən müasir tələblərə cavab verən yeni xidmət obyektlərinin tikintisi istiqamətində işlər hazırda da davam etdirilir. Belə ki, “Qala Towers” MMC tərəfindən 72 mənzilli binanın, fərdi sahibkarlar tərəfindən 60 və 50 mənzilli binaların, "Dosa Mall" ticarət və uşaq əyləncə mərkəzlərinin və digər xidmət obyektlərinin tikintisi davam etdirilir.

 

Keçidlər