Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

20 ilin "Cənub mirvarisi"

18 oktyabr 2023 | 11:45

Son iki onillikdə Lənkəran sürətli inkişaf yolu keçmişdir

 

Yaxşı yadımdadır: 2002-ci ilin dekabr ayı idi. O zaman Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Yaşar Rzayev idi. Günün ikinci yarısında görüşmək üçün ŞİH-ə getdim. O qədər də böyük olmayan yarıqaranlıq otağa daxil olanda iş masasının arxasında oturan Y.Rzayevi güclə seçdim. 
Bunu ona görə misal gətiririk ki, o vaxt nəinki Lənkəran şəhərində, onun qəsəbə və kəndlərində, ölkənin bütün bölgələrində elektrik enerjisi böhranı yaşanırdı. Gün ərzində bir neçə saat aşağı gərginlikli işiq verilirdi. Yollar, küçələr bərbad halda idi. Bu, hələ yaxşı zaman idi. Ölkədə həyat canlanmış, islahatlar başlanmışdı. 90-cı illərin əvvəllərində isə vəziyyət daha acınacaqlı idi. Zavod və fabriklər işini dayandırmış, çay plantasiyaları, sitrus meyvə bağları mal-qaranın otlaq sahəsinə çevrilmişdi. İş yerlərini itirmiş adamlar nə edəcəklərini bilmirdilər. 
"Yaman günün ömrü az olar" deyiblər. 1993-cü il iyun ayının 15-də xalqımızın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyev yenidən hakimiyyətə gəldikdən sonra ölkədə sabitlik yarandı, daxili və xarici siyasət yeni istiqamətə yönəldi. Mövcud çətinliklər tədricən aradan qaldırıldı. 
Heydər Əliyev siyasi kursunun 2003-cü ilin oktyabr ayından Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Lənkəranın da inkişafında başlıca rol oynamışdır. Son 20 il ərzində rayonda yeni zavod və fabriklər yaradılmış, uzun illər fəaliyyətini dayandırmış müəssisələr müasir tələblərə cavab verən avadanlıqlarla yeniləşdirilərək istifadəyə verilmişdir. Bu dövr ərzində meyvə-tərəvəz emalı ilə məşğul olan "Lənkəran Konserv" MMC, "Lənkəran Konserv" ASC, süd və dondurma emalı ilə məşğul olan "Pal Food" MMC, şirniyyat məhsulları istehsal edən Qənnadı məhsulları fabriki, "Azərxalça" ASC-nin Lənkəran filialı, çay emal edən "Beta" MMC, "Yaşıl Çay" FT, "Gilan Tea" MMC, "Sun Tea" MMC, çəltik emal edən "Green East" MMC, "Cənub Aqro" MMC, "Faran" MMC, yetişdirilmiş kənd təsərrüfatı məhsullarının saxlanılması üçün müasir soyuducu anbarlar və digər onlarca irili-xırdalı müəssisələr fəaliyyətə başlamışdır. Həyata keçirilən tədbirlər nəticəsində keçən il rayon üzrə istehsal olunan sənaye məhsullarının dəyəri 135,8 milyon manat təşkil etmişdir ki, bu da 2003-cü ildəkindən 12,7 dəfə çoxdur. 
Birinci regional inkişaf dövlət proqramı ilə başlayan bölgələrin sosial-iqtisadi sahələrdə dirçəlişi sonradan qəbul edilmiş analoji sənədlər əsasında ardıcıllıqla davam etdirilmişdir. Bunu Lənkəran rayonunun kənd təsərrüfatında baş verən dinamika da özündə əks etdirir. Prezident İlham Əliyevin 2018-2025-ci illər üçün respublikada çəltikçiliyin və sitrus meyvəçiliyinin, 2018-2027-ci illər üçün çayçılığın inkişaf etdirilməsinə dair dövlət proqramlarını imzalaması həmin sahələrdə əsaslı dönüş yaratmış, kənd təsərrüfatı məhsulları istehsalçılarında torpağa yeni münasibət formalaşdırmışdır. Rəqəmlərin dili ilə bu münasibət özünü daha qabarıq göstərir: Lənkəranda keçən il kənd təsərrüfatı üzrə istehsal edilən ümumi məhsulun dəyəri 162,6 milyon manat olmuşdur və bu, 2003-cü illə müqayisədə 1,4 dəfə çoxdur. Ötən il çay plantasiyalarının ümumi sahəsi 552,8 hektara çatdırılmış və 268,5 ton yaşıl çay yarpağı tədarük edilmişdir. 933,5 hektar sitrus meyvə bağlarından 9 min 684,7 ton məhsul toplanmışdır. Artırılaraq 802,3 hektara çatdırılan çəltik sahəsindən isə 2 min 828 tondan çox məhsul əldə edilmişdir. Ümumiyyətlə, rayonda son illər çəltik istehsalına maraq artmışdır. Bu gün Lənkəranda çəltik emalı ilə məşğul olan "Green East" MMC, "Cənub Aqro" MMC və "Faran" MMC fəaliyyət göstərir. Osaküçə kəndində "Beta" şirkəti, İstisu qəsəbəsində "Yaşıl Çay" fermer təsərrüfatı, Haftoni qəsəbəsində, Vilvan və Xanbulan kəndlərində fermer və ailə təsərrüfatları tərəfindən yeni çay plantasiyaları salınmışdır. "Beta" şirkəti isə tinglik təsərrüfatı yaratmışdır. Onu da qeyd edək ki, kənd təsərrüfatı sahəsində əldə olunmuş uğurları təşviq, fermerlər tərəfindən istehsal olunan məhsulları nümayiş etdirmək üçün Lənkəranda 2017-ci, 2018-ci və 2019-cu illərdə "Çay, çəltik və sitrus meyvələri festivalı" keçirilmişdir. 
Yollara iqtisadiyyatın qan damarları deyirlər. Son 20 ildə bütün ölkədə olduğu kimi, Lənkəranda da yerli əhəmiyyətli, habelə kəndarası avtomobil yollarının tikintisi, yenidən qurulması, əsaslı təmiri istiqamətində çox işlər görülmüşdür. 40 min əhalinin yaşadığı Lənkəran-Vilvan-Osaküçə-Türkəncil, 28 min əhalinin yaşadığı Şürük-Vel-Qamışovka, 47 min əhalinin yaşadığı Vilvan-Zövlə-Liman, 10 min əhalinin yaşadığı Liman-Nərimanabad-Balıqçılar, 13 min əhalinin yaşadığı Aşağı Nüvədi-Kənarmeşə-Şürük, 7 min əhalinin yaşadığı Hirkan-Daştatük-Biləsər, 11 min əhalinin yaşadığı Hirkan-Mamusta-Siyavar, 33 min nəfər əhalinin yaşadığı Səpnəkəran-Şürük-Sütəmurdov-Velədi-Gərmətük-Bala Şürük-Kosalar-Kərgəlan-Lüvəsər-Bəllədur-Qurumba avtomobil yolları yenidən qurulmuşdur. Bunlardan başqa, dağ kəndlərinə gedən yollar əsaslı və cari təmir edilmişdir.     
Abonentləri davamlı və keyfiyyətli elektrik enerjisi ilə təmin etmək üçün yaşayış məntəqələrinin elektrik təsərrüfatı yenidən qurulmuş, çoxlu sayda elektrik dirəkləri təzələnmiş, xətlər, məftillər SİP kabellə əvəzlənmiş, transformatorlar və digər avadanlıqlar yenilənmişdir. 2018-ci ildə "Azərişıq" ASC tərəfindən Lənkəran-2 yarımstansiyası istifadəyə verilmişdir. 
Regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası çərçivəsində rayondakı 93 yaşayış məntəqəsindən 73-ü tam olaraq qazlaşdırılmış, əhali üzrə abunəçilərin sayı 48,4 minə, qeyri-əhali üzrə 582-yə çatdırılmışdır. Bu il həmçinin Daştatük, Moloja, Aşağı Apu kəndlərinə qaz çəkilişi nəzərdə tutulur. 
Rayonda içməli su təchizatının və kanalizasiya sisteminin yaxşılaşdırılması ilə əlaqədar həyata keçirilən tədbirlər nəticəsində Lənkəran şəhərinə, Şiləvar, Digah, Sütəmurdov, Velədi kəndlərinə yeni xətlər çəkilmiş, sakinlərin fasiləsiz və təmiz içməli su təminatı yaxşılaşdırılmışdır. 2013-cü ildə isə Lənkəran Sukanal Sahəsinin Xanbulan sutəmizləyici qurğusu inşa edilmişdir. 
Yeni tikilən binalar, obyektlər, salınan park və xiyabanlar bu gün Lənkəran şəhərinə xüsusi yaraşıq verir, onun gözəlliyinə əlavə çalarlar qatır. "Sahil" istirahət parkı, Heydər Əliyev xatirə parkı, Lənkəran Beynəlxalq Hava Limanı, "Cənub" Televiziya Şirkətinin binası, 7 mərtəbəli 14 yaşayış binası, Bayraq meydanı, "Xocalı soyqırımı" abidə kompleksi, Əsgər Əliyev parkı, Gənclər Mərkəzi, habelə şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün tikilən yaşayış evləri, sosial əhəmiyyətli obyektlər, digər binalar son 20 ilin ünvanlarıdır. 
"Təhsil millətin gələcəyidir" demişdir Ulu Öndər. Prezident İlham Əliyev Ulu Öndərin bu tövsiyəsini də prioritet götürərək təhsilin inkişafını daim diqqət mərkəzində saxlayır, məktəblərin tikilməsini, köhnələrinin əsaslı təmir edilməsini, onların lazımi avadanlıqlarla təchiz edilməsini ön plana çəkir. Son illər ərzində 1076 şagirdlik Lənkəran şəhər 7 saylı, Gəgiran kəndində 264 şagirdlik, Şıxakəran kəndində 432 şagirdlik tam orta məktəbləri tikilib istifadəyə verilmişdir. Eləcə də Heydər Əliyev Fondu hesabına 632 şagirdlik Haftoni kənd, 420 şagirdlik Nərimanabad qəsəbə və 360 şagirdlik Viravul kənd 2 saylı tam orta məktəbləri üçün yeni binalar inşa olunmuşdur. Bunlarla yanaşı, Əlizərin kəndində 20, Köhnəgəgir kəndində 40, Jidi kəndində 96, Türkəncil kəndində 80 və Kosalar kəndində 96 şagirdlik modul tipli binalar quraşdırılmışdır. Heydər Əliyev Fondunun vəsaiti ilə inteqrasiya təlimli internat tipli gimnaziya əsaslı şəkildə yenidən qurulmuşdur. Ümumilikdə rayon üzrə 53 məktəb tikilmiş və ya əsaslı təmir olunmuşdur. 
Lənkəran gənclərin ali və orta, habelə peşə təhsili üzrə müxtəlif sənətlərə yiyələndikləri bir şəhərdir. Təlim və tərbiyənin yüksək səviyyədə qurulması məqsədi ilə Lənkəran Dövlət Universitetinin yeni korpusu, yataqxanası və 1-ci tədris korpusu üçün əlavə dördmərtəbəli bina inşa olunmuş, habelə ali məktəbin 2-ci korpusunda inşaat işləri başa çatdırılmışdır. Universitetin Elmi Kitabxanası üçün də bina tikilmişdir. 
Vətəndaşlarımızın sağlamlığı həmişə dövlətin diqqət mərkəzindədir. Bu istiqamətdə Lənkəranda da çoxsaylı işlər görülmüşdür. 2003-2023-cü illər ərzində Lənkəran Mərkəzi Xəstəxanası əsaslı təmir edilmiş, Lənkəran Rayonlararası Psixiatriya Xəstəxanası, 8 həkim ambulatoriyası, 7 feldşer-mama məntəqəsi tikilib istifadəyə verilmişdir. Lənkəran Regional Diaqnostika Mərkəzinin təyinatı dəyişdirilərək 70 çarpayılıq Regional Mərkəzə çevrilmişdir. Rayonlararası Onkoloji Xəstəxanada, Ağciyər Xəstəlikləri Dispanserində və uşaq poliklinikasında təmir işləri aparılmışdır. Səhiyyədən söz düşmüşkən, onu da qeyd edək ki, cari il İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin dəstəyi ilə TƏBİB-in tabeliyindəki Lənkəran Rayon Mərkəzi Xəstəxanasında tibbin müasir tələblərinə cavab verən Kardiologiya üzrə ürək-damar cərrahiyyə şöbəsi açılmışdır. Liman Şəhər Ailə və Sağlamlıq Mərkəzində təcili və təxirəsalınmaz tibbi yardım stansiyası, həmçinin Lənkəran şəhərində Süd Vəzi Diaqnostika Mərkəzi və Çin Təbabət Klinikası da istifadəyə verilmişdir. 
Son 20 ildə Lənkəran rayonunda mədəniyyət ocaqlarının əsaslı təmiri və tikintisi, tarixi mədəniyyət abidələrinin bərpası istiqamətində uğurlu tədbirlər həyata keçirilmişdir. 2004-cü ildə N.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı əsaslı şəkildə yenidən qurulmuş, 2006-cı ildə Xalq sənətkarlığı şəhərciyi, 2008-ci ildə Heydər Əliyev Muzeyi, 2015-ci ildə Lənkəran Tarix Diyarşünaslıq Muzeyi (Xan evi), yenə 2015-ci ildə Lənkəran Şəhər Mədəniyyət Mərkəzi əsaslı təmirdən sonra istifadəyə verilmişdir. Hazırda dövlət büdcəsi hesabına Dairəvi qalada əsaslı təmir işləri aparılır. 
Prezident İlham Əliyevin idmanın inkişafına göstərdiyi diqqət Lənkəranda da özünü göstərir. Burada 2006-cı ildə "Zirvə" İdman Sağlamlıq Mərkəzi, yenə həmin ildə "Xəzər-Lənkəran" Futbol Stadionu, 2010-cu ildə Regional Boks Təlim Mərkəzi, 2018-ci ildə Olimpiya İdman Kompleksi gənclərin istifadəsinə verilmişdir. 
Böyük yaradan Lənkəran torpağından heç nəyi əsirgəməyib. Təbiət burada sanki hər yerə çığal çəkib. Sıra dağlar, yaşıl ormanlar, çaylar, bulaqlar, şəlalələr, bir də mavi gözlü Xəzər. Elə bunlara görə də Lənkərana "Cənub mirvarisi" də deyirlər. Bu gözəlliklər Lənkəranın turizm mərkəzinə çevrilməsi üçün başlıca şərtlər olduğundan 2006-cı ildə rayonda "Palıdlı sahil", "Bəşəru" istirahət mərkəzləri, 2008-ci ildə "Qafqaz" Turizm İstirahət Mərkəzi, 2017-ci ildə "Xəzər Palace" istirahət kompleksi, 2018-ci ildə "İstisu" Sağlamlıq Mərkəzi istifadəyə verilmişdir. Lənkəranın bir neçə kəndinə, eyni zamanda çay plantasiyalarına, sitrus meyvə bağlarına ekoturizm çərçivəsində səyahətlər təşkil olunur. Bunun üçün İstisu qəsəbəsində "Yaşıl Çay" fermer təsərrüfatında 22 nəfərlik "Nilado" hoteli, hotel tipli kənd evləri tikilib istifadəyə verilmişdir. Eyni zamanda Lənkəran şəhərinin Qala xiyabanı küçəsində "Salyut" hoteli, Rvo kəndində "Riva Hill Resort Lankaran", Lənkəranın özündə "Dəniz Hotel", "Restaurant" və "Hirkan Park Hotel" hotel-restoran kompleksləri fəaliyyət göstərir. Turizm sahəsində görülən işlərin siyahısını daha da artırmaq olar. Həyata keçirilən layihələr öz növbəsində yeni iş yerlərinin açılmasına, işsizlik probleminin həllinə vəsilə olmuşdur. 2003-2023-cü illər ərzində rayonda 53 min 500-dən çox yeni iş yeri açılmışdır. Cari ilin ötən ayları ərzində isə qeyri-məşğul əhali üçün ödənişli əsaslarla 1260 ictimai iş yeri yaradılmışdır. 
Qeyd etdiklərimiz son 20 ildə Lənkəranda görülən tikinti-quruculuq, abadlıq və digər sahələrdəki işlərin yalnız kiçik bir hissəsidir. Prezident 
İlham Əliyev 20 ildə Lənkərana 12 səfər etmişdir. Həmin səfərlər çərçivəsində rayon əhalisi ilə görüşlər keçirmiş, bir çox obyektin təməlqoyma və açılış mərasimlərində iştirak etmişdir. 
Bax beləcə, bu əhvali-ruhiyyədə yaşayır, qurub-yaradır Lənkəranın zəhmətkeş, yurdsevər insanları. 

Seyran CAVADOV, 
 "Azərbaycan" 

 

Keçidlər