ORTA İXTİSAS MƏKTƏBLƏRİ
LDU nəzdində Sosial və Aqrar-Texnoloji Kollec 1924-cü ildə “Darülmüəllimeyn” (oğlanlar seminariyası) adı ilə fəaliyyətə başlamışdır və ilk direktor Teymur Şirəli bəy oğlu Şahverdiyev təyin olunmuşdur. “Darülmüəllimeyn”ə ilk olaraq 40 tələbə qəbul edilmiş və tələbələrin təlim-tədris prosesinə 7 (yeddi) müəllim cəlb olunmuşdur. 1926-cı ildən seminariya Lənkəran Pedaqoji Texnikumu adlandırılmış və oğlanlarla yanaşı, qızların da təhsil almasına şərait yaradılmışdır. 1987-ci ildən Lənkəran Məktəbəqədər Pedaqoji Məktəb adlandırılaraq məktəbəqədər müəssisələr üçün tərbiyəçi-müəllim hazırlığı aparılmışdır. 1992-2002-ci illərdə isə Lənkəran Məktəbəqədər Pedaqoji Texnikum adı ilə fəaliyyət göstərmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 Avqust 2002-ci il tarixli qərarına əsasən Lənkəran Musiqi Texnikumu və Lənkəran Kənd Təsərrüfatı Texnikumu ləğv edilərək Lənkəran Məktəbəqədər Pedaqoji Texnikumuna birləşdirilməklə onların bazasında Lənkəran Dövlət Humanitar Kolleci yaradılmışdır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyul 2020-ci il tarixli 250 nömrəli qərarına əsasən Lənkəran Dövlət Humanitar Kolleci Lənkəran Dövlət Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Sosial və Aqrar-Texnoloji Kollecə çevrilmə yolu ilə yenidən təşkil edilmişdir.
Hal-hazırda kollecdə ümumi orta təhsil bazasından 11 ixtisas üzrə (məktəbəqədər təhsil, kitabxana işi, instrumental ifaçılıq, vokal sənəti, dizayn (interyer üzrə), maliyyə işi, sosial iş, kompüter sistemləri və kompleksləri, qida məhsullarının təhlükəsizliyi, hidromeliorasiya və torpaq mühafizəsi, turizm işinin təşkili), tam orta təhsil bazasından 14 ixtisas üzrə ( məktəbəqədər təhsil, kargüzarlıq və arxiv işi, instrumental ifaçılıq, muzey işi və abidələrin qorunması, vokal sənəti, marketinq, mühasibat uçotu, ətraf mühitin mühafizəsi və bərpası, kompüter sistemlərinin təmiri və servisi, aqronomluq, meşə və park, sığorta işi, maliyyə işi, turizm bələdçiliyi) tələbə qəbulu həyata keçirilir.
2024/2025-ci tədris ilində Kollecdə ümumilikdə 56 ixtisas qrupunda (2 qiyabi təhsilalma forması üzrə 48 tələbə olmaqla) 1044 tələbə təhsil alıb, cari tədris ilində Kolleci 265 tələbə 19 ixtisas üzrə bitirmişdir.
Kollecin işçi heyəti 94 nəfər müəllim olmaqla, 155 nəfərdən ibarətdir.
Lənkəran tibb kolleci - 14 avqust 1936-cı ildə təşkil olunan məktəb 1955-ci ildən Lənkəran Tibb Məktəbi adı altında fəaliyyətini davam etdirib. Nazirlər Kabinetinin 16 iyun 2010-cu il tarixli 112 saylı qərarı ilə məktəbin adı dəyişdirilərək Lənkəran Tibb Kolleci adlandırıldı. 2023-cu ilin aprel ayından kollecə t.e.n Mübariz Akif oğlu Mustafayev rəhbərlik edir. Kollecdə 22-si ştat üzrə, 14-ü isə saat hesabı olmaqla 36 müəllim fəaliyyət göstərir. Bu gün Lənkəran Tibb Kollecində üç ixtisaslı Tibb bacısı (qardaşı) işi, Mamalıq işi və Əczaçılıq ixtisasları üzrə respublikanın bütün şəhər və rayonlarından 650-dən çox tələbə təhsil alır. Hər il kollecə 220 tələbə qəbul olur. Kollec 2024-cü ilin yanvar ayından Publik Hüquqi Şəxsə çevrilmişdir.
Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi publik hüquqi şəxs - 2024-ci ildən Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə Lerik Peşə Məktəbi Lənkəran Peşə Liseyi ilə birləşdirilərək, Lənkəran Peşə Liseyinin bazasında yarandılmışdır. 1996-ci ildə Lənkəran Texniki Peşə Məktəbi, Lənkəran Peşə Liseyi kimi fəaliyyətini davam etdirən müəssisənin əsası 1969-cu ildə qoyulmuş və Lənkəran Texniki Peşə Məktəbi kimi fəaliyyətə başlamışdır. Müəssisə, əsasən kənd təsərrüfatı istiqamətində kadrların hazırlığını reallaşdırmışdır.
Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin təsdiq etdiyi peşə təhsili və təliminin “Strateji Yol Xəritəsinin” icrasına uyğun olaraq Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin maddi texniki bazasının təkmilləşdirilməsi məqsədi ilə Lənkəran Şəhəri H.Z. Tağıyev küçəsi 118 ünvanında Mərkəz üçün 2021-ci ildə yeni kampusun tikintisinə başlanılmış və 2025-ci ilin sentyabr ayında Mərkəzin açılışı olacaqdır.
Tələbə kontinqenti:
Lənkəran Dövlət Peşə Təhsil Mərkəzində 2024 -2025-ci tədris ilində 689 tələbə təhsil almış, onlardan 352 nəfəri məzun olmuşdur. Məzunlardan 174 kişi, 178 qadındır. 2024-2025-ci tədris ilində məzun olanların 102 nəfəri əmək bazarında işlə təmin olunmuşdur. 2024-2025-ci tədris ilində Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinə 205 qadın tələbə qəbul edilmişdir ki, bu rəqəm Lənkəran-Astara iqtisadi regionunda peşə təhsili almaq üçün son 30 ilin ən yaxşı nəticəsidir.
Dual Peşə Təhsili Proqramı:
Peşə təhsili və təlimin “Strateji Yol Xəritəsinə”uyğun olaraq Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi dual peşə təhsil proqramına qoşulmuşdur. Bu məqsədlə Mərkəz Lənkəran-Astara iqtisadi regionunda ən aparıcı özəl sektor nümayəndələri ilə əməkdaşlıq edərək, onların yüksək ixtisaslı mütəxəssilərini tədris prosesinə və tələbələrin biliklərinin qiymətləndirilməsinə cəlb edib, tələbələr həftədə 3 dəfə olmaqla işəgötürənlərin bazasında istehsalat təlimlərini daha peşəkar formada öyrənirlər. Məzunların əmək bazarına inteqrasiya olmalarında ən yüksək nəticələr dual peşə təhsil proqramına cəlb olunanlardır.
Yeni Mərkəzin maddi texniki bazası:
Tədris inzibati korpusu – ümumtəhsil fənn kabinetləri, fizika, kimya, hərbi hazırlıq dərsləri ilə bağlı təchiz olunmuş siniflər, 350 nəfərlik akt zalı, 80 nəfərlik kiçik akt zalı, idman zalı, fitnes zalı, tələbə bufeti, inzibati heyətin kabinetləri
Emalatxana korpusu – hibrid və elektrik avtomobillərinin təmiri, avtomobil sürüşü simulyatorları, mebel, dülgər, mexaniki yığma işləri, qaynaq, tornaçı, çilingər santexnik, İT texnoliqiyalar, məişət texnikasının təmiri, CNC avadanlıqları, dərzi, bərbər, elektrik xətlərinin quraşdırıcısı emalatxanaları.
Tələbə yataqxanası – 59 nəfər üçün nəzərdə tutulub, tam şəraitlə təchiz olunub.
Kənd təsərrüfatı korpusu və istixana – kənd təsərrüfatı istiqamətində dərslərin keçirilməsi üçün nəzəri fənn kabinetləri, praktiki işlərin görülməsi üçün 600 kv tam avtomatlaşdırılmış istixana kompleksi
Kulinariya korpusu – 4 hissədən ibarətdir. Burada isti yeməklər, soyuq qəlyanaltılar, un məmulatları, şiniyyat məhsulları hazırlamaq üçün tam avadanlqılarla təchiz olunub.
Avtomobillərin təmiri korpusu – 2 hissədən ibarətdir. Bir hissədə nəzəri dərslərin keçirilməsi üçün siniflər, digər hissə tələbələrin praktiki bacarıqlarını təkmilləşdirilməsi üçün avtomobillərin təmiri emalatxanasından ibarətdir.
Təlim qonaq evi – turizm, mehmanxana inzibatçılığı, turizm sahəsində iaşə üzrə mütəxəssis, ofisiant, barmen ixtisaslarında kadr hazırlığı üçün 22 qonaq otağı, restoran, fitnes zalı, kiçik konfrans otağından ibarət praktik təlimlər korpusudur.
Yeni açılacaq ixtisaslar:
Kompüter şəbəkələri və şəbəkə inzibatçılığı - Yüksək texniki peşə təhsili subbakalavr
Proqramla idarə edilən sənaye avadanlıqlarının texniki istismarı
Kibertəhlükəsizlik – Yüksək texniki peşə təhsili subbakalavr
Kompüter sistemlərində proqramlaşdırma - Yüksək texniki peşə təhsili subbakalavr
Mehmanxana və restoran işinin təşkili və idarə edilməsi- Yüksək texniki peşə təhsili subbakalavr
Binaların tikintisi və istismarı - Yüksək texniki peşə təhsili subbakalavr
Elektrik və hibrid avtomobillərinin texniki qulluğu və təmiri üzrə texnik
Avtomobillərin təmiri çilingəri
Günəş panellərinin quraşdırıcısı və təmirçisi
Mühasibat uçotu - Yüksək texniki peşə təhsili subbakalavr
Lənkəran şəhər Uşaq-Gənclər İdman-Şahmat Məktəbi - “Təhsil” Respublika İdman Mərkəzinin Lənkəran şəhər Uşaq-Gənclər İdman-Şahmat Məktəbi 1998-ci ildən fəaliyyət göstərir. Məktəb fəaliyyətini Uşaq Gənclər İdman məktəbləri və ixtisaslaşdırılmış Olimpiya ehtiyatları Uşaq-Gənclər Idman məktəblərinin nümünəvi əsasnaməsi əsasında qurmuşdur. Məktəb məktəbdənkənar sosial məqsədyönlü müəsisədir, fəaliyyətini uşaq, yeniyetmə, gənclərin inkişafına, bədən tərbiyyəsi və idman vasitəsi ilə sağlamlığına, idmanın kütləviliyinə, respublikada yüksək səviyyəli idmançıların hazırlanması üzərindən qurmuşdur. Hal-hazırda məktəbdə 18 məşçi-müəllim şagirdlərə şahmatın sirlərini öyrədir. Şahmatçılardan Əlizamin Cəfərli Respublika Olimpiadasının qalibi olmuş yeniyetmələrin dünya birinciliyində gümüş medal qazanmışdır, Babazadə Cavidan 2 dəfə Avropa birinciliyinin üçüncüsü olmuş, Əhmədzadə Kənan Avropa birinciliyinin üçüncüsü olmuş, Həsənli Sirus İtaliyada keçirilən Beynəlxalq turnirin qalibi olmuş, Babazadə Jalə Respublika Şahmat Olimpiadasında qızlar arasında qalib olmuş, Məmmədli Nuray dəfələrlə Respublika birinciliklərinin və beynəlxalq turnirlərin qalibi olmuşdur. Məktəbin məşqçi-müəllimlərindən Məmmədov Ceyhun və Dadaşov İdrak Azərbaycan Respublikasının Əməkdar məşqçisi fəxri adlarına layiq görülmüşlər.
Uşaq Gənclər İnkişaf Mərkəzi 1933-cü ildə "Pioner və məktəblilər evi" kimi tikilmişdir. Uşaq Yaradıcılıq Mərkəzi, Ekoloji tərbiyə və təcrübəçilik mərkəzi və Texniki yaradıcılıq mərkəzi birləşərək 23 oktyabr 2017-ci il tarixindən Uşaq Gənclər İnkişaf Mərkəzi kimi fəaliyyət göstərməyə başlamışdır. Hal-hazırda Uşaq Gənclər İnkişaf Mərkəzində 36 dərnək vardır. Həmin dərnəklərə ali və pedoqoji-orta təhsilli mütəxəssis müəllimələr rəhbərlik edir. Bu 36 dərnək 216 saatla işləyir.
36 dərnək 11 adda fəaliyyətini aparır: "İbtidai texniki modelləşmə", "Ekologiya", "Botanika", “Bədii qiraət”, "Tarixi-diyarşünaslıq", “Təsviri-sənət”, "Dizayn", "Dekorativ tətbiqi sənət", “Rəsm”, “Fortapiono” və “Musiqisevərlər”.





