Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 258-00-19; "242"

YAP Lənkəran rayon təşkilatının XII konfransı keçirilib

16 sentyabr 2026 | 17:53

    Sentyabrın 16-da Yeni Azərbaycan Partiyası (YAP) Lənkəran rayon təşkilatının XII konfransı keçirilib. Tədbirdən öncə konfrans iştirakçıları Ümummilli Lider Heydər Əliyevin Lənkəran şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, Ulu Öndərin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.

    Konfransın rəsmi hissəsi Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

    Tədbirdə YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev geniş hesabat məruzəsi ilə çıxış edib. Natiq hesabat dövründə rəhbərlik etdiyi qurum tərəfindən həyata keçirilən layihələr, rayonda baş tutan mühüm ictimai-siyasi hadisələr və partiya üzvlərinin regionun sosial-mədəni həyatındakı fəal rolu barədə ətraflı məlumat verib. İqbal Əmənullayev rayon təşkilatının sıralarının kəmiyyət və keyfiyyət baxımından durmadan böyüdüyünü, xüsusilə gənclərin və qadınların partiya fəaliyyətinə cəlb olunması istiqamətində uğurlu nəticələr əldə edildiyini vurğulayıb. Natiq, həmçinin qeyd edib ki, yerli strukturlar dövlət proqramlarının rayondakı icrasına yaxından dəstək verir və əhalinin gündəlik qayğılarının həllində fəal vasitəçi kimi çıxış edir.

    Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov çıxışında Yeni Azərbaycan Partiyasının yerli həyatda güclü bir sosial institut kimi rolunu, hesabat dövründəki uğurlu fəaliyyətini yüksək qiymətləndirib. İcra başçısı gələcək prioritetlər kimi rayonun inkişafı naminə gənclərə idarəçilikdə praktiki imkanların daha da genişləndirilməsinin və qadınların ictimai-siyasi fəallığının artırılmasının vacibliyini xüsusi vurğulayıb. Taleh Qaraşov bildirib ki, bu konfrans keçilən yola nəzər salmaq, gələcək strategiyanı və hər bir üzvün məsuliyyətini müəyyən etmək baxımından mühüm əhəmiyyət daşıyır. İcra başçısının sözlərinə görə, YAP ölkəmizin aparıcı siyasi qüvvəsi və Cənubi Qafqazın ən böyük siyasi təşkilatıdır. Partiyanın rəhbər tutduğu ideologiya cəmiyyətdə sarsılmaz həmrəylik yaradıb və partiya sədri, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə təşkilat öz inkişafının ən şərəfli mərhələsini yaşayır.

    YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Anar İskəndərov çıxışında Yeni Azərbaycan Partiyasını Ümummilli Liderin əmanəti olaraq səciyyələndirib. O, bu əmanətin bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da gücləndiyini və ölkəmizi yeni zəfərlərə doğru inamla apardığını diqqətə çatdırıb. Natiq vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin ideyaları üzərində qurulan bu partiya Azərbaycanın dövlətçilik sütununu təşkil edir və onun qorunması hər bir vətəndaşın mənəvi borcudur.

    YAP Təftiş komissiyasının üzvü, Milli Məclisin deputatı Cavanşir Paşazadə bildirib ki, YAP sədri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı tarixi nailiyyətlər, xüsusilə ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması hər birimizdə böyük qürur yaradır. Bu uğurları qorumaq və daha da möhkəmləndirmək hər bir partiya üzvünün üzərinə böyük məsuliyyət və vəzifə qoyur.

   YAP Mərkəzi Aparatının əməkdaşı Əli Axundov çıxışında qeyd edib ki, partiya yarandığı ilk illərdən etibarən ölkədə ictimai-siyasi sabitliyin bərqərar olunmasında, dövlət müstəqilliyimizin qorunmasında və milli həmrəyliyin gücləndirilməsində tarixi missiya yerinə yetirib. Həmçinin YAP xalqın ali iradəsini və maraqlarını rəhbər tutaraq Azərbaycanın iqtisadi qüdrətinin artırılmasına, eləcə də tarixi zəfərlərimizlə nəticələnən milli inkişaf strategiyasının uğurla reallaşdırılmasına misilsiz töhfələr verib.

    Tədbirdə Lənkəran Dövlət Universitetinin (LDU) sosial məsələlər üzrə prorektoru Ramiz Şəmmədov, LDU nəzdində Sosial Aqrar-Texnoloji Kollecin direktoru Leyla İbrahimova və Lənkəran-Astara Regional Təhsil İdarəsinin Lənkəran rayon təhsil sektorunun müdiri Ağamməd Şəmmədov çıxış edərək hesabat dövrü ərzində görülən işləri yüksək qiymətləndiriblər.

    Müzakirələrin yekunu olaraq YAP Lənkəran rayon təşkilatının hesabat dövründəki fəaliyyəti qənaətbəxş hesab edilib və Yeni Azərbaycan Partiyasının növbəti VIII Qurultayına nümayəndələr seçilib.

    Tədbir Yeni Azərbaycan Partiyasının Himninin sədaları altında başa çatıb.

Keçidlər