“Yanğınlara qarşı qabaqlayıcı tədbirlərin səmərəliliyinin artırılması” mövzusunda regional müşavirə keçirilib
Mayın 26-da Lənkəran şəhər Heydər Əliyev Mərkəzində “Yanğınlara qarşı qabaqlayıcı tədbirlərin səmərəliliyini artırmaq” mövzusunda regional müşavirə keçirilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN), Fövqəladə Hallar Nazirliyinin (FHN) və Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) birgə təşkilatçılığı ilə keçirilən müşavirədə aidiyyəti üzrə mərkəzi icra hakimiyyəti orqanlarının, eləcə də 9 rayonun yerli icra hakimiyyəti orqanlarının, habelə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin və bələdiyyələrin nümayəndələri iştirak ediblər.
Tədbirdə Lənkəran ŞİH başçısı aparatının Sosial – iqtisadi, memarlıq –tikinti məsələləri və şəhər təsərrüfatı şöbəsi müdirinin müavini, Sosial – iqtisadi məsələlər, informasiya təminatı və təhlili sektorunun müdiri Rövşən Rəhimli, FHN-nin Nəticələrin aradan qaldırılması işinin təşkili baş idarəsinin rəisi Kənan Aşurov, ETSN-nin aparatının Təbiətdən istifadə şöbəsinin müdir müavini-layihələrin idarə edilməsi sektorunun müdiri Kənan Kərimli, FHN-nin Dövlət Yanğın Nəzarət Xidmətinin rəis müavini Cəmil Xudiyev, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin rəis müavini Mohuma Heraçiyev və Kənd Təsərrüfatı Nazirliyinin Strateji planlama, təhlil və hesabatlılıq şöbəsinin sektor müdiri Şövqi Lələşov çıxış ediblər.
Çıxışçılar bildiriblər ki, dövlət başçısının diqqəti nəticəsində yanğınsöndürmə texnikaları və xüsusi avadanlıqlar yenilənmişdir, regionlarda yeni yanğınsöndürmə hissələri yaradılmışdır, meşə və kənd təsərrüfatı ərazilərində yanğın təhlükəsizliyi tədbirləri gücləndirilmişdir, əhali arasında maarifləndirmə işləri genişləndirilmişdir. Prezidentin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas məqsədi insanların təhlükəsizliyinin təmin olunması, maddi sərvətlərin qorunması və fövqəladə halların nəticələrinin minimuma endirilməsidir. Bu istiqamətdə görülən işlər ölkədə təhlükəsizlik sisteminin daha da güclənməsinə xidmət edir.
Qeyd olunub ki, yanğın təhlükəsizliyinə qarşı səmərəliliyin daha da artırılması üçün erkən xəbərdarlıq sistemlərinin, avtomatlaşdırılmış idarəetmə mexanizminin tətbiqi, risk xəritələrinin tərtibi, mütəmadi monitorinqlərin aparılması ilə yanaşı, birgə əməkdaşlığın genişləndirilməsi, qurumlararası koordinasiya, FHN, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və yerli icra hakimiyyətlərinin vahid şəbəkədə birləşməsi, dövlət-özəl tərəfdaşlığı, könüllülər şəbəkəsinin yaradılması, beynəlxalq təcrübə mübadiləsi, maarifləndirmə və təlimlərin davamlılığı, media və sosial şəbəkələrdə mövsümi yanğın təhlükələrinə dair videçarxların yayımı olduqca vacibdir.





