Xanbulan kənd inzibati ərazi dairəsinin sakinləri Taleh Qaraşovun görüş-qəbulundan razı qalıblar
Fevralın 3-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov qrafikə uyğun olaraq Xanbulan kənd inzibati ərazi dairəsinin sakinləri ilə növbəti səyyar görüş-qəbulunu keçirib. İcra başçısı ilə birgə səyyar görüşdə icra hakimiyyəti aparatının məsul şəxsləri, hüquq mühafizə orqanlarının, yerli idarə və müəssisələrin nümayəndələri də iştirak ediblər.
Taleh Qaraşov ötən səyyar görüşdə qaldırılan məsələlərin icra vəziyyəti barədə bildirib ki, yerli icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində qaldırılan ədalətli məsələlərin hər birini həllini tapıb, digər məsələlər barədə aidiyyəti qurumlar qarşısında məsələlər qaldırılıb. İcra başçısı qeyd edib ki, cənab Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq yerlərdə keçirilən səyyar görüşlər vətəndaşla dövlət qurumları arasındakı birbaşa dialoq mühitinin daha da yaxşılaşdırılması, qarşılıqlı inam hissinin gücləndirilməsi, insanların qayğı və problemlərinin yerində dinlənilməsi, operativ və səmərəli qərarların qəbul olunması baxımından vacibdir.
T.Qaraşov bütün görüşlərdə səsləndirilən məsələlərin şəxsən onun nəzarətində olduğunu, heç müraciət diqqətdən kənar qalmadığını, qaldırılan məsələlərin həlli ilə bağlı vətəndaşlara qanunamüvafiq müddətdə cavablar verildiyini vurğulayıb.
Xanbulan kənd inzibati ərazi dairəsinin sakinləri sərbəst, maneəsiz fikir və istəklərini, habelə şəxsi problemlərini rayon rəhbərliyinə çatdıra bilməkdən, habelə onların həlli istiqamətində səmimi yanaşma görməkdən məmnun qalıblar.
Hər zaman dövlətə və dövlətçiliyə sadiq və sədaqətli olan Xanbulan inzibati ərazi dairəsinin sakinləri vətəndaş-məmur arasındakı münasibətlərin yeni müstəvidə inkişafından, vətəndaş məmnunluğunun təmin olunması istiqamətində görülən işlərdən razı qaldıqlarını bildiriblər və buna görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını vurğulayıblar.