Viravul kəndinin sakinləri Taleh Qaraşovun səyyar qəbulundan razı qalıblar
Noyabrın 7-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov təqvim planına uyğun olaraq növbəti görüş-qəbulunu Viravul kənd inzibati ərazi dairəsinin sakinləri ilə keçirib. Səyyar görüşdə icra hakimiyyəti aparatının məsul şəxsləri, hüquq mühafizə orqanlarının rəhbərləri, yerli idarə və müəssisələrin nümayəndələri də iştirak edib.
İcra başçısı ötən səyyar görüşdə qaldırılan məsələlərin icra vəziyyəti barədə sakinlərə məlumat verib. Taleh Qaraşov bildirilib ki, vətəndaşların bütün müraciətlərinə həssas yanaşılır, ədalətli və obyektiv qaldırılan bütün məsələlərin həlli istiqamətində qanunamüvafiq addımlar atılır. İcra başçısı vurğulayıb ki, vətəndaşların müraciət hüququnun sərbəst və könüllü həyata keçirilməsinə şəraitin yaradılması, müraciətlərə baxılmasında ayrı-seçkiliyə və süründürməçiliyə yol verilməməsi, fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə vətəndaşların müraciət etmək hüququ ilə dövlət maraqlarının uzlaşdırılması cənab Prezident İlham Əliyevin məmurlar qarşısında qoyduğu əsas tələb və prinsiplərdəndir.
Səyyar görüşün “Zəfər Günü” ərəfəsində keçirildiyini qeyd edən T.Qaraşov Viravul sakinlərinin simasında bütün lənkəranlıları bayram münasibətilə təbrik edib, 8 noyabrda Lənkəranda böyük konsert proqramının təşkil olunacağını bildirib və yerli insanları tədbirə dəvət edib.
Viravul kənd inzibati ərazi dairəsinin sakinləri səyyar görüşdə fikir və istəklərini sərbəst, maneəsiz ifadə ediblər və məmur-vətəndaş münasibətlərindəki qarşılıqlı etimad mühitinin möhkəmlənməsindən razılıqlarını qeyd ediblər və cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.