Vilvan kəndinin sakinləri Taleh Qaraşovun səyyar görüş-qəbulundan razı qalıblar
Yanvarın 17-də təsdiq olunmuş qrafikə uyğun olaraq Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşovun Vilvan kəndinin sakinləri ilə növbəti səyyar görüş-qəbulu keçirilib. Görüşdə icra hakimiyyəti aparatının məsul şəxsləri, hüquq mühafizə orqanlarının, idarə və müəssisələrin nümayəndələri iştirak ediblər.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanvarın 16-da Lənkəran rayonuna səfəri barədə məlumat verən Taleh Qaraşov dövlət başçısının lənkəranlılara olan salamını yerli insanlara çatdırıb. İcra başçısı bildirib ki, cənab Prezidentin rayonumuza tarixi əhəmiyyət daşıyan səfəri yüksək ab-havada keçib.
Daha sonra yerli insanları narahat edən şəxsi və ümumi problemləri dinləyən Taleh Qaraşov aidiyyəti üzrə tapşırıq və göstərişlərini verib. İcra başçısı qeyd edib ki, yerlərdə vətəndaşlar tərəfindən qaldırılan məsələlərə həssaslıqla yanaşılır və cənab Prezidentin göstərişinə uyğun olaraq keçirilən səyyar görüş-qəbullar bu baxımdan mühüm əhəmiyyətə malikdir.
Vilvan kəndinin əhalisi də rayon rəhbərliyi ilə birbaşa, maneəsiz və sərbəst dialoq qurmaqdan, onları narahat edən problemlərin həlli istiqamətində səmimi yanaşma görməkdən məmnun qaldıqlarını bildiriblər.
Yerli insanlar cənab Prezidentin Lənkərana tarixi səfərini böyük sevinc və məmnuniyyətlə qarşıladıqlarını, dövlət başçısının lənkəranlılara göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.