Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Vətən müharibəsi şəhidi Rzazadə Mirməhəmmədəlinin xatirə lövhəsinin açılışı olub

13 iyul 2022 | 13:32

İyulun 13-də Vətən müharibəsi şəhidi Rzazadə Mirməhəmmədəli Tərlan oğlu doğum günündə ata ocağında Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun, İcra aparatının məsul şəxslərinin və  ictimaiyyət nümayəndələrinin iştirakı ilə anılıb. Adını daşıyan küçədə xatirə lövhəsinin açılış mərasimi şəhidimizin doğum gündə baş tutub. Dövlət himninin səslənməsindən sonra torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman Vətən övladlarının ölməz xatirəsi bir dəqiqəlik sükutla anılıb. Lənkəran ŞİH başçısı Taleh Qaraşov çıxışında bildirib ki, torpaqlarımızın azad olunmasına, suveren hüquqlarımızın bərpasına və sərhədlərimizə tam nəzarət edə bildiyimizə görə şəhidlərimizə borcluyuq. Bir ailənin övladı kimi Vətənin müdafiəsinə qalxan Mirməhəmməd kimi qəhrəman övladlarımız bütün xalqın övladı, əzizi kimi daim qəlblərdə yaşayacaqlar. Dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhidlərimizin adının əbədiləşdirilməsi istiqamətində mühüm fəaliyyətləri barədə danışan icra başçısı qeyd edib ki, sözügedən məsələ hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzindədir. “Biz şəhidlərimizin xatirəsinin yad olunması və adının əbədiləşdirilməsi istiqamətində atılan bütün addımları təqdirəlayiq hesab edirik” deyən T.Qaraşov belə təşəbbüslərin gənc nəslin vətənpərvər ruhda böyüməsi istiqamətində mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb. Şəhidimizin anası Məmmədova Gülbəniz Aydın qızı çıxışında bütün şəhidlərimizlə fəxr etdiyini, oğul itkisinin ağır olmasına baxmayaraq övladının Vətən uğrunda şəhid olmasının ona təskinlik və təsəlli verdiyini bildirib. Şəhid anası qeyd edib ki, Mirməhəmmədəli kimi qəhrəman övladlarımız ən ali amal uğrunda canlarından keçməklə əbədiyaşarlıq zirvəsinə yüksəliblər. G. Məmmədova övlad itkisinin ağır və çətinliyini, acısını hər zaman onlarla paylaşdıqlarına görə rayon rəhbərliyinə təşəkkürünü bildirib. Şəhid anası cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi qayğısını daim hiss etdiyi üçün onlara səmimi minnətdarlığını ifadə edib. Daha sonra tədbir məktəblilərin ifasında qəhrəman şəhidlərimizə həsr olunan şerlərin səslənməsi ilə davam edib. Qeyd edirik ki, Rzazadə Mirməhəmmədəli Tərlan oğlu döyüşlərdə göstərdiyi igidlik və şücaətə görə Ali Baş Komandan İlham Əliyev tərəfindən ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

Keçidlər