Vətən müharibəsi şəhidi Orxan Quluzadənin doğum günü qeyd olunub
Torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman Vətən övladlarının xatirəsinin əziz tutulması və onların daima yad olunması hər bir vətəndaşımızın mənəvi borcudur. Şəhidlərimizin keçdiyi örnək döyüş yolunun və vətənpərvərliyinin gələcək nəsillərə mütəmadi təbliğ olunması gənclərimizin gələcək həyatında əsl vətəndaş kimi formalaşmasına işıq tutacaq. “Qarabağ” ordenli şəhidimiz Orxan Quluzadə də gənc nəsillərə nümunə təşkil edən döyüş yolu keçən qəhrəmanlarımızdandır. Dövlət Sərhəd Xidmətinin xüsusi təyinatlı giziri Orxan Quluzadə 8 noyabrda Zəngilanda Şükürtaz yüksəkliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
İyun ayının 28-də Heydər Əliyev Mərkəzində şəhidimiz O.Quluzadənin doğum gününə həsr olunan tədbir keçirilib. Tədbirdə şəhidin ailə üzvləri, döyüş yoldaşı, Dövlət Sərhəd Xidmətinin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayan tədbirdə çıxış edənlər O.Quluzadə haqqında xatirələrini, keçdiyi çətin və şərəfli döyüş yolu barədə danışıblar. Ədəbi-bədii kompozisiyalardan sonra şəhidimizin şəxsi əşyalardan ibarət sərgiyə baxış keçirilib.