Ucqar dağ kəndləri olan Biləsər, Aləzəpin, Seliqavol və Vıy kəndlərinin sakinləri Taleh Qaraşovun səyyar görüşündən razı qalıblar
Oktyabrın 2-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov təqvim planına uyğun olaraq növbəti səyyar görüş-qəbulunu ucqar dağ kəndlərindən olan Biləsər, Aləzəpin, Seliqavol və Vıy kəndlərinin sakinləri ilə keçirib. Açıq havada baş tutan səyyar görüş-qəbulda icra hakimiyyəti aparatının məsul şəxsləri, hüquq mühafizə orqanlarının rəhbərləri, yerli idarə və müəssisələrin nümayəndələri iştirak ediblər.
İcra başçısı ötən görüşdə qaldırılan məsələlərin icra vəziyyəti barədə yerli insanları məlumatlandırıb. Ucqar dağ kəndinin qış mövsümünün gəlişi ilə əlaqədar oduncaqla təminatı məsələsinə toxunub və bildirib ki, hər il olduğu kimi bu il də aidiyyəti qurumlar tərəfindən insanların istiliklə bağlı təminatı həllini tapacaq, bu məsələdə heç bir narahatlıq yoxdur.
Yerli insanların qaldırdıqları məsələləri təmkin və həssaslıqla dinləyən T.Qaraşov yerli icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində olan və ədalətli qaldırılan məsələlərin yerində həllinə dair göstərişlərini verib, digər məsələlər barədə isə aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarına müraciət etməyi tapşırıb.
Biləsər kənd inzibati ərazi dairəsinin sakinləri vətəndaş məmur münasibətlərindəki birbaşa dialoqun inkişaf etdirilməsinə, ucqar dağ kəndinin problemlərinin diqqət mərkəzində saxlanılmasına və onların həlli istiqamətində nəticəyə yönəlik addımların atılmasına, müraciətlərinə həssas yanaşılmasına, sosial-iqtisadi vəziyyətlərinin yaxşılaşmasına görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.