Taleh Qaraşov Şıxakəran kəndinin sakinlərinin qayğı və problemlərini dinləyib
Yanvarın 19-da Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov qrafikə uyğun olaraq cari ildə növbəti səyyar görüş-qəbulunu Şıxakəran kənd inzibati ərazi dairəsinin sakinləri ilə keçirib. Səyyar görüş-qəbulda şəhər İcra hakimiyyəti aparatının məsul şəxsləri, hüquq mühafizə orqanlarının rəhbərləri, yerli idarə və müəssisələrin nümayəndələri də iştirak ediblər.
İcra başçısı ötən görüşdə qaldırılan məsələlərin icra vəziyyəti barədə yerli sakinləri məlumatlandırıb. Bildirilib ki, yerli icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində olan və ədalətli qaldırılan bütün məsələlər həllini tapıb, digər məsələlər barədə aidiyyəti üzrə mərkəzi icra hakimiyyəti orqanlarına rəsmi məktubla müraciət edilib.
Taleh Qaraşov səyyar görüş-qəbulların insanların gündəlik qayğı və problemlərinin öyrənilməsinə, onları narahat edən məsələlərin yerində araşdırılmasına, habelə obyektiv qaldırılan məsələlərin ədalətli həllinə nail olunmasına xidmət etdiyini vurğulayıb.
Vətəndaşların maneəsiz, könüllü şəkildə fikir və istəklərinin rayon rəhbərliyinə çatdırılmasına tam şəraitin yaradıldığı səyyar qəbulda icra başçısı bütün müraciətləri diqqətlə və həssaslıqla dinləyib, heç bir müraciətin diqqətdən kənar qalmayacağını və qaldırılan bütün məsələlərin şəxsi nəzarətində olduğunu qeyd edib.
Şıxakəran kəndinin sakinləri onları narahat edən problemləri birbaşa icra başçısına söyləyə bildiklərinə, habelə onların həllindən ötrü səmimi yanaşma gördüklərinə görə razılıqlarını ifadə ediblər.
Yerli sakinlər ölkədə vətəndaş-məmur münasibətlərinin yüksələn xəttlə inkişafına, qaldırdıqları məsələlərə operativ və obyektiv yanaşma ortaya qoyulmasına və insanların sosial rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlərə görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.





