Taleh Qaraşov Şıxakəran kəndinin sakinləri ilə səyyar qəbul keçirib
Fevralın 25-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov Şıxakəran kənd inzibati ərazi dairəsinin sakinləri ilə növbəti səyyar görüş-qəbulunu keçirib. Səyyar qəbulda icra başçısı ilə birgə icra hakimiyyəti aparatının məsul şəxsləri, hüquq mühafizə orqanlarının rəhbərləri, yerli idarə və müəssisələrin nümayəndələri də iştirak ediblər.
Taleh Qaraşov səyyar görüşün əlamətdar günə - su çərşənbəsinə təsadüf etdiyini vurğulayıb və bu münasibətlə Şıxakəran kəndinin sakinlərinin timsalında bütün lənkəranlıları təbrik edib. İcra başçısı cənab Prezidentin göstərişinə uyğun olaraq vətəndaşla dövlət arasındakı qarşılıqlı etimadın və inamın davamlılığını təmin etməkdən ötrü yerlərdə səyyar görüşlərin keçirildiyini qeyd edib. Ötən səyyar qəbulda qaldırılan məsələlərin icra vəziyyəti barədə yerli insanları məlumatlandıran Taleh Qaraşov heç bir müraciətin diqqətdən kənar qalmadığını bildirib. Onun sözlərinə görə, insanların gündəlik qayğı və problemlərinin öyrənilməsi, onları narahat edən məsələlərin yerində araşdırılması, habelə obyektiv qaldırılan məsələlərin ədalətli həllinə nail olunması məqsədini daşıyan səyyar qəbullar eyni zamanda, vətəndaşla məmur arasındakı qarışılıqlı münasibətlərin inkişafına, etimadın daha da güclənməsinə, dialoq mühitinin uğurla irəliləyişinə xidmət edir.
Görüş-qəbulda vətəndaşların maneəsiz, könüllü şəkildə fikir və istəklərinin rayon rəhbərliyinə çatdırılmasına tam şərait yaradılıb. Şıxakəran kəndinin sakinləri cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın sosial sahəyə göstərdikləri diqqət nəticəsində ölkəmizdə sosial inkişaf istiqamətində mühüm nailiyyətlərin əldə olunduğunu qeyd ediblər və buna görə onlara minnətdarlıqlarını bildiriblər.