Taleh Qaraşov növbəti səyyar görüş-qəbulunu Vel və Siyavar kəndlərinin sakinləri ilə keçirib
Fevralın 18-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov növbəti səyyar görüş-qəbulunu Siyavar kənd inzibati ərazi dairəsinin sakinləri ilə keçirib. Səyyar görüşdə şəhər İcra hakimiyyəti aparatının məsul şəxsləri, rayonun hüquq mühafizə orqanlarının, yerli idarə və müəssisələrin nümayəndələri də iştirak edib.
Taleh Qaraşov ötən səyyar görüşdə yerli sakinlər tərəfindən qaldırılan məsələlərin həllinin icra vəziyyəti barədə onları məlumatlandırıb. Bildirilib ki, yerli icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində olan və ədalətli qaldırılan bütün məsələlər həllini tapıb və digər məsələlər barədə aidiyyəti üzrə yuxarı dövlət qurumlarına rəsmi müraciətlər ünvanlanıb, bu barədə vətəndaşlara qanunvericiliyə uyğun müddətdə cavablar verilib.
Siyavar və Vel kəndlərinin sakinləri könüllü, sərbəst və maneəsiz şəkildə şəxsi və ümumi problem və qayğılarını icra başçısına söyləyiblər. Qaldırılan məsələlərin hər biri nəzarətə götürülüb, onların həllindən ötrü addımların atılması üçün səlahiyyətli şəxslərə tapşırıq və tövsiyələr verilib.
Vel və Siyavar kəndlərinin sakinləri ölkədə dayanıqlı iqtisadi inkişafın təmin edildiyini və paralel olaraq regionlarda sürətli inkişaf dinamikasına nail olunduğunu vurğulayıblar, bütün bunlara görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür və minnətdarlıqlarını ifadə ediblər.





