Taleh Qaraşov yeni ilin ilk səyyar qəbul-görüşünü Səpnəkəran kənd inzibati ərazi dairəsinin sakinləri ilə keçirib
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov 2023-cü il yanvar ayının təqvim planına uyğun olaraq ilk səyyar qəbul-görüşünü yanvarın 11-də Səpnəkəran kənd inzibati ərazi dairəsinə daxil olan Səpnəkəran, Mikolan və Yuxarı Nüvədi kəndlərinin sakinləri ilə keçirib. Kənd əhalisi tərəfindən böyük hörmət, ehtiram və məmnunluqla qarşılanan icra başçısı giriş nitqində vətəndaşla dövlət qurumları arasında birbaşa dialoqun hamı üçün əlçatan olması baxımından yerlərdə qəbul-görüşlərin keçirilməsinin önəminə toxunub. Bildirilib ki, vətəndaşların müraciətlərinə yerində baxılması və qaldırılan məsələlərin həssaslıqla araşdırılaraq həllindən ötrü operativ tədbirlərin görülməsi istiqamətində dövlətimizin başçısının tövsiyə və tapşırıqlarından irəli gələn vəzifələri yerinə yetirmək üçün səyyar qəbul-görüşlər mühüm əhəmiyyətə malikdir. T.Qaraşov qeyd edib ki, vətəndaş dövlət məmuru ilə birbaşa və maneəsiz dialoq qurmaqla onu narahat edən məsələləri rayon rəhbərliyinə söyləyə bilir, bu isə vətəndaş məmnunluğunun təmin olunması, habelə mövcud nöqsan və çatışmamazlıqların aradan qaldırılması baxımından istər zaman, istərsə də operativlik baxımından önəm kəsb edir.
Qeyd edək ki, səyyar qəbul-görüşdə icra başçısı ilə birlikdə rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların və xidmət sahələrinin rəhbər işçiləri də iştirak ediblər. Kənd sakinləri yaşadıqları ərazidə rayonun rəhbər şəxslərinin qəbul-görüşlərdə iştirakının onların təklif və müraciətlərinə yerində baxılması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıblar. Yerli insanların qaldırdıqları bütün müraciət və təkliflər diqqətlə dinlənilib, bir çoxunun yerində həll olunması istiqamətində icra başçısı tərəfindən aidiyyəti qurumlara göstəriş və tövsiyələr verilib.
Şəhid ailələrinin, qazilərin və Vətən müharibəsi iştirakçılarının daim diqqət mərkəzində saxlandığını vurğulayan T.Qaraşov qeyd edib ki, dövlət hər zaman onların qayğı və problemlərinə həssas yanaşır və bütün gücü ilə onların yanındadır.
İcra başçısı vətəndaşların müraciətlərinə həssaslıqla baxılması ilə bağlı ölkə Prezidentinin qarşıya qoyduğu vəzifələrin Lənkəran ŞİH-nin gündəlik fəaliyyətinin əsasını təşkil etdiyini və keçirilən səyyar qəbul-görüşlərin bu məqsədə xidmət etdiyini xüsusi vurğulayaraq irəli sürülən məsələlərin həllindən ötrü lazımi tədbirlərin görüləcəyini, habelə bu səpkili görüşlərin gələcəkdə də davam etdiriləcəyini qeyd edib.
Səmimi ab-havada keçən səyyar qəbul-görüşdə sakinlər onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.