Taleh Qaraşov Xarxatan kəndində yeni salınan meyvə bağı ilə tanış olub
Ölkədə qeyri-neft sektorunun inkişafı və kənd təsərrüfatına qoyulan investisiyalar əhalinin rihafının yüksəldilməsinə hesablanıb ki, Lənkəran rayonunda da bu istiqamətdə mütəmadi addımlar atılır.
Lənkəran rayonunda da yerli sahibkarlığın inkişafına xüsusi diqqət göstərilir, rayonun coğrafi və iqtisadi mühitinə uyğun olaraq qeyri-neft sektorunun, xüsusilə kənd təsərrüfatının ardıcıl və dayanıqlı böyüməsi istiqamətində addımlar atılır. Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) yerli sahibkarlığın daha da inkişafı üçün hər zaman bütün mümkün imkanlarını səfərbər edir.
Noyabrın 22-də Lənkəran ŞİH başçısı Taleh Qaraşovun “Shibagro” MMC tərəfindən Xarxatan kəndi ərazisində yeni salınan meyvə bağı ilə tanışlığı da məhz sözügedən məqsədə xidmət edib. Taleh Qaraşov ərazini gəzib, meyvə bağına baxış keçirib, yerli sahibkarla söhbət edib, şəhər İcra hakimiyyətinin səlahiyyətləri çərçivəsində yerli sahibkarlığın inkişafında maraqlı olduğunu və hər zaman dəstək göstərməyə hazır olduğunu vurğulayıb.
Yerli sahibkar Hikmət Babayev də öz növbəsində dövlət tərəfindən yerli sahibkarlığın inkişafına yaradılan şəraitdən, rəqabətli və sağlam biznes mühitinin formalaşmasından məmnunluğunu ifadə edib, bütün bunlara görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdalığını bildirib.
İcra başçısına yeni meyvə bağı ilə bağlı məlumat verən sahibkar qeyd edib ki, layihənin ümumi dəyəri 6,4 mln manatdır, bağın ümumi sahəsi isə 83 hektardır. 35 hektar ərazidə kivi, 1.5 ha ərazidə isə ümumi meyvə bağları salınıb. Bağın digər hissələrində suvarma kanalları, yollar vardır. Bağda kivi tinglərinin yetişdirilməsindən ötrü infrastruktur qurulub, damcı suvarma sistemi çəkilib və bir neçə ağır texnika alınıb. Yerdə qalan digər torpaq sahələrində növbəti yaz mövsümü ərzində kivi tinglərinin əkilməsindən ötrü torpaq sahəsinin hazırlıq prosesi həyata keçirilir. Hazırda bağda əkilən kivi ağacları İtaliyadan gətirilib. Yerli sahibkarın sözlərinə görə, təsərrüfatda 20 nəfərin daimi, 100 nəfərin mövsümü olaraq, ümumilikdə 120 işçinin çalışması nəzərdə tutulur.