Taleh Qaraşov Vətən müharibəsi şəhidimiz Araz Həbibovun məzarını ziyarət edib
Vətən müharibəsində şəhid olan qəhrəman övladlarımızın anım günlərinin keçirilməsi, birlik və bərabərlik rəmzimiz olan şəhidlərimizin anılması və xatirələrinin əziz tutulması Lənkəran rayonunda mütəmadi şəkildə davam etdirilir. Oktyabrın 10-da şəhidimiz Cil kənd sakini Araz Həbibovun anım günündə məzarı ziyarət olunub. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun, icra aparatının məsul şəxslərinin, şəhidin ailə üzvlərinin və kənd ictimaiyyətinin iştirak etdiyi anım mərasimində kənd qəbiristanlığındakı bütün şəhidlərimizin məzarları ziyarət edilib, məzarları üzərinə tər gül dəstələri düzülüb, ruhlarına dualar olunub. Taleh Qaraşov şəhidin ailə üzvləri ilə yaxından maraqlanıb, onların qayğı və problemlərini dinləyib və dövlətimizin hər zaman şəhid ailələrinin yanında olduğunu vurğulayıb. Qeyd edək ki, şəhidimiz Araz Həbibov ölümündən sonra Ali Baş Komandan cənab İlham Əliyevin Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilib.
Allah rəhmət eləsin!