Taleh Qaraşov Vətən müharibəsi iştirakçısı ilə ailə həyatı quran şəhid bacısının toy şənliyində iştirak edib
İyunun 12-də Vətən müharibəsi iştirakçısı Abbaszadə Şahin Fizuli oğlu şəhid Səmədov Kamranın bacısı ilə ailə həyatı qurub. Toy mərasiminə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, icra aparatının rəsmi şəxsləri də qatılıblar. İcra başçısı yeni evlənən cütlüyə ailə səadəti və xoşbəxtlik arzulayıb. Taleh Qaraşovun şəhid bacısının və müharibə iştirakçısının şad günündə yanında olması məclis iştirakçıları tərəfindən məmnuniyyətlə qarşılanıb. Şəhid ailələrinə, müharbə əlillərinə və müharibə iştirakçılarına hər zaman xüsusi həssaslığı ilə seçilən Lənkəran ŞİH başçısı qeyd edib ki, sözügedən həssas qrupdan olan insanlara qayğı göstərilməsi hər birimizin mənəvi borcudur. Taleh Qaraşov bildirib ki, cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın göstərişi ilə dövlət səviyyəsində şəhid ailələrinə, müharibə əlillərinə və müharibə iştirakçılarına xüsusi diqqət və qayğı ilə yanaşılır. Onun sözlərinə görə, dövlət bütün imkanları ilə sözügedən həssas təbəqədən olan insanların yanındadır, onların bütün problem və qayğıları ilə daim yaxından maraqlanır.
Toy sahibləri də icra başçısının onlara göstərdiyi diqqətdən razılıqlarını ifadə ediblər. Özlərini heç zaman yalnız hiss etmədiklərini, daim yanlarında dövlətin qayğısını hiss etdiklərini, bütün müraciətlərinə həssaslıqla yanaşıldığını vurğulayıblar və bütün bunlara görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkür və minnətdarlıqlarını ifadə ediblər.
Toy mərasimində Taleh Qaraşov şəhid ailələrinin üzvləri, müharibə əlilləri və müharibə iştirakçıları ilə rəqs edib, xatirə şəkilləri çəkdirib.
Qeyd edək ki, şəhidimiz K.Səmədov cənab Prezident İlham Əliyevin sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.
Ş.Abbaszadə isə “Müharibə iştirakçısı”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.
Allah xeyir versin, xoşbəxt olsunlar!