Taleh Qaraşov ucqar dağ kəndləri olan Günəhir, Türkəncil və Qodəsə kəndlərinin sakinləri ilə görüşüb
İyulun 19-da Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü ucqar dağ kəndlərindən olan Günəhir kənd inzibati ərazi dairəsinin sakinləri ilə keçirib. Səyyar qəbul-görüşdə icra başçısı ilə birlikdə icra hakimiyyəti aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların və xidmət sahələrinin rəhbər işçiləri də iştirak ediblər.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov çıxışında insan amilinin sosial dövlətin ana sütununu təşkil etdiyini vurğulayıb və cənab Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq vətəndaşların bütün müraciətlərinə həssaslıqla yanaşıldığını, dərindən təhlil edildiyini, qaldırılan məsələlərin ümumiləşdirilərək həlli üçün uyğun mexanizmlər və təkliflər irəli sürüldüyünü qeyd edib. İcra başçısı dağ kəndlərinin əhalisinin qış aylarında istiliklə təminatına toxunaraq bildirib ki, sözügedən məsələ onun şəxsi nəzarətindədir: “Lənkəranın 95,9 faizi tam qazlaşdırılıb və digər ərazilərin qazla təminatı Dövlət Proqramına daxil edilib və onların da yaxın müddətdə tam şəkildə qazlaşdırılması nəzərdə tutulur. Ancaq əhalinin istiliklə, başqa sözlə, oduncaqla təminatı üçün aidiyyəti qurumlara rəsmi müraciətlər ünvanlanıb və əvvəlki illərdə olduğu kimi bu il də sözügedən məsələ şəxsi nəzarətimdə olmaqla heç bir problem yaşanmayacaq”.
Taleh Qaraşov səyyar qəbul-görüş zamanı əhalinin həssas təbəqələri tərəfindən qaldırdıan və icra hakimiyyətinin səlahiyyətlərinə aid olan məsələlərin yerindəcə həlli istiqamətində göstərişlərini verib, icra hakimiyyətinin səlahiyyətlərinə aid olmayan məsələlərin həlli üçün aidiyyəti qurumlara rəsmi müraciətlərin edilməsi və nəticəsi barədə vətəndaşlara məlumat verilməsi tapşırılıb.
Günəhir, Türkəncil və Qodəsə kəndlərinin sakinləri fikir və istəklərini sərbəst şəkildə söyləyə bildikləri üçün yaradılan şəraitə görə məmnuniyyətlərini və təşəkkürlərini ifadə ediblər. Yerli sakinlər çıxışlarında dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın sosial müdafiə və aktiv məşğulluq proqramlarının uğurla davam etdirilməsi, habelə əhəmiyyətli dərəcədə genişlənməsi və sosial təminat sisteminin dəfələrlə güclənməsi istiqamətindəki fəaliyyətlərinə görə onlara minnətdarlıqlarını ifadə ediblər.