Taleh Qaraşov ucqar dağ kəndi olan Gəgiranda şəhid Qalib Nurizadənin məzarını ziyarət edib
Dekabrın 10-da şəhid Nurizadə Qalib Habil oğlunun anım günü keçirilib. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, icra aparatının məsul şəxsləri, şəhid ailələrinin üzvləri, yerli ictimaiyyətin nümayəndələri şəhidimizin ucqar dağ kəndi olan Gəgiran qəbiristanlığındakı məzarını ziyarət edib, önünə tər güllər düzüb və ruhuna dualar ediblər. İcra başçısı şəhidimizin ailə üzvləri ilə yaxından söhbət edib, onların qayğı və ehtiyacları ilə maraqlanıb. Taleh Qaraşov bildirib ki, vətənin bütövlüyü, dövlətin suverenliyi uğrunda canını fəda edən şəhidlərimizin adının əbədiləşdirilməsi və xatirəsinin daim əziz tutulması hər zaman diqqət mərkəzindədir. Onun sözlərinə görə, milli birlik və bərabərliyi ilə vətən sevgisinin simvolu olan şəhidlərimiz sahib olduğumuz ən dəyərli xəzinə kimi gələcək nəsillərimizə əmanətdir: “Bu əmanəti laiqincə dövlətin və xalqın birliyinin gələcək müdafiəçiləri, qoruyucuları və təbliğatçılarına təslim etmək üçün şəhidlərimizin xatirəsini və mənəvi varlığnı canlı saxlamaq vətəndaşlıq borcumuz, qanları ilə torpaqlarımızın azadlığı uğrunda dastan yazan qəhrəman Vətən övladlarının qarşısında minnətdarlıq ifadəsidir”. Taleh Qaraşov qeyd edib ki, şəhidlərimizin adlarının əbədiləşdirilməsi daim ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət mərkəzindədir. İcra başçısı şəhidlərin anım mərasimlərində ictimaiyyətin iştirakının vacibliyinə toxunub, Vətən müharibəsində xalqın göstərdiyi birlik və bərabərliyin bu gün şəhidlərimizə münasibətdə özünü daha qabarıq göstərdiyini vurğulayıb.
Şəhid qardaşı Rasif Nurizadə icra başçısının şəhidlərə göstərdiyi hörmət və ehtiramın nümunə olduğunu qeyd edib. Bildirilib ki, Taleh Qaraşovun şəhid ailələrinə göstərdiyi doğmalıq və onların istər xeyir, istərdə də yas məclislərində yanlarında olması birmənalı olaraq həm ictimaiyyət, həm də şəhid ailələrinin üzvləri tərəfindən təqdir olunur. Dövlət başçımız cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi qayğısını hər zaman hiss etdiklərini vurğulayan şəhid qardaşı buna görə onlara minnətdar olduqlarını söyləyib.
Qeyd edək ki, Vətən müharibəsindəki şücaətinə görə Q.Nurizadə Ali Baş Komandanın müvafiq sərəncamları ilə “Vətən uğrunda”, ”İgidliyə görə”, ”Cəsur döyüşçü”, “Hərbi xidmətlərə görə”, “Şuşanın azad olunmasına görə” və “Füzilinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Allah rəhmət eləsin!