Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Taleh Qaraşov ucqar dağ kəndi olan Gəgiranda növbəti səyyar görüşünü keçirib

18 avqust 2022 | 09:54

      "Vətəndaş məmnunluğunun təmin edilməsi, qaldırılan məsələlərin həllinə obyektiv yanaşılması və problemlərin çözümüylə bağlı əlverişli mexanizmlərin təklif edilməsi bütün dövlət məmurları qarşısında qoyulan başlıca tələblərdəndir". Bunu Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov avqustun 17-də Gəgiran kənd inzibati ərazi dairəsinin sakinləri ilə keçirdiyi səyyar qəbul-görüşü zamanı ifadə edib. Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov, İcra hakimiyyəti aparatının məsul şəxsləri və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri tədbirdən öncə Gəgiran kənd qəbiristanlığında şəhidlərin məzarlarını ziyarət ediblər, önünə tər çiçəklər düzüblər və ruhlarına dualar ediblər. Torpaqlarımızın, ərazi bütövlüyümüzün, suveren hüquqlarımızın və sərhədlərimizin bərpası zamanı canını fəda edən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunmasından sonra İcra başçısı öncəliklə əhalinin həssas təbəqəsindən olan insanları dinləyib və qayğılarıyla maraqlanıb. Taleh Qaraşov İcra hakimiyyətinin səlahiyyətlərinə aid olan məsələlərin həlli ilə bağlı yerindəcə göstərişlərini verib, bütün məsələlərin şəxsi nəzarətində olduğunu qeyd edib. Şəhid ailələrinin, qazilərin və Vətən müharibəsi iştirakçılarının daim diqqət mərkəzində saxlandığını vurğulayan İcra başçısı qeyd edib ki, dövlət hər zaman onların qayğı və problemlərinə həssas yanaşır və bütün gücü ilə onların yanındadır. Azərbaycan dövlətinin iqtisadi, hərbi və siyasi gücü, beynəlxalq münasibətlər sistemində oyun qurucu subyekt olması, regional məsələlərin həllinin onun iştirakı olmadan mümkünsüzlüyü artıq dünyanın güc və beyin mərkəzləri tərəfindən birmənalı şəkildə qəbul olunub. “Bu isə dövlət başçısının qətiyyətli siyasəti nəticəsində mümkün olub” deyən İcra başçısı bildirib ki, hər bir Azərbaycan vətəndaşı onun arxasında hüquq və mənafelərini qoruyan qalib dövlətin olduğuna əmindir: ”Son günlər ermənilərin Qarabağda təxribat törətməsi və Ali Baş Komandan İlham Əliyevin göstərişi ilə dərhal qısa müddətli "Qisas əməliyyatı"nın keçirilməsi nəticəsində şəhidimizin qisası alınıb. Bu, dövlətin vətəndaşına qarşı atılan istənilən addıma adekvat mövqe ortaya qoymaq istək və iradəsindən, habelə real gücə sahib olmasından irəli gəlir”.                                                                                                                      Ucqar dağ kəndinin problemlərinin həlli üçün atılan hər bir addımı məmnuniyyətlə qarşılayan Gəgiran kənd inzibati ərazi dairəsinin sakinləri yerində bir çox məsələlərin həll olunduğuna, fikir və narahatlıqlarını sərbəst ifadə etmək üçün yaradılan səmimi qəbula görə rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər. Yerli insanlar çıxışlarında ərzaq təhlükəsizliyi sahəsində cənab Prezidentin gördüyü işləri xatırladaraq bildiriblər ki, ən ucqar dağ kəndlərində belə qida və ərzaq çatışmazlığı istiqamətində heç bir problem yoxdur və buna görə məhz dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya səmimi təşəkkürlərini vurğulayıblar.                                                                                                                                                       Səyyar qəbuldan sonra Taleh Qaraşov torpaq sürüşməsi nəticəsində qəzalı vəziyyətə düşən, şəhid atası Əhədov Şakir Qəni oğlunun evində şəhər İcra hakimiyyətinin maliyyə dəstəyi ilə aparılan tikinti işləri ilə yerindəcə tanış olub.

 

Keçidlər