Taleh Qaraşov ucqar dağ kəndi olan Gəgiranda keçirdiyi səyyar qəbul zamanı şəhidlərin məzarını ziyarət edib
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov yerlərdə sakinlərlə açıq formatda dialoqun qurulması istiqamətində növbəti səyyar qəbul-görüşünü iyunun 13-də Gəgiran kənd inzibati ərazi dairəsinin sakinləri ilə keçirib. Səyyar görüş öncəsi icra başçısı ilə birgə rayon prokuroru, rayon polis idarəsinin rəisi Gəgiran şəhidlərinin məzarlarını və onların xatirəsinin əbədiləşdirilməsi üçün inşa edilən abidəni ziyarət edib, önünə tər güllər düzüb, ruhlarına dua edib, onlara olan hörmət və ehtiramlarını ifadə ediblər.
Daha sonra Taleh Qaraşov ucqar dağ kəndinin sakinləri ilə birbaşa dialoq qurub. İcra başçısı şəhidlərimizə göstərilən qayğının dövlət səviyyəsində olduğunu qeyd edib. Onun sözlərinə görə, cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi diqqət və qayğısı nəticəsində sözügedən təbəqədən olan insanların qayğı və problemləri daim diqqətdə saxlanılır.
İcra başçısı ötən səyyar qəbul-görüşdə inzibati ərazi dairəsi üzrə qaldırılan məsələlərin həllinin icra vəziyyəti barədə sakinlərə məlumat verib. Bildirilib ki, icra hakimiyyətinin səlahiyyətlərinə aid olan bütün məsələlər həllini tapıb, digər məsələlərin həlli üçün aidiyyəti qurumlara rəsmi müraciətlər ünvanlanıb. Taleh Qaraşov qaldırılan bütün məsələlərin şəxsi nəzarətində olduğunu qeyd edib.
Səyyar qəbulun 15 iyun-Milli Qurtuluş Günü ərəfəsində keçirildiyinə toxunan Taleh Qaraşov bildirib ki, ucqar dağ kəndinin əhalisi hər zaman Heydər Əliyev ideyalarına sadiqliyi ilə seçilib. Müasir Azərbaycanın qurucusu və memarı olan Ulu Öndərin ideyalarının dövlətimiz və xalqımız var olduqca daim yaşayacağını qeyd edən icra başçısı dövlətin sükanının bu gün laiqli və etibarlı əllərdə olduğunu vurğulayıb.
Taleh Qaraşov dağlıq və kənd ərazilərində insanların təsərrüfatla məşğul olmasının önəmindən də danışıb. Onun sözlərinə görə, dövlət özünüməşğulluq proqramı çərçivəsində bütün lazımi şəraiti yaradıb. “Bu sahədə kifayət qədər güclü və əsaslı qanunlarımız qəbul olunub ki, hər biri vətəndaşımızın rifah halının yaxşılaşdırılmasına, xidmət edir. İstər subsidiyaların verilməsi, istər kiçik biznesin inkişafını stimullaşdırmaq üçün gərəkli avadanlıqlarla təminat, istərsə də strateji məhsulların əkini ilə məşğul olanlara tətbiq edilən güzəştlər bütövlükdə dövlətin bu istiqamətdəki vətəndaşına olan yanaşmanı ortaya qoyur”.
Gəgiran kənd inzibati ərazi dairəsinin insanları yerində bir çox məsələlərin həll olunmasına, fikir və narahatlıqlarını sərbəst ifadə edə bilmələri üçün yaradılan səmimi qəbula görə rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
Dövlətə və dövlətçiliyə bağlı olan Gəgiran kəndinin sakinləri çıxışlarında qaldırdıqları istənilən məsələyə bütün dövlət qurumları tərəfindən hər zaman xüsusi həssaslıq göstərildiyi üçün cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyeva səmimi təşəkkürlərini vurğulayıblar.