Taleh Qaraşov Sütəmurdov kəndinin sakinləri ilə görüşüb
İyulun 12-də Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov təqvim planına uyğun olaraq növbəti səyyar qəbul-görüşünü Sütəmurdov kənd inzibati ərazi dairəsinin sakinləri ilə keçirib. Səyyar qəbul-görüşdə icra başçısı ilə birlikdə icra hakimiyyəti aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların və xidmət sahələrinin rəhbər işçiləri iştirak ediblər.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov çıxışında yerlərdə vətəndaşlarla birbaşa dialoqun qurulmasının önəmindən danışaraq bildirib ki, məqsəd insanların ümumi və şəxsi problemlərinin dinlənilməsi, onların həlli istiqamətində operativ və nəticəyə yönəlik addımların atılmasını təmin etməkdir. Dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaş müraciətlərinə həssaslıqla yanaşdıqlarını bildirən icra başçısının sözlərinə görə, insanlarla birbaşa dialoqun qurulması, qarşılıqlı etimadın gücləndirilməsi və onları narahat edən məsələlərin həllinə köməklik göstərilməsi bu gün prioritet məsələlərdəndir.
Səyyar qəbul-görüşlərdə həssas kateqoriyadan olan vətəndaşları birbaşa dinləyən T.Qaraşov onların qaldırdıqları və icra hakimiyyətinin səlahiyyətlərinə aid olan məsələlərin yerindəcə həlli istiqamətində göstərişlərini verib. Bundan başqa, icra hakimiyyətinin səlahiyyətlərinə aid olmayan məsələlərin həlli üçün aidiyyəti qurumlara rəsmi müraciətlərin edilməsi və nəticəsi barədə vətəndaşlara məlumat verilməsi tapşırılıb.
Yerli sakinlər də səmimi və açıq qəbula görə icra başçısına təşəkkür ediblər. Problem və qayğılarının həllinə ən qısa zamanda nail olacaqlarına inamlarını ifadə edən Sütəmurdov kəndinin sakinləri dövlətimizin başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya sosial-iqtisadi vəziyyətlərinin günü-gündən yaxşılaşdığına, müraciətlərinə obyektiv və operativ baxıldığına, sosial infrastruktur layihələrinin uğurla həyata keçirildiyinə görə dərin və səmimi minnətdarlıqlarını bildiriblər.