Taleh Qaraşov Şiləvar qəbristanlığında subasmanın fəsadlarının aradan qaldırılması işləri ilə yerində tanış olub
Fevralın 6-da intensiv yağan leysan yağışları nəticəsində Lənkəran rayonunun bəzi ərazilərində subasma halları müşahidə olunub. Çaylardan sel keçib, bir sıra fərdi yaşayış evləri və təsərrüfat sahələrini sel basıb. Suötürücü kollektor və kanalların həcmi və ötürücülük qabiliyyəti texniki baxımdan sel sularının ötürülməsinə imkan vermədiyi üçün baş verən subasma hallarının aradan qaldırılması gün ərzində davam etdirilib, o cümlədən Şiləvar kənd qəbristanlığında da subasmanın fəsadlarının aradan qaldırılması işləri intensiv şəkildə aparılıb. Əraziyə ağır texnika və xidmət sahələrinin işçi qüvvəsi cəlb edilib. Aparılan işlərlə yerində tanış olmaq üçün Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov Şiləvar qəbristanlığına baş çəkib, işlərin gedişatı ilə yerində maraqlanıb, aidiyyəti üzrə tapşırıq və tövsiyələrini verib.
Qeyd edək ki, hazırda rayonun bütün aidiyyəti idarələri subasmanın yaratdığı fəsadların ən qısa zamanda aradan qaldırılması üçün koordinasiyalı şəkildə bütün imkanlarını səfərbər edib.