Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Taleh Qaraşov şəhidlərimiz Orxan Quluzadə, Orxan Dadaşlı və Heydər Qənbərzadənin məzarlarını ziyarət edib

09 noyabr 2022 | 11:48

   Birlik rəmzimiz olan şəhidlərimiz Lənkəran rayonunda daim ehtiramla anılır. Onların anım günlərinin, xatirə gecələrinin, il dönümlərinin və adlarının əbədiləşdirilməsi Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun diqqət mərkəzindədir. Vətən müharibəsi şəhidlərimiz Quluzadə Orxan Elxan oğlu, Qənbərzadə Heydər Ağahüseyn oğlu və Dadaşlı Orxan Elxan oğlunun şəhadətə  qovuşduğu gündə anım mərasimləri keçirilib. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, icra hakimiyyətinin rəsmi şəxsləri, şəhid ailələrinin üzvləri və yerli ictimaiyyətin nümayəndələri şəhidlərimizin məzarlarını ziyarət ediblər, qəbirləri üzərinə güllər düzüblər, ruhlarına dualar oxuyublar. İcra başçısı Taleh Qaraşov şəhidlərimizin ailə üzvləri ilə səmimi söhbət edib, onların qayğı və ehtiyacları ilə maraqlanıb. Qeyd edək ki, Taleh Qaraşov eyni gündə şəhidimiz Quluzadə Orxan Elxan oğlunun bulaq xatirə kompleksinin açılışında da iştirak edib. Taleh Qaraşov qeyd edib ki, 30 illik torpaq həsrətinə son qoyan, ərazi bütövlüyümüzü təmin edən və suveren hüquqlarımızı bərpa edən şəhidlərimizin  xatirəsinin əziz tutulması dövlətin ali siyasi rəhbərliyinin birbaşa nəzarətindədir. Sevinclə kədərin bərabər yaşandığı gündə daha çox sevinməyə haqqımız olduğunu, gələcəyə daha nikbin baxmağın vacibliyini vurğulayan icra başçısı bildirib ki, şəhidlərimiz qəlblərimizdə və yaddaşlarımızda əbədiyaşarlıq qazanıblar. Onun sözlərinə görə, birlik və bərabərlik rəmzimiz olan şəhidlərimiz Azərbaycan tarixində yeni səhifə açıblar, onların sayəsində xalqın milli qüruru bərpa edilib, dövlətimizin beynəlxalq arenadakı nüfuzu daha da möhkəmlənib. Taleh Qaraşov qeyd edib ki, Azərbaycanın dünyada artan nüfuzu, regionda iştirakımız olmadan heç bir məsələnin həll olunmaması məhz Vətən müharibəsində qazandığımız Zəfərdən sonra formalaşan siyasi proseslərin təzahürüdür.

    Qeyd edək ki, şəhidimiz  O.Quluzadə ölümündən sonra döyüşlərdə göstərdiyi şücaətə görə dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən “Qarabağ” ordeni, “Vətən uğrunda” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif olunub.

    Şəhidimiz O.Dadaşlı da Vətən müharibəsində göstərdiyi cəsarətinə, əzmkarlığına görə ölümündən sonra Ali Baş Komandan tərəfindən “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Qubadlının azad olunmasına görə” və  “Cəbrayılın azad olunmasına görə” medallarına laiq görülüb.

    Şəhidimiz H.Qənbərzadə də torpaqlarımızın azadlığı uğrunda göstərdiyi qəhrəmanlıqlara görə cənab Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

    Allah rəhmət eləsin!

 

Keçidlər