Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Taleh Qaraşov şəhidlərimiz Mirxəyal Kərimzadə, Vüsal Hüseynov və Tural Hümmətovun anım günlərində iştirak edib

10 noyabr 2022 | 10:46

Dövlətimız və xalqımız var olduqca torpaqlarımız uğrunda canını fəda edən qəhrəman, ölümün gözünə dik baxan, canını Vətən üçün əsirgəməyən övladlarımızın xatirəsi daim əziz tutulacaq, onların göstərdikləri igidliklər gələcək nəsillərə böyük hörmət və ehtiramla aşılanacaq. Cənab Prezident İlham Əliyevin “Şəhidlər bizim qəlbimizdə əbədi yaşayır, yaşayacaq” fikri  bütün xalqın milli dəyərimiz olan və ən uca zirvədə özünə məqam quran Vətən övladlarına göstərdiyi münasibətin təzahürüdür. Noyabrın 9-da üç rəngli bayrağımızın azad və suveren torpaqlarımızda dalğalanması uğrunda canlarını fəda edən Kərimzadə Mirxəyal Valeh oğlu, Hüseynov Vüsal Yəhya oğlu və Hümmətov Tural  Rövşən oğlunun anım günləri keçirilib.  Eyni gündə şəhidimiz Hümmətov Tural  Rövşən oğlunun xatirə bulaq kompleksinin açılışı da baş tutub. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun, icra aparatının məsul şəxslərinin, şəhid valideynlərinin və yerli ictimaiyyətin nümayəndələrinin iştirakı ilə şəhidlərimizin Lənkəran şəhər “Kiçik Bazar”, Velədi və Osakücə kəndlərinin qəbiristanlıqlarındakı məzarları ziyarət edilib, qəbirləri üzərinə gül dəstələri düzülüb, ruhlarına dualar oxunub. Bildirilib ki, şəhidlərimizin üç rəngli müqəddəs bayrağımızın daim səmamızda dalğalanması uğrunda məhz Bayraq Günündə şəhadətə qovuşması onların Vətənə, torpağa və bayrağa olan sevgisinin aliliyinin əyani sübutudur. İcra başçısı deyib ki, bu gün şanlı və müqəddəs bayrağımız Azərbaycanın suveren hüdudlarında dalğalanırsa, biz buna görə öncəliklə şəhidlərimizə minnətdar olmalıyıq. Taleh Qaraşovun sözlərinə görə, xalqımız sevinclə kədəri bərabər yaşamağı bacaran müdrik xalqdır: “Zəfər Günündə, eləcə də Bayraq Günündə Lənkərandan şəhid olan sakinlərimiz var. Biz onların məzarlarını ziyarət edəndə şəhid valideynlərinin gözlərindəki qələbə sevincini görürük. Şəhid valideynləri övladlarının axıdılan qanlarının əbəs yerə olmadığını ifadə edirlər”. İcra başçısı Vətən müharibəsinin bitməsindən iki il zaman ötsə də ali siyasi rəhbərliyin şəhidlərimizin göstərdiyi qəhrəmanlıqları qiymətləndirmək üçün onları yeni medal və ordenlərlə təltif etdiyini xatırladıb. Bildirilib ki, bu təkcə şəhid valideynlərinə təsəlli deyil, eyni zamanda, canını fəda edən qəhrəman övladlarımızın haqqlarının onlara təslim edilməsidir. Şəhid valideynləri də ağrı və acılarına baxmayaraq “Zəfər” sevincini yaşadıqlarını, övladlarının qələbəmizdəki müstəsna rollarına görə fəxarət hissi keçirdiklərini vurğulayıblar. Bildirilib ki, dövlətin ən ali səviyyəsində onlara xüsusi ehtiram və diqqət göstərilir, bütün bunlara görə onlar şəxsən cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdardırlar.

            Şəhidimiz M.Kərimzadə Ali Baş Komandanın müvafiq sərəncamları ilə döyüşlərdə göstərdiyi şücaətə görə ölümündən sonra “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

            Qeyd edək ki, şəhidimiz V.Hüseynov ölümündən sonra dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən “Vətən uğrunda”, “İgidliyə görə”, “Zəngilanın azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medallarına laiq görülüb.

            Şəhidimiz T.Hümmətov ölümündən sonra cənab Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

            Allah rəhmət eləsin!

Keçidlər