Taleh Qaraşov şəhidlərimiz Kənan Axundzadə və Elnur Talıbovun anım günündə məzarlarını ziyarət edib
Azərbaycan dövləti və xalqı var olduqca torpaqlarımız uğrunda canını fəda edən qəhrəman, ölümün gözünə dik baxan, canını Vətən üçün əsirgəməyən övladlarımızın xatirəsi daim əziz tutulacaq, onların göstərdikləri igidliklər gələcək nəsillərə böyük hörmət və ehtiramla ötürüləcək. Noyabrın 1-də Vətən müharibəsi şəhidlərimiz Axundzadə Kənan Hamil oğlu və Talıbov Elnur Gəgiş oğlunun anım günündə məzarları ziyarət olunub. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun, icra aparatının məsul şəxslərinin, şəhid ailələrinin üzvlərinin və yerli ictimaiyyətin nümayəndələrinin də qatıldığı ziyarət zamanı qəbiristanlıqdakı bütün şəhidlərimizin məzarları üzərinə gül dəstələri düzülüb, xatirələri hörmət və ehtiramla anılıb, ruhlarına dualar edilib. İcra başçısı Taleh Qaraşov şəhidimizin ailə üzvləri ilə söhbət edib, onların qayğı və ehtiyacları ilə maraqlanıb. İcra başçısı bildirib ki, dövlətimizin başçısının “Şəhidlər bizim qəlbimizdə əbədi yaşayır, yaşayacaq” fikri bütün xalqın milli dəyərimiz olan və ən uca zirvədə özünə məqam quran Vətən övladlarına göstərdiyi münasibətinin inikasıdır.
Şəhid ailələri də onlara göstərilən diqqətə, qayğıya və istənilən problemlərinin həlli üçün icra başçısı ilə birbaşa, maneəsiz əlaqə yarada bildiklərinə görə Taleh Qaraşova minnətdarlıqlarını bildiriblər.
Şəhidimiz K.Axundzadə döyüşlərdə göstərdiyi qəhrəmanlıqlara görə, cənab Prezident İlham Əliyev tərəfindən ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Qeyd edək ki, şəhid E.Talıbov Ali Baş Komandanın müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” ,“Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Allah rəhmət eləsin!