Taleh Qaraşov şəhidlərimiz Kamran Vəlizadə və Murad Hüseynzadənin məzarını ziyarət edib
Noyabrın 11-də Vətən müharibəsi şəhidlərimiz Vəlizadə Kamran Əkpər oğlu və Hüseynzadə Murad Mahmud oğlunun anım mərasimləri keçirilib. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun, icra aparatının məsul şəxslərinin, şəhid valideynlərinin və yerli ictimaiyyətin nümayəndələrinin iştirakı ilə Balıqçılar qəsəbə və Şağlaser kənd qəbiristanlıqlarındakı bütün şəhidlərimizin məzarları ziyarət edilib, qəbirləri üzərinə gül dəstələri düzülüb, ruhlarına dualar oxunub.İcra başçısı şəhid ailələrinin üzvləri ilə söhbət edib, onların qayğı və ehtiyaclarını dinləyib. Taleh Qaraşov bildirib ki, yerli insanların şəhidlərimizə göstərdiyi diqqət və ehtiram bir çox xalqlar üçün nümunə təşkil edir. Onun sözlərinə görə, milli birliyimizin rəmzinə çevrilən şəhidlərimizin anım günlərində də xalqımız Vətən müharibəsində olduğu kimi eyni duyğu və istəklə iştirak edir. Taleh Qaraşov qeyd edib ki, şəhidlərimizin xatirəsinin əziz tutulması və hər zaman anılması mənəvi borcumuzdur. . İcra başçısı bildirib ki, dövlətimizin başçısının “Şəhidlər bizim qəlbimizdə əbədi yaşayır, yaşayacaq” fikri bütün xalqın milli dəyərimiz olan və ən uca zirvədə özünə məqam quran Vətən övladlarına göstərdiyi münasibətin inikasıdır.
Şəhid valideynləri də onlara göstərilən diqqətə görə icra başçısına minnətdarlıqlarını ifadə ediblər. Bildirilib ki, ən ali səviyyədə şəhidlərimizə və onların ailə üzvlərinə həssas və diqqətli yanaşma göstərilir. Dövlət tərəfindən verilən dəyəri yüksək qiymətləndirən şəhid valideynləri cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.
Şəhidimiz Kamran Vəlizadə ölümündən sonra dövlətimizin başçısının müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medallarına laiq görülüblər.
Qeyd edək ki, şəhidimiz Murad Hüseynzadə döyüşlərdə göstərdiyi şücaətə görə Ali Baş Komandan tərəfindən “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.