Taleh Qaraşov şəhidlərimiz Hüseyn Bəşirzadə və Xəyal Əhədzadənin məzarını ziyarət edib
Birlik rəmzimiz olan şəhidlərimiz Lənkəran rayonunda daim ehtiramla anılır. Onların anım günlərinin, xatirə gecələrinin, il dönümlərinin və adlarının əbədiləşdirilməsi Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun diqqət mərkəzindədir. İstənilən hava şəraitinə baxmayaraq ən ucqar dağ kəndlərində belə şəhidlərin məzarlarını ziyarət edən Taleh Qaraşov oktyabrın 23-də Qumbaşı kəndində şəhidimiz Bəşirzadə Hüseyn Xanhüseyn oğlunun məzarını ziyarət edib. Eyni gündə icra başçısı sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında ermənilərin Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törətdiyi genişmiqyaslı təxribatın qarşısı alınarkən şəhid olan Lənkəran rayonunun Nərimanabad qəsəbəsinin sakini Əhədzadə Xəyal Əlövsət oğlunun 40 mərasimində iştirak edib, ailə üzvlərinə baş sağlığı verib və səhidimizin məzarını ziyarət edib. İcra aparatının məsul şəxslərinin, hüquq mühafizə orqanlarının rəhbərlərinin, şəhidlərin ailə üzvlərinin və yerli ictimaiyyətin iştirakı ilə baş tutan qəbir ziyarətləri zamanı şəhidlərimizin məzarları önünə gül dəstələri düzülüb və ruhlarına dualar edilib. Taleh Qaraşov şəhid ailələrinin üzvləri ilə səmimi söhbət edib, qayğı və istəklərini dinləyib. İcra başçısı bildirib ki, hər zaman onların yanındadır, istənilən məsələ ilə bağlı tərəddüdsüz onunla birbaşa və maneəsiz əlaqə yaratmaq imkanları var. Şəhid ailələrinin üzvləri də icra başçısına xüsusi diqqət və qayğıya, dərdlərinə hər zaman şərik olduğuna və qaldırdıqları istənilən məsələnin müsbət həlli üçün var gücü ilə çalışdığına görə minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, dövlətimizin başçısının müvafiq sərəncamları ilə H.Bəşirzadə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.
Gizir X.Əhədzadə isə Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlara görə sağlığında Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən “Azərbaycan Bayrağı” ordeni, “Vətən müharibəsi iştirakçısı”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Allah rəhmət eləsin!