Taleh Qaraşov şəhidimiz Mehdi Qənbərlinin anım günündə məzarını ziyarət edib
Noyabrın 3-də Vətən müharibəsi şəhidi Lənkəran rayonunun Osakücə kəndinin sakini Qənbərli Mehdi Sübhi oğlu anım günündə əbədiyyətə qovuşduğu qəbiristanlıqda ziyarət olunub. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, icra aparatının məsul şəxsləri, şəhid ailələrinin üzvlərinin və yerli ictimaiyyətin nümayəndələrinin də qatıldığı ziyarət zamanı qəbiristanlıqdakı bütün şəhidlərimizin məzarları üzərinə gül dəstələri düzülüb, xatirələri hörmət və ehtiramla anılıb, ruhlarına dualar edilib. İcra başçısı Taleh Qaraşov şəhidimizin ailə üzvləri ilə söhbət edib, onların qayğı və ehtiyacları ilə maraqlanıb. Icra başçısı bildirib ki, şəhid ailələrinə hörmət və ehtiram göstərmək hər birimizin mənəvi borcudur: “Cəmiyyətin bütün fərdləri qələbəmizə görə şəhidlərimizə borclu olduğumuzu unutmamalıdır və onların valideynlərinə minnətdarlıq hissimizi hər zaman ifadə etməliyik”. Taleh Qaraşov Zəfər Gününün yaxınlaşdığını, bu gündə dostlarımızın sevindiyini, düşmanlarımızın isə üzüldüyünü qeyd edib. İcra başçısı şəhidlərin məzarlarının ziyarət olunmasının önəmindən də danışıb. Bildirilib ki, insanın mənəvi rahatlığı üçün şəhid məzarlarını ziyarət etməsi vacibdir, çünki onlar müqəddəs amal uğrunda, ali məqsədə görə canlarını fəda ediblər. İcra başçısının sözlərinə görə, gənc nəslin vətənpərvər ruhda böyüməsi, tarixi həqiqətləri canlı müşahidə və dərk etmələri üçün şəhid məzarlarının ziyarəti böyük önəm kəsb edir.
Şəhid valideynləri onlara göstərilən doğmalıqdan razı qaldıqlarını, bir ailə olduqlarını ifadə ediblər. Bildirilib ki, Taleh Qaraşovun bütün şəhid ailələrinin üzvlərini öz doğma ailəsi kimi qəbul etməsi təqdirəlayiqdir, bu onlara ağrı və acılarını az da olsa unutdurur, özlərini yalnız hiss etməməyə yardım edir.
Qeyd edək ki, Ali Baş Komandanın sərəncamları ilə şəhidimiz M.Qənbərli ölümündən sonra "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunub.
Allah rəhmət eləsin!