Taleh Qaraşov şəhidimiz Araz İbadlının məzarını ziyarət edib
Noyabrın 14-də Vətən müharibəsi şəhidimiz İbadlı Araz Babəli oğlunun anım günü keçirilib. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, icra aparatının rəsmi şəxslərinin, şəhidlərimizin ailə üzvləri və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə Ürgə kənd qəbiristanlığındakı bütün şəhidlərimizin məzarları ziyarət olunub, üzərlərinə tər güllər düzülüb, ruhlarına dualar oxunub, onlara olan hörmət və ehtiram ifadə edilib. İcra başçısı şəhidimizin ailə üzvləri ilə yaxından söhbət edib, onların qayğı və ehtiyacları ilə maraqlanıb. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov bildirib ki, Vətən üçün yaşanılan ömürlər unudulmur və hər zaman insanların qəlblərində, yaddaşlarında olur: “Qəhrəmanlarımızın unutdurulmaması, gələcək nəsillər arasında təbliğ olunması dövlətin diqqət mərkəzindədir. Bu istiqamətdə bütün addımlar məqsədyönlü şəkildə atılır və proses ali siyasi rəhbərliyin birbaşa nəzarətindədir”. Taleh Qaraşov qeyd edib ki, Zəfər salnaməmizin unudulmaz qəhrəmanlarına minnət duyğularımız dövlətimiz və xalqımız var olduqca davam edəcək. Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsində güclü xalq, güclü dövlət və məğrur Ali Baş Komandanın birgə mübarizəsi qələbəni şərtləndirən əsas amil olub.
Şəhid valideynləri də övladlarına göstərilən ehtiramdan razılıqlarını ifadə ediblər.
Qeyd olunub ki, şəhid adlarının əbədiləşdirilməsi, qəhrəmanlarımızın orden və medallarla təltif edilməsi, habelə onların ailə üzvlərinə xüsusi qayğı və diqqətin göstərilməsi məhz dövlətin ali siyasi rəhbərliyinin iradəsinin təzahürüdür. Bildirilib ki, şəhidlərimizin unutdurulmaması, onların təbliğ və tərənnüm olunması üçün cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rolu danılmazdır və buna görə onlara minnətdardırlar.
Şəhidimiz A.İbadlı ölümündən sonra cənab Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “İgidliyə görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Allah rəhmət eləsin!