Taleh Qaraşov şəhid baş leytenant Vüsal Kazımovun məzarını ziyarət edib
Noyabrın 29-da şəhid baş leytenant Kazımov Vüsal Kamran oğlu anım günündə məzarı başında ziyarət edilib. Şəhidimizin Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun, icra aparatının rəsmi şəxslərinin, şəhidlərimizin ailə üzvləri və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə Yuxarı Nüvədi kənd qəbiristanlığındakı məzarı ziyarət olunub, qəbri üzərinə tər güllər düzülüb, ruhuna dualar oxunub. İcra başçısı şəhidimizin ailə üzvləri ilə yaxından söhbət edib, onların qayğı və ehtiyacları ilə maraqlanıb. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov bildirib ki, Vətən üçün yaşanılan ömürlər unudulmur və hər zaman insanların qəlblərində, yaddaşlarında olur: “Qəhrəmanlarımızın unutdurulmaması, gələcək nəsillər arasında təbliğ olunması dövlətin diqqət mərkəzindədir. Bu istiqamətdə bütün addımlar məqsədyönlü şəkildə atılır və proses dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa nəzarətindədir”. Taleh Qaraşov qeyd edib ki, Zəfər salnaməmizin unudulmaz qəhrəmanlarına minnət duyğularımız dövlətimiz və xalqımız var olduqca davam edəcək. Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsində güclü xalq, güclü dövlət və məğrur Ali Baş Komandanın birgə mübarizəsi qələbəni şərtləndirən əsas amil olub. “Qələbəmizin əldə olunmasına görə şəhidlərimizə borcluyuq” deyən icra başçısı şəhidlərimizin valideynlərinin övladlarının vətənpərvər ruhda yetişməsindəki roluna görə onlara minnətdarlığını qeyd edib. Ali Baş Komandanın şəhid adlarının əbədiləşdirilməsi, Vətən müharibəsində göstərdikləri qəhrəmanlıqlarının qiymətləndirilməsi istiqamətində gördüyü işlər barədə danışan Taleh Qaraşov bildirib ki, dövlət başçısı sözügedən məsələyə olduqca həssas yanaşır: “Bu yaxınlarda yenidən bir qrup vətəndaşımız Vətən müharibəsində göstərdiyi şücaətə görə orden və medallarla təltif olundu. Onların arasında lənkəranlı gənclərin yüksək orden və medallarla mükafatlandırıldığını görmək bizi qürurlandırdı, duyğulandırdı. Şəhidimiz Vüsal Kazımovun da ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunması Ali Baş Komandanın şəhidlərimizə verdiyi yüksək dəyərin təzahürüdür. Biz Vüsal kimi qəhrəman övladlarımızla fəxr edirik”.
Şəhid atası Kamran Kazımov Lənkəran ŞİH-nin başçısına hər zaman şəhid ailələrinin diqqətdə saxladığı üçün minnətdarlığını bildirib. Şəhid atası övladının yüksək dərəcəli ordenlə təltif olunmasına, şəhid ailələrinə xüsusi ehtiram və diqqət göstərilməsinə görə Ali Baş Komandan cənab İlham Əliyevə xüsusi təşəkkürünü ifadə edib. K.Kazımov torpaqlarımızın azad olunmasında övladının payı olduğuna və onun başını hər zaman uca etdiyinə görə fəxr etdiyini vurğulayıb: “Şəhid yadigarları da bu torpaqlarda hər zaman vüqarlı, mətanətli, başı dik yaşayacaqlar. Onlar daim fəxr edəcəklər ki, qəhrəman ataları var. Əminəm ki, dövlətimiz və xalqımız var olduqca torpaqlarımız uğrundan canından keçən şəhidlərimiz əsla unudulmayacaq”.
Qeyd edək ki, baş leytenant V.Kazımov ölümündən sonra Ali Baş Komandanın sərəncamları ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “İgidliyə görə”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Allah rəhmət eləsin!