Taleh Qaraşov şəhid Ayxan Qurbanzadənin anım günündə və şəhid İbayev Elmarın atasının il dönümündə iştirak edib
Noyabrın 24-də Vətən müharibəsi şəhidi Qurbanzadə Ayxan Fariz oğlu anım günündə Şağlakücə kənd qəbiristanlığında məzarı başında ziyarət olunub. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, icra aparatının məsul şəxsləri, şəhid ailələrinin üzvlərinin və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə Şağlakücə kənd qəbiristanlıqlarındakı şəhidlərimizin məzarları ziyarət edilib, qəbirləri üzərinə tər güllər düzülüb, ruhlarına dualar olunub. Şəhidin ailə üzvləri ilə söhbət edən Taleh Qaraşov onların qayğı və istəkləri ilə maraqlanıb. “Ölümü gözə alıb Vətən üçün canından keçən övladlarımızın xatirəsini hər zaman əziz tutmaq bizim borcumuzdur” deyən icra başçısı bildirib ki, şəhidlərimiz qəlblərimizdə və yaddaşlarımızda əbədiyaşarlıq qazanıblar. Xalqın istəyini reallaşdıran, intizarına son qoyan, birlik və bərabərlik rəmzimizə çevrilən şəhidlərimiz Azərbaycan tarixində yeni səhifə açıblar, onların sayəsində xalqın milli qüruru bərpa edilib, dövlətimizin beynəlxalq arenadakı nüfuzu daha da möhkəmlənib. Taleh Qaraşov qeyd edib ki, müharibə dövründəki birlik bu gün də davam edir: “Şəhidlərimizin anım günlərində ictimaiyyətin iştirakı bird aha göstərir ki, xalqımız birlik və bərabərliyini qoruyub saxlamağı bacarır. Bütün dünya görür ki, xalqımız müharibə dövründə olduğu kimi yenə də dövlətinin yanındadır və “Dəmir Yumruq” da yerindədir”.
Şəhid valideyni Fariz Qurbanov göstərilən diqqət və qayğıdan məmnunluğunu ifadə edib. Bildirilib ki, şəhidlərin adlarının əbədiləşdirilməsi, xatirələrinə hörmətlə yanaşılması rayonumuzda ən yüksək səviyyədə həyata keçirilir. Şəhid atası bütün dövlət qurumlarında xüsusi diqqət və hörmətlə qarşılandıqlarını, istək və arzularının dərhal nəzarətə götürüldüyünü qeyd edib və onlara həssas münasibətin göstərilməsinə görə dövlətimizin başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür edib.
Şəhid A.Qurbanzadə Vətən müharibəsindəki şücaətinə görə ölümündən sonra Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Şuşanın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Qeyd edək ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov eyni gündə şəhid İbayev Elmarın atası Hikmət İbayevin il dönümü mərasimində də iştirak edib. İcra başçısı şəhid atasının ölümü ilə bağlı başsağlığı verib, dərdlərinə şərik olduğunu ifadə edib.
Allah rəhmət eləsin!