Taleh Qaraşov Rəşt şəhərində keçirilən "Xəzər - dostluq və regional inkişaf körpüsü" Beynəlxalq Forumunda iştirak edib
İran İslam Respublikasının Gilan vilayətinin Rəşt şəhərində Xəzəryanı ölkələrin sahilyanı regionları arasında qarşılıqlı əməkdaşlığın genişləndirilməsinə həsr olunmuş görüş keçirilib. Tədbirdə Azərbaycan, İran, Qazaxıstan, Türkmənistan və Rusiyanın rəsmi nümayəndə heyətləri iştirak edib.
Görüşdə sahilyanı regionlar arasında ticarət, sənaye, nəqliyyat-logistika, kənd təsərrüfatı, investisiya və ekoloji sahələrdə əməkdaşlığın gücləndirilməsi məsələləri plenar iclaslarda müzakirə olunub. Tədbirdə İran İslam Respublikasının xarici işlər və mədəniyyət nazirləri, eləcə də ölkənin digər dövlət qurumlarının rəsmiləri iştirak ediblər.
Azərbaycan nümayəndə heyətinin tərkibində sahilyanı regionları təmsil edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov iştirak ediblər.
Görüş çərçivəsində Xəzəryanı regionlar arasında qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsi, nəqliyyat şəbəkələrinin genişləndirilməsi, sərmayə layihələrinin təşviqi və sahilyanı ekosistemin qorunması üzrə bir sıra praktiki təkliflər müzakirə edilib.
İclasın sonunda, Xəzəryanı ölkələrin sahilyanı regionlarının rəhbərlərinin görüşünün Kommünikesi qəbul olunub.





