Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Taleh Qaraşov Ramid Əliyev və Elməddin Məmmədlinin anım günündə məzarlarını ziyarət edib

26 oktyabr 2022 | 12:44

     Oktyabrın 26-da Vətən müharibəsi şəhidləri Əliyev Ramid Kamal oğlu və Məmmədli Elməddin Ələddin oğlunun anım mərasimləri keçirilib. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, icra aparatının məsul şəxsləri, şəhid ailələrinin üzvlərinin və  ictimaiyyətin nümayəndələrinin iştirakı ilə şəhidlərimizin İstisu qəsəbə və Göyşaban kənd qəbiristanlıqlarındakı məzarları ziyarət olunub, qəbirləri üzərinə güllər düzülüb, ruhlarına dualar edilib. Şəhid ailələrinin üzvləri ilə söhbət edən Taleh Qaraşov onların qayğı və istəkləri ilə maraqlanıb. “Ölümü gözə alıb Vətən üçün canından keçən övladlarımızın xatirəsini hər zaman əziz tutmaq bizim borcumuzdur” deyən icra başçısı bildirib ki, şəhidlərimiz qəlblərimizdə və yaddaşlarımızda əbədiyaşarlıq qazanıblar. Onun sözlərinə görə, birlik və bərabərlik rəmzimiz olan şəhidlərimiz Azərbaycan tarixində yeni səhifə açıblar, onların sayəsində xalqın milli qüruru bərpa edilib, dövlətimizin beynəlxalq arenadakı nüfuzu daha da möhkəmlənib. Taleh Qaraşov qeyd edib ki, Azərbaycanın dünyada artan nüfuzu, regionda iştirakımız olmadan heç bir məsələnin həll olunmaması məhz Vətən müharibəsində qazandığımız Zəfərdən sonra formalaşan siyasi proseslərin təzahürüdür: “Ermənistanın sülh müqaviləsini imzalamaqdan yayınmaq cəhdlərinin səmərəsizliyini artıq hər kəs anlayır və ermənilər “Dəmir Yumruğun” yerində olduğunu bilirlər. Ona görə də dövlətimizin başçısının siyasi iradəsi, xalq-hakimiyyət birliyinin davamlılığı, habelə rəşadətli ordumuzun gücünün yerində olması Ermənistanı sülh müqaviləsini imzalamağa  məcbur edəcək”.

   Şəhid valideynləri övladlarının xatirəsinin əziz tutulmasından razılıqlarını bildiriblər və buna görə Taleh Qaraşova minnətdarlıqlarını ifadə ediblər. Övladlarının vətənpərvərliyindən danışan şəhid ataları onları heç bir qüvvənin döyüşə qatılmaqdan yayındıra bilmədiyini söyləyiblər. Bildirilb ki, Vətən eşqini hər şeydən uca tutan şəhidlərimiz artıq bütün Azərbaycan xalqının qəlbində özlərinə yer ediblər, bununla ancaq fəxr etmək olar.

     Şəhid Əliyev Ramid Kamal oğlu ölümündən sonra Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medallarına laiq görülüb.

       Qeyd edək ki, şəhid Məmmədli Elməddin Ələddin oğlu ölümündən sonra dövlətimizin başçısı tərəfindən Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə”  medalları ilə təltif edilib. 

        Allah rəhmət eləsin!

Keçidlər