Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Taleh Qaraşov növbəti səyyar qəbulunu Rvo inzibati ərazi dairəsində keçirib

20 oktyabr 2022 | 11:12

   Etimad və inamın davamlı olması üçün qarşılıqlı münasibətlərdə birbaşa, vasitəsiz və maneəsiz dialoqun varlığı ən vacib məsələdir. Tərəflər qarşılıqlı maraqların sərhəddini, ehtiyac meyarını və gələcəkdə meydana çıxa biləcək istənilən məsələnin həlli üçün ortaq mövqe nümayiş etdirmək zərurətini yalnız dialoq vasitəsi ilə müəyyən edə bilərlər. Dialoqun baş verməsi üçün qarşılıqlı istək və uyğun şəraitin olması olduqca önəmlidir. Canlı mexanizim kimi dövlət də hər zaman vətəndaşı ilə qarşılıqlı dialoq qurmaq marağındadır. Dövlətimizin başçısının ali siyasi iradəsi də sosial dövlət quruculuğu və insan amilinin ön planda olması istiqamətindədır. Oktyabrın 19-da   Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun Rvo kənd inzibati ərazi dairəsinin vətəndaşları ilə keçirdiyi qəbul-görüş də insanların gündəlik qayğı və problemlərinin öyrənilməsi, onları narahat edən məsələlərin yerində araşdırılması, habelə obyektiv qaldırılan məsələlərin ədalətli həllinə nail olunması məqsədini daşıyıb. Səyyar qəbulda icra başçısı ilə birgə icra hakimiyyəti aparatının məsul şəxsləri, hüquq mühafizə orqanlarının rəhbərləri, eyni zamanda, yerli idarə və müəssisələrin nümayəndələri iştirak ediblər. Şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad olunmasından sonra çıxış edən Taleh Qaraşov yerlərdə vətəndaşlarla birbaşa dialoqun qurulmasının önəmindən danışaraq bildirib ki, məqsəd insanların ümumi və şəxsi problemlərinin dinlənilməsi, onların həlli istiqamətində operativ və nəticəyə yönəlik addımların atılmasını təmin etməkdir. İnsan amilinin sosial dövlətin ana sütununu təşkil etdiyini vurğulayan icra başçısı qeyd edib ki, cənab Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq vətəndaşların bütün müraciətlərinə həssaslıqla yanaşılır, dərindən təhlil edilir, qaldırılan məsələlər ümumiləşdirilir, həlli üçün uyğun mexanizmlər və təkliflər irəli sürülür. Taleh Qaraşov əhalinin həssas təbəqələrinə qarşı dövlətin hər zaman diqqət göstərdiyini, xüsusilə şəhid ailələri, qazilər və Vətən müharibəsi iştirakçılarının qayğı və problemlərini diqqətdə saxladığını bildirib. Ənənəvi olaraq səyyar qəbul-görüşlərdə sözügedən kateqoriyadan olan vətəndaşları birbaşa dinləyən T.Qaraşov onların qaldırdıqları və icra hakimiyyətinin səlahiyyətlərinə aid olan məsələlərin yerindəcə həlli istiqamətində göstərişlərini verib. Bundan başqa, icra hakimiyyətinin səlahiyyətlərinə aid olmayan məsələlərin həlli üçün aidiyyəti qurumlara rəsmi müraciətlərin edilməsi və nəticəsi barədə vətəndaşlara məlumat verilməsi tapşırılıb.

    Kənd əhalisi hər kəsə fikir və istəklərini sərbəst şəkildə söyləyə bildikləri üçün yaradılan şəraitə görə məmnuniyyətlərini və təşəkkürlərini ifadə ediblər. Rvo kəndinin sakinləri çıxışlarında dövlətimizin başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın sosial sahəyə xüsusi qayğısı nəticəsində ölkəmizdə sosial inkişaf istiqamətində mühüm nailiyyətlərin əldə olunduğunu bildiriblər və buna görə onlara minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər