Taleh Qaraşov növbəti səyyar qəbulu Boladi sakinləri ilə keçirib
Aprelin 5-də Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov təqvim planına uyğun olaraq növbəti səyyar qəbul-görüşünu Boladi kəndinin sakinləri ilə keçirib. İcra hakimiyyəti aparatının məsul şəxslərinin, rayonun hüquq mühafizə orqanlarının rəhbərlərinin, eyni zamanda, yerli idarə və müəssisələrin nümayəndələrinin qəbul-görüşdə iştirakı qaldırılan məsələlərin həllinə daha çevik yanaşmanı təmin edib. Taleh Qaraşov çıxış edərək bildirib ki, bu səpkili görüşlərin yerlərdə keçirilməsində məqsəd vətəndaşları birbaşa dinləmək, onları narahat edən problemlərin həllinə köməklik göstərmək və yerlərdə qaldırılan məsələlər barədə aidiyyəti qurumlara müraciətlər ünvanlamaqdır. İcra başçısı səyyar qəbulda vətəndaşlar tərəfindən qaldırılan bütün məsələləri həssaslıqla dinləyib, yerli insanların qayğı və problemləri ilə maraqlanıb, onları narahat edən və icra hakimiyyətinin səlahiyyətlərinə aid bütün məsələlərin həlli ilə bağlı yerindəcə göstərişlərini verib, icra hakimiyyətinin səlahiyyətlərinə aid olmayan məsələlər barədə aidiyyəti qurumlara rəsmi müraciət ünvanlanmasını və nəticəsinə dair vətəndaşların məlumatlandırılmasını səlahiyyətli şəxslərə tapşırıb.
Qarşılıqlı dialoq formatında keçən qəbul-görüşdən Boladi kəndinin sakinləri məmnuniyyətlərini ifadə ediblər. Kənd sakinləri vətəndaşla dövlət məmuru arasındakı birbaşa dialoq mühitinin formalaşmasına, onların qayğı və problemlərinin həllinə yönəlik çevik addımların atılmasına, qaldırdıqları istənilən məsələyə operativ və obyektiv yanaşmanın ortaya qoyulmasına, habelə sosial-iqtisadi vəziyyətlərinin günü-gündən yaxşılaşmasına dövlətimizin başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya səmimi təşəkkürlərini vurğulayıblar.