Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü Viravul kəndinin sakinləri ilə keçirib
Noyabrın 22-də Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov təqvim planına uyğun olaraq Viravul kənd inzibati ərazi dairəsinin sakinləri ilə növbəti qəbul-görüşünü keçirib. İcra başçısı ilə birgə səyyar qəbul-görüşdə icra hakimiyyəti aparatının məsul şəxsləri, hüquq mühafizə orqanlarının rəhbərləri, yerli idarə və müəssisələrin nümayəndələri iştirak edib.
Taleh Qaraşov ötən səyyar qəbul-görüşdə qaldırılan məsələlərin icra vəziyyəti barədə yerli sakinlərə məlumat verib. Bildirilib ki, şəhər İcra hakimiyyətinin səlahiyyətlərinə aid olan və ədalətli və obyektiv qaldırılan bütün məsələlər həll edilib, digər məsələlər barədə aidiyyəti qurumlara rəsmi müraciətlər ünvanlanıb, vətəndaşlara bununla bağlı müvafiq məlumatlar verilib. İcra başçısı qeyd edib ki, vətəndaşların müraciət hüququnun sərbəst və könüllü həyata keçirilməsinə şəraitin yaradılması, müraciətlərə baxılmasında ayrı-seçkiliyə və süründürməçiliyə yol verilməməsi, fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə vətəndaşların müraciət etmək hüququ ilə dövlət maraqlarının uzlaşdırılması bu gün dövlət məmurları qarşısında qoyulan əsas tələb və prinsiplərdir.
T.Qaraşov cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi diqqəti nəticəsində sosial-iqtisadi sahədə müvafiq addımların atıldığını qeyd edib. Bildirilib ki, Vətən müharibəsindən sonra Qarabağda keçirilən nəhəng quruculuq işlərinə baxmayaraq, regionların da inkişafı, sosial infrastrukurun möhkəmləndirilməsi və yenilənməsi istiqamətində mütəmadi addımlar atılır.
Sərbəst, maneəsiz fikir və istəklərini, habelə şəxsi problemlərini dilə gətirən Viravul inzibati ərazi dairəsinin sakinləri qaldırdıqları məsələlərin həlli istiqamətində nəticəyə yönəlik tapşırıq və göstərişlərin verilməsindən məmnunluqlarını ifadə ediblər.
Məmur-vətəndaş münasibətlərindəki qarşılıqlı etimad mühitinin günü-gündən möhkəmlənib inkişaf etdiyini vurğulayan yerli sakinlər Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.