Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü ucqar dağ kəndi olan Biləsərdə keçirib
Vətəndaşların sosial-iqtisadi vəziyyətlərinin öyrənilməsi, fikir və təkliflərinin dinlənilməsi, müraciətlərinə baxılması üçün məmur və vətəndaş arasındakı birbaşa dialoq mühitinin inkişaf etdirilməsi demoktarik dəyərlərin, habelə vətəndaş cəmiyyətinin tərəqqisi baxımından mühüm əhəmiyyət kəsb edir. Dövlət başçısının bu yöndəki xüsusi tövsiyə və tapşırıqları insanların yerlərdəki qayğı və problemlərinin dinlənilməsinə, həlli istiqamətində qanunamüvafiq addımların atılmasına hesablanıb. Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşovun avqustun 3-də ucqar dağ kəndlərindən olan Biləsərdə keçirdiyi növbəti səyyar qəbul-görüşü də sözügedən məqsədə xidmət edib. Açıq havada baş tutan səyyar qəbul-görüşdə icra hakimiyyəti aparatının məsul şəxsləri, hüquq mühafizə orqanlarının rəhbərləri, yerli idarə və müəssisələrin nümayəndələri iştirak ediblər. Səyyar qəbulda icra başçısı yerli insanları diqqət və qayğı ilə dinləyib. Birbaşa və açıq dialoq mühitində baş tutan görüşdə T.Qaraşov bildirib ki, məmurların ərazilərə gəlməsi, insanları dinləməsi və onların qaldırdıqları məsələlərin həllinə nail olunması bu gün xüsusi diqqət mərkəzindədir. Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı nəticəsində həssas təbəqədən olan insanların problemlərinin diqqət mərkəzində saxlanıldığını vurğulayan icra başçısı bu istiqamətdə bütün zəruri addımların atıldığını qeyd edib. Vətəndaşlar tərəfindən obyektiv şəkildə qaldırılan və icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində olan bütün məsələlərin yerindəcə həllindən ötrü müvafiq göstərişlər verilib, yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid olmayan məsələlərin həlli ilə bağlı aidiyyəti qurumlara rəsmi müraciətlər ünvanlanıb.
Yerli insanlar vətəndaşla dövlət məmurları arasındakı birbaşa dialoq mühitinin inkişafına, onların qayğı və problemlərinin həllinə yönəlik çevik addımların atılmasına, qaldırdıqları istənilən məsələyə operativ və obyektiv yanaşmanın ortaya qoyulmasına görə dövlətimizin başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya səmimi təşəkkürlərini ifadə ediblər.