Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü Mamusta və Daşdalıqcar kəndlərinin sakinləri ilə keçirib
Fevralın 22-də Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü Mamusta və Daşdalıqcar kəndlərinin sakinləri ilə keçirib. Dövlət başçısının göstərişinə uyğun olaraq yerlərdə keçirilən səyyar qəbul-görüşlər insanların gündəlik qayğı və problemlərinin öyrənilməsinə, onları narahat edən məsələlərin yerində araşdırılmasına, habelə obyektiv qaldırılan məsələlərin ədalətli həllinə nail olmaq məqsədini daşıyır. İcra başçısı ilə birgə səyyar qəbul-görüşdə icra hakimiyyəti aparatının məsul şəxslərinin, hüquq mühafizə orqanlarının rəhbərlərinin, yerli idarə və müəssisələrin nümayəndələrinin iştirakı qaldırılan məsələlərin yerində həllinə imkan yaradır.
Vətəndaşların maneəsiz, könüllü şəkildə fikir və istəklərinin rayon rəhbərliyinə çatdırılmasına tam şəraitin yaradıldığı qəbul-görüşdə T.Qaraşov icra hakimiyyətinin səlahiyyətlərinə aid olan obyektiv qaldırılan bütün məsələlərin yerindəcə həllinə göstərişlərini verib, həlli icra hakimiyyətinin səlahiyyətləri daxilində olmayan məsələlərlə bağlı aidiyyəti qurumlara müraciət olunması və vətəndaşlara nəticəsi barədə məlumat verilməsini səlahiyyətli şəxslərə tapşırıb. İcra başçısı qeyd edib ki, cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xidmətlərinin nəticəsi olaraq vaxtılə kənd əhalisini narahat edən yol problemi həllini tapıb, insanların şəhər mərkəzi, eləcə də kənd daxilində rahat hərəkəti təmin edilib. Taleh Qaraşov səyyar görüşlərdə qaldırılan bütün məsələlərin həlli istiqamətində görülən işlər barədə ona məruzə olunduğunu, hər bir məsələnin icrasına həssaslıqla yanaşıldığını və nəticəsi barədə vətəndaşlara qanunamüvafiq müddətlərdə məlumat verildiyini vurğulayıb.
Yerli sakinlər fikir və istəklərini rahat və açıq şəkildə ifadə edə bildikləri üçün razılıqlarını bildiriblər. Cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi diqqət və qayğısı nəticəsində sosial-iqtisadi vəziyyətlərinin günü-gündən yaxşılaşdığına görə onlara səmimi təşəkkür və minnətdarlıqlarını ifadə ediblər.