Taleh Qaraşov növbəti səyyar qəbul görüşünü İstisu qəsəbəsinin sakinləri ilə keçirib
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov təqvim planına uyğun olaraq növbəti səyyar qəbul-görüşünü İstisu qəsəbəsində keçirib. İcra başçısı ilə birgə səyyar görüşdə icra aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, yerli idarə və təşkilatların nümayəndələri iştirak ediblər. Taleh Qaraşov bildirib ki, insanlarla birbaşa dialoqun qurulması, qarşılıqlı etimadın gücləndirilməsi və onları narahat edən məsələlərin həllinə köməklik göstərilməsi prioritet məsələlərdəndir. İcra başçısı qeyd edib ki, səyyar qəbul-görüşlərdə qaldırılan bütün məsələlər şəxsən onun nəzarətindədir.Yerli insanların suallarını və müraciətlərini səbr, təmkin və məmnuniyyətlə dinləyib cavablandıran T.Qaraşov qaldırılan obyektiv məsələlərin ədalətli həllinə nail olunması üçün icra hakimiyyətinin bütün məsul şəxslərinin vətəndaşın yanında olduğunu vurğulayıb. İnsan amilinin sosial dövlətin ana sütununu təşkil etdiyini qeyd edən icra başçısı bildirib ki, cənab Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq vətəndaşların bütün müraciətlərinə həssaslıqla yanaşılır, dərindən təhlil edilir, qaldırılan məsələlər ümumiləşdirilir, həlli üçün uyğun mexanizmlər və təklif irəli sürülür.
Yerli sakinlər də səmimi və açıq qəbula görə icra başçısına təşəkkür ediblər. Problem və qayğılarının həllinə ən qısa zamanda nail olacaqlarına inamlarını ifadə edən İstisu qəsəbəsinin sakinləri dövlətimizin başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciətlərinə obyektiv və operativ baxıldığına, sosial infrastruktur layihələrinin uğurla həyata keçirildiyinə görə dərin və səmimi minnətdarlıqlarını vurğulayıblar.